Martın 10-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Milli teatr günü ilə əlaqədar olaraq dünyaca məşhur "Ağca və yeddi Cırtdan" tamaşasının premyerası keçirilib.
Repertuarda daim yeniliklər etməyə, onun rəngarəngliyini və mövzu müxtəlifliyini qorumağa çalışan yaradıcı heyət bu dəfə Qrimm qardaşlarının müxtəlif teatr səhnələrində özünün fərqli formalarda quruluş həllini tapan əsərinə müraciət ediblər.
Klassik kukla teatrı estetikasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir.
Birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları - Aygül Ağayeva, Cavid Telman, Səriyyə Mansurova, Elmira Hüseynova, Samirə Nəcəfova, Araz Həsənli və başqaları ifa ediblər.
Premyeradan sonra Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə teatrşünaslar, ədəbi tənqidçilər, yazıçı və dramaturqlarla görüş keçirərək tetrın gələcək fəaliyyəti barədə müzakirələr aparıb. Müzakirələr zamanı Kukla Teatrının fəaliyyətinin daha da yaxşılaşdırılması, yeni ssenarilərin cəlb edilməsi kimi mövzulara toxunulub. Teatrın direktoru Rəşad Əhmədzadə sonda bildirib ki, yeni ssenariləri teatra cəlb etmək üçün yazarlar arasında müsabiqə elan olunub. Qalib yazıçının əsəri Kukla Teatrında səhnələşdiriləcək.
Nilufər Qaçayeva, "İki sahil"