Cəlil Xəlilov: Onlar Vətən müharibəsində qəhrəmanlıqları ilə tarix yazıblar
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 23 il ötür.
Bununla bağlı “İki sahil”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Xüsusi Təyinatlı Qüvvələrin Azərbaycan Odusunda özünəməxsus yeri və rolu olduğunu vurğulayıb:
“Mən öncə bu əlamətdar gün münasibəti ilə bütün xüsusi təyinatlıları təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram.
Heç kimə sirr deyil ki, Azərbaycan Ordusunda Xüsusi Təyimatlı Qüvvələr özünməxsus çəkiyə və əhəmiyyətə malikdir. Hələ 2016-cı ilin aprel döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələr yüksək döyüş hazırlığına malik olduqlarını sübut etdilər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız çoxlu sayda düşmən hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Onlar düşmənə sadəcə hərbi müstəvidə deyil, psixoloji baxımdan da böyük zərbə vurdu. Aprel döyüşləri həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu bütün dünyaya göstərdi.
44 günlük Vətən müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr sözün həqiqi məansında tarix yazdı. Bir tək Şuşa şəhərinin azad edilməsində xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq onların əldə edilən qələbəyə hansı miqyasda töhfə verdiyini göstərmək baxımından kifayətdir.
Xüsusi Təyinatlı Qüvvələr düşmənin canına elə qorxu salmışdı ki, bir sıra döyüşlərdə işğalçı erməni əsgərləri sona qədər müqavimət göstərmədən silahlarını atıb qaçırdı. Onlar bəzi hallarda öz yaralılarını, meyidlərini belə götürmədən döyüş yerindən uzaqlaşır, öz canlarını xilas etməyə çalışırdılar. Bütün bu faktlar Xüsusi Təyinatlı Qüvvələrin Vəətn müharibəsində necə böyük fədakarlıq sərgilədiyini göstərir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xüsusi təyinatlıların sayının artırıldığını, bu prosesin gələcəkdə də davam edəcəyini bildirib. Bu faktın özü Ali Baş Komandanımn xüsusi təyinatlı hərbçilərimizə, onların igidliyinə necə böyük önəm verdiyini göstərir.
Mən bir daha Xüsusi Təyinatlı Qüvvələrin hər bir əsgərini və zabitini bu əlamətdar gün münasibəti ilə təbrik edir və deyirəm : “Azərbaycan xalqı sizinlə fəxr edir!”