27 yanvar 2022 12:56
1420

"Müharibə veteranı” adı nə vaxt veriləcək? "Siyahılar hazırlanır"

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi ilə bağlı müvafiq Sərəncam imzalanıb. Siyahı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur və Nazirlər Kabineti ilə razılaşdırılır.

“İki sahil” xəbər verir ki,  bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq: “Proses davam edir, siyahılar hazırlanır. Zəfər altsistemi artıq aktivləşdirilib və istifadəyə verilib. Zəfər alt sistemində olan şəxslər özləri ilə bağlı məlumatlarla orada tanış ola bilərlər”.

Onun sözlərinə görə, sərəncamda prosedurlar müəyyən olunub.

“Vətən müharibəsi iştirakçılarının siyahısı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur. Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra Nazirliyin “Zəfər” altsisteminə daxil edilir. Həmin altsistemə daxil edildikdən sonra bu şəxslərə dövlət başçısının təsis etdiyi veteran təqaüdünün təyinatını aparırıq. Siyahıların hazırlanması və Nazirlər Kabineti ilə razılaşdırma prosesi davam edir. Yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılması təmin ediləcək”, - nazir müavini vurğulayıb.