24 fevral 2022 03:14
915

Güzəştli ipoteka kreditləri: Nə dərəcədə əlçatandır?

Xəbər verildiyi kimi, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanı ilə güzəştli ipoteka kreditindən yararlana biləcək şəxslərin siyahısı genişləndirilib. Yeni əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən  və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Həmçinin ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilərlər.

Buna qədər güzəştli ipoteka kreditindən şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər və idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olan şəxslər yararlana bilirdilər.

Bəs güzəştli ipoteka kreditləri nə dərəcədə əlçatandır?  O, adi ipoteka  kreditlərindən nə ilə fərqlənir və üstün cəhətləri hansılardır?

Əvvəlcə ondan başlayaq ki, adi ipoteka kreditlərinin maksimal illik faiz dərəcəsi 8 faiz olduğu halda güzəştli ipoteka kreditlərində bu, 4 faizdir. Zəmanət verilmiş kreditlərdə isə adi ipoteka krediti maksimum 7 faiz, güzəştli ipotekada isə 3,7 faizdir. Adi ipoteka kreditinin maksimum müddəti 25 il, güzəştli ipotekanın isə 30 ildir. Eyni zamanda, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır. Yəni adi ipteka krediti ilə ev almaq istəyən şəxs onun qiymətinin ən azı 15 faizini öz vəsaiti hesabına ödəməlidirsə, güzəştli ipotekada isə bu, 10 faizdir. 

Bununla belə, kredit məbləğlərində vəziyyət fərqlidir. Belə ki, adi ipoteka kreditləri üçün maksimum məbləğ 150 min manat olduğu halda güzəştli ipoteka kreditlərində bu 100 min manatdır. Bu da o deməkdir ki, güzəştli ipoteka krediti ilə qiyməti maksimum 111 min manat dəyərində olan,  adi ipoteka  krediti ilə isə qiyməti 176 min manata qədər olan  yaşayş sahəsi almaq olar.    

Hər iki halda ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın və yaxud borcalanların aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Lakin bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir. Həmçinin borcalanın  və ya borcalanların, onların ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz.

Bundan başqa, ipoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır. İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz. Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər. Ümumilikdə, güzəştli ipoteka krediti almaq üçün 21 tələb qoyulub.

İpoteka krediti almaq üçün bir sıra xərclər də mövcuddur. Buraya ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair Alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi, sığorta və ipoteka predmetinin qiymətləndirilməsi kimi xərclər aiddir.

Kredit əldə etmək üçün qoyulan tələblərin siyahısının geniş olmasına baxmayaraq İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2006-cı ildən bəri verilmiş ipoteka kreditlərinin məbləği 2 milyard manatı ötüb. Fondun son məlumatına görə, indiyədək kreditlərin təxminən 34 faizi güzəştli kateqoriyalara aid şəxslərə verilib.

Ceyhun Piriyev, “İki sahil”