Aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiyyəti orqanlar məlumatlandırılmış və sərhəd axtarışına başlanılmışdır.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaqmalın Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranmışdır.
Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə birgə həmin şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.