12 mart 2022 14:00
1081

AzTV-də “Muğam” müsabiqəsi başlayıb

Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verib.

“İki sahil” xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.

Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar. Sənəd qəbulu fevralın 28-dən başlayıb və martın 28-nə kimi davam edəcək. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar. Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.

Seçim turu keçiriləcək bölgələr: Naxçıvan MR, Bərdə, Gəncə, Sabirabad, Xaçmaz, İsmayıllı, Şəki, Lənkəran.

Müsabiqəyə may ayının 10-da start veriləcək və həftədə 2 dəfə - çərşənbə axşamı ilə cümə axşamı günlərində AzTV-də canlı yayımlanacaq. Müsabiqənin keçiriləcəyi əsas məkan Beynəlxalq Muğam Mərkəzidir. Sonrakı mərhələlərdə təlabatdan asılı olaraq bölgələrdə də keçirilə bilər.