01 oktyabr 2021 18:47
4482

Vətən üçün canından keçən igid- Şəhid Ağayusif Əliyev

Anam gecələr qapımız açıq qoyur. Deyir ki,qorxmayın atanızın ruhu bizi qoruyur…

İnsanın nə qəribə taleyi var. Nə vətənini,nə adını nə də valideyinlərini özü seçə bilmir. Seçmədiyi adı şərəfi, Vətəni isə andı olur. Bəzən seçmədiyi Vətən yolunda gözünü belə qırpmadan canını qurban verir…

O, bir kənddə doğulmuşdu. Doğulduğu bu kəndin torpağı, daşı ayaqlarını çox əzmiş, tikanı yalın ayağını çox qanatmışdı. Beləcə böyümüşdü. “Yağ içində böyrək” kimi böyüməsə də halal cörəklə böyümüşdü. Hər süfrə salınanda, hər süfrə yığılanda valdeynlərinin Tanrıya uzanan qabarlı əllərini görüb, dualarını eşitmişdi: «Allahım dünyamızı sakit elə», «Allahım övladlarımızı zalımın zülmündən qoru», «Allahım torpaqlarımızı düşmən işğalından tez qurtar», «Allahım, səngərdə gecə gündüz düşmənlə üzbəüz olan balalarımızı qoru». Beləcə, valideyinlərinin duası ilə böyüyürdü. Böyüdükcə də içindəki kiçik vətən böyüyüb bir  ölkəyə çevrilirdi. Özü ilə çox danışardı. Bəzən özünə suallar da verərdi.Niyə mən Şuşa işğal olunan ili dünyaya gəldim? Niyə mən doğulanda Şuşa işğal olunmalıyd? Kimsə özünə doğum tarixi də seçə bilmir. Yaşa dolduqca o, ilin ağrısını-acısın özünə dərd edirdi. Tanrıdan o torpağın gələcəyini istəyirdi. Bilmirəm doğulduğu ilin açısımı, yoxsa Vətənin  işğalda olan torpaqlarının onu çağrdığını hiss edib üzünü o torpaqlara tutub  «Mütləq gələcəyik, sizi azad edəcəyik! Siz düşmən tapdağı altında qalıb əzildikcə, burada bizim şərəimiz tapdanır,ləyaqətimiz alçalır»,deyirdi.

Uşaqlıqdan meylini silaha salmışdı. Körpəlikdən oyuncaq silahlarla oynamağı çox sevərdi. Ən çox da qonşunun uşaqlarını başına yığıb dava –dava oynamağı ... Başına yığdığı uşaqlara komandirlik etmək, komanda vermək kimi bir şakəri var idi. Bir də görürdün ki, dava- dava oyunundan qabaq uşaqlar arasında  dava düşüb. Uşaqlardan oyunda heç kim erməni tərəf olmaq istəməzdi. Hamı, bütün uşaqlar,torpağını azad edəcək müsəlləh bir əsgər, qəhrəman  olmaq istəyirdi…Sən demə qəhrəmanlıq da bir qismət bir tale işidir, hamıya nəsib olmayan bir ucalıqdır…

Evlərində öv tüfəngi var idi. Tez tez tüfəngi əlinə götürüb, nişangahını üzü Qarabağ tərəf tuşlayardı. Dişini,dişinə  qıcayıb «gələcəyəm» deyərdi. Böyüdükcə içindəki qisas hissi , qəzəbi  də böyüyürdü. Artıq əlindəki silah da oyuncaq silah deyildi. Çox mahir bir ovçunun, quşu gözündən vuran bir ovçunun silahı idi. Kənddə hamı onun mahir bir atıcı olduğundan danışardı. Allah ona bu sahədə talant vermişdi.

Vətən onu bir əsgər kimi yetişdirirdi.Torpağı işğaldan azad edəcək yürüşə qoşulan bir əsgər kimi…Bir gün tanri istədyini verdi .Silahı ilə üzü düşmənə sarı getdi.

Mən onun ömrlüyündən, keçdiyi həyat yolundan yazmaq istərkən çox düşündüm. Əlimi göylərə, Tanrıya uzatdım. İlahi bu nə qismət, bu nə taledir deyə düşündüm. Bu ömürn əvvəli itirilmiş Şuşa ilə başladı. O,əsgərin şəhidliyi ilə Şuşanın azad olunduğu gün bitdi. Söhbət xalqımızın qəhrəman oğlu Şəhid Ağayusif Mübariz oğlu Əliyevdən gedir.

Ağayusif Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağman kəndində  anadan olub.

1998 –ci ildə Bağman kənd orta məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurub. Orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Ağayusif Əliyev Tovuz rayonunun Quşqonmaz dağında hərbi xidmətə başlayıb, 2012-ci ildə hərbi qulluğunu başa vurub doğma kəndi Bağmana geri dönüb. Ağayusif Əliyev hərbi xidməti başa vurduqdan sonra öz təsərrüfatında əkin-biçin, maldarlıqla məşğul olmuşdur.

Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsində  Füzulinin, Hadrutun, Xocavəndin, Şuşanın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərərək 2020-ci ilin 8 noyabr tarixində komandanlığın verdiyi xüsusi tapşırığı yerinə yetirərkən Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Ağayusif Əliyev   hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  ölümündən sonra "Vətən uğrunda",  “Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bağman kəndinə çatanda günəş asta-asta dağların arxasına çəkilirdi. Mal-qaranın örüşdən geri döndüyü vaxt idi. Qoyun-quzunun səsi qəribə, xoş bir ahəng yaradırdı. Ağayusifin yaşadığı küçəni şəhidin gülümsər baxışlı, gülər gözlü böyük bir plakatı bəzəyir. Şəkildən həyat eşqi ilə dolu, sinəsində arzuları yarımçıq qalmış nakam bir ömrün, sevgi dolu dastanını oxumamaq mümükün deyildir. Plakatın yanında ayaq saxlamadan keçmək mümkün deyil. Yol yoldaşım, Bağman kəndinin sayılıb seçilən  ağsaqqallarından olan Məmmədhüseyin Salmanov Ağanın portretinə baxıb, gözlərinin yaşını silir:

- Çox zəhmətkeş, hamının işinə yarayan, hamıya kömək əli uzadan, bütün günü bal arısı kimi hərəkətdə olan, yorulmaq nə olduğunu bilməyən bir gənc idi Ağa. Kənddə hamı ona Ağa deyərdi, Ağam deyərdi.Çox ağayana, gözü tox, yerini yurdunu bilən gənc idi. Elə bil beş dəfə bu dünyaya gəlib ,dünyanın gərdişinə bələd idi. Cavanla cavan, qoca ilə qoca idi. Üzündən də gülüşü əskik olmazdı. Elə bil gün ərzində dayanmadan hərəkətdə olan, çalışan, tər tökən adm deyil bu. Hamının işinə yarayan, əl tutan idi. Çox heyf eldən getdi.

Məmmədhüseyin danışdıqca  qoyunların arxasınca kedən, sarışın, qıvrım saçlı bir qızcığazın ayaq saxlayıb bizi dinlədiyini hiss etdim.Körpə qızcığaz bizi dinlədikcə dodaqlar səyiriyirdi. Gözlərində muncuq kimi yaş parıldayırdı. Ürkək baxışlarla bizi süzüb güclə eşidiləcək bir tərzdə, astadan pıçıldadı: “Atamdır..Çoxdandir evimizə gəlmir. Anam deyir ki,atanız mələk olub, göylərə çəkilib. İndi Allah babanın yanından bizə baxır. Anam yatanda qapılarımızı örtmür, qapımız açıq qalır. Deyir ki,qorxmayın, atanızın ruhu bizi qoruyur. Əmi, göydə atama soyuq olmaz ki? Mələklər evlərinə hamı yatandan sonra gəlir? Atam gedəndə məni bağrına basıb çoxlu-çoxlu öpdü. Dedi ki sən ağlama,mən mütləq  qayıdacam. Amma gəlmədi. Anam deyir ki,sən məktəbə gedəndə atam gələcək. Siz onun dostlarısınız? Atamın yanından gəlirsiniz?”

Balaca qızcığazın yaşla dolu gözləri gözlərimdə ilişib qalır. Səyriyən dodaqlarına, tumurcuqa bənzər  məsum  üzünə baxıram, cavabsız suallarına söz tapa bilmirəm. Əyilib arıq əllərindən, tük kimi nazik barmaqlarından yapışıb adını soruşuram. Pıçıltılı, titrək  bir səslə Güləbəstə deyir. Güləbəstə gözlərini gözümün düz içinə zilləyir. Elə bil oradan nəyi isə oxumaq istəyir. Asta- asta ufacıq barmaqlarını əlimdən çəkdiyini hiss edirəm. Əlini əlimdən çıxarır. Bir anlığa nə baş verdiyini anlaya bilmirəm. O,şirmayı barmaqlarını yanaqlarımda gəzdirib xırdacə əlləri ilə  gözümün yaşını silir. Birdən körpənin dodaqlarının alnıma toxunduğunu hiss edirəm. Alnımdan öpüb, “Ağlama əmi, Atam görsə onun da ürəyi pis olar” - deyib Güləbəstə üzünü çevirib evlərinə tərəf qaçmağa başlayır. Ardıcıl olaraq da, «baba,baba» deyərək haray çəkirdi.

O anda yer-köy bir anlıq başıma fırlandı. Elə düşünürəm ki, bu dəqiə yer məhvərindən çıxacaq. Elə düşünürəm göy uçub başıma töküləcək. Lənətə gəlsin müharibəni. Lənətə gəlsin erməni faşizmi. Gör neçə görpəni gözü yolda, neçə gəlini gözü yaşlı qoydu.Neçə ananın ürəyini parçaladı, ataların vaxtsız qamətini əydi. Neçə gəncin gülümsər baxışları, nürlü üzləri tablolarda ,şəkillərdə donub qaldı.

Gülbəstə bizdən  bir qədər aralıda olan, çökmüş ordlarını saqqal almış, gözləri çuxura düşümüş, qaməti əyilmiş, ağ saçlı bir qocaya çatıb əlindən yapışıb, bizə tərəf qayıdır.Gələn Ağayusifin atası Mübariz kişi idi. Güləbəstə köhnə tanışlar kimi bizi babasına təqdim edir: Baba atamın dostlarıdır, bizə gəliblər. Bu kişi atamın şəklinə baxıb ağlayırdı...

Qəhrəmanımızın atası bizi həyətə dəvət edir. Bir həyətdə biri-birindən çox da aralı olmayan iki ev var. Mişar daşından tikilmiş, geniş yaraşıqlı evi göstərib, Ağayusifin evidir, tifilim dişi-dırnağı ilə, min bir zəhmətlə tikib, heç ayağını uzadıb içində rahat yatmadı da…Lənətə gəlsin erməniləri. Lənətə gəlsin bizi bu müharibəyə məcbur edənləri. Vallah uşaqların gözünün içinə baxa bilmirəm. Atam deyib hay-haray edirlər. Yoldaşı gözümün qabağında şam kimi əriyir. Anası dərddən göyüm- göyüm göynəyir.Bacıları sağlamlıqlarını itirib. Ağayusif çox gözəl qardaş idi, gözəl övlad idi, çox ailəcanlı ər idi. Hər zəhmətə qatlaşardı, qazandığını qohum qardaşı, bacıları ilə yarı bölərdi. Səhər evdən çıxıb gecə gələrdi. Təki ailəsi korluq çəkməsin.Təki uşaqları kiminsə balasından geri qalmasın. Mən də övladlara elə ata olmuşam. Haram yedirtməmişəm. Kimsənin malında gözümüz olmayıb. Namuslu adamlarıq biz. “Şor olsun,soğan olsun, halal olsun” prinsipi ilə yaşamışıq həmişə.

Ağayusif çox namusçəkər oğul idi. Nə yaşı var idi ki? O yaşda olanların bəziləri  Qarabağ harada yerləşiri heç xəritədə tapa bilməzlər. Amma Ağayusifin dilindən “Qarabağ” sözü əskik olmazdı. Qarabağ dərdi ilə böyüdü balam. Birinci sinfə getdiyi ilk gün idi. Özü də sentyabrın 1 də doğulmuşdu. Zarafatca deyirdik ki, bütün dünyada hamı sentyabrın 1-i sənin doğum gününü qeyd edir.Məktəbdən gələndən Qarabağ kəlməsi dilindən düşmürdü.Erməniləri lənətləyirdi.Ağlamaqdan gözləri qızarmışdı.Xocalıda xalqımızın,korpə uşaqların başına gətirilən faciələrdən müəllim danışmışdı.Uşaq ağlına elə bil həkk olmuşdu. Elə qisas,qisas deyirdi.

Evdə tüfəngimiz var idi. Ondan gizlədirdim ki, birdən bilməz götürər, bir bədbəxt hadisə törədər.Silahı görən kimi deyirdi ki,böyüyüb Xocalıda öldürülən körpələrin qısasın alacağam.Əsgərliyini Tovuzda etmişdi. Ara bir yanına gedərdik. Komandirləri çox razılıq edərdilər. Dəyirlərdilər ki, əsl atıcıdır. Quşu gözündən vurur.Allah ona hədəfi vurmaqda,atəş açıb hədəfə düşməkdə xüsusi istedad vermişdi. Gözəl ovçu idi. Bir patronu boşa getməzdi. Bir dəfə payız ayı idi. Bir dəstə qaz çox aşağıdan uçurdu. Tüfəng məsafəsi qədər yaxından. Ağayusif qazların səsini eşidib cəld yüyürüb tüfəngi götürdü. Qazın biri qabaqda lap alçaqdan uçurdu.Tüfəngi tuşladı,nişan alıb dayandı. Nə fikirləşdisə atəş açamayıb tüfəngi endirdi…Hamımızın nəzərləri ona cəmləşmişdi...Bizim ona baxdığımızı,sual dolu nəzərlərimizi görüb “Bəlkə də Qarabağdangəlirlər, qoy quşlar da uçub getdiyi yerlərdə insanların öz məqsədləri,üçün onlara qıymadığını,sülhpərvər olduğumuzu hiss etsin.Onları da Allah yaradıb.Bəlkə də o ən aşağıda uçan qaz ana, ya ata qazdır. Öz balaların qorumaq üçün aşağıdan uçub özünü hədəf edir.Qoy balaları bizi qarğımasın. Bizim də balamız var”-dedi.

Amma namərd düşmən balamın balalarının gözünü yaşl qoydu…Nəvələrimin gözü yolda qalıb. Hər bizə gələndə atalarını soruşurlar. Nə cavab verim, bilmirəm.

Anası Telli xanım söhbətə qoşulur

Saçlarına qar yağmış, dərddən yumağa dönmüş ana ah çəkir. Dərdli ananın ahı adamın bağrının başını yandırır. Nəvələrim atalarını,mənsə balamı tapa bilmirəm. Ağayana balamı. Dərdimi gözümdən oxuyanımı, ürəyimdəkini  döyüntüsündən bilən balamı axtarırıram. Görüm düşmənin bağrının başını od tutub yansın! Görüm düşmənin evinə od düşsün! Düşmən sinəmə bala dağı çəkdi. Kef ilə bala böyütməmişdik. Korluqla, qıtlıqla ,su əvəzinə ,süd əəvəzinə  tər içib böyümüşdü balam. Bal arısı kimi zəhmətkeşim. Əlinin qabarı ilə çörək qazanan balam.Yuxa ürəkli ,aslan ürəkli balam. Sentyabrın 21-də Ucar Hərbi Səfərbərlik idarəsində çağrış gəldi. Balam çörəyinin dalınca getmişdi, işdə idi. Zəng vurub xəbər etdik. Tez evə gəldi. Elə bil çoxdan gözlədiyi şad xəbəri almışdı. Bizimlə, bacıları, ailə-uşağı ilə halalaşıb getdi. Dedi “Narahat olmayın, sağ-salamat qayıdıb gələcəm. Bu xəbər yaxşı xəbərə oxşayır. Qisas məqamı yaxınlaşır”- dedi. Zarafat edən ,lağ-lağasından qalan deyildi. “Eşitsəniz ki,Şuşaya kimsə bayraq sancıb,bilin ki, O,Mübarizin oğlu Ağayusifdir”-dedi. Özünə çox güvənirdi. «Mənə nə qədər patron versələr bilin ki,o qədər düşmən məhv etmişəm», dedi, sağollaşıb getdi. Heç bizi yola salmağa da qoymadı ki,Ucara kimi gedək. Həmin gecə qayıdıb gəldi. Dedi ki, bizə dedilər ki, bir də çağıranda yubanmadan gəlin.

Sentyabrın 27-də Prezidentimiz televizorda müharibə başladığını elan edəndə evdə deyildi. İşə getmişdi. Haradansa xəbəri eşidib işini yarımçıq  atıb gəlmişdi ki,Ucara, komissarlığa getsin. Yalvar-yaxar edib mane olmağa çalışdıq. İki uşağını göstərdik, gedərsən, başımıza daş salarsan, balalarını atasız qoyarsan dedik. “Yox” dedi durdu. Mən atıcıyam. İndi mənim qabiliyyətimə ordumuzun ehtiyacı var dedi. Balamda dağ boyda ürək var idi. Güc bəla ilə saxladıq.Ertəsi gün balama yenə çağrış gəldi.Balamın gözlədiyi xəbər idi bu. Balam quş oldu uçdu.

Müharibəyə gedəndən sonra evlə, bacı-qardaşları ilə əlaqəni kəsmədi…Cənab Prezident qələbəni elan edəndən sevincimizdən uçurduq. Kənddə qurbanlar kəsildi. Ağanın saxladığı erkək qoyunların hamısını qurban demişdik. Şuşaya bayraq sancan əsgərimizə baxdım, dedim vallah bu Ağayusif deyil, yəqin komandiridir, Ağayusifdə hardasa mütləq onun yanındadır. Ağa verdiyi hər sözü tutan oğul idi. Demişdisə bayrağı Şuşaya mən sancacam,sancmalıydı da. Bir-iki gün balamdan xəbər olmadı. Ürəyim sıxılmağa başladı. Dedim bu yaxşı işə oxşamır. Sən demə Allah bizim qurbanımızı qəbul etmyib, balamı dərgahına götürüb. Ağayusif bir Tanrı payı idi. Üç uşaqdan sonra Allah bu gözəllikdə, bu şirinlikdə payı özü vermişdi, özü də aldı. Qədəri belə yazılıbmış.

Oğlumla qürur duyuram. Fəxr edirəm. Oğlum Vətənin başını ucaldıb ucalan qəhrəmanlardadndır. Hər ananın işi deyil belə oğul böyütmək. Aslan oğlum, ürəkli balam. Qartal kimi qıyy çəkib qartal qonmaz dağlara qalxıbmış. Düşmənə aman verməyən igidlərdən olub balam. Bayaqdan Mübarizin ,Tellinin oğlu Ağayusif deyirdilərsə,indi vətənin oğlu,Azərbaycanın oğlu Ağayusif oldu. Qəhrəman oldu. Hər gün min kərə o gözəl ruhundan öpürəm.Səhərlər günəşin doğmasını seyr edirəm. Elə bilirəm ki,günəş doğanda Ağayusifimdir bizi görüb gülümsəyir.

Şəhidin bacısı Natavan Əliyevanın xatirələrindən:

- Mən qardaşımla, onun qəhrəmanlığ ilə qurur duyuram. Düşünəndə ki,Ağayusif yoxdur həyatda ,bir daha o gülüşü, o baxışı, o hərəkətləri görməyəcəm, onun qoxusunu ürəyimə çəkə bilməyəcəm bu ayrılığın,həsrəti, acısı məni yandırır.

Ailəmiz böyük, iş-güc, qayğlar çox idi. Mən evdə  böyük olduğum üçün anam Ağanı mənə tapşırardı. Ağayusifi mən böyütmüşəm. Həmişə yeməyini yedirib belimə bağlayıb, belimdə gəzdirərdim. Mənə çox bağlı idi. Biri-birimizi çox sevərdik. Böyüdükcə də bu sevgi daha da artardı...Çox mehriban, qayğıkeş, istiqanlı uşaq idi. Zarafatı sevərdi. Kəndin toylarının yaraşığı idi. Toylarda oynamağı çox sevirdi. Gözəl də rəqs etməyi vardı. İndi elə bilirəm Ağayusifsiz kəndimiz boşalıb.

Mən qardan qorxan idim. Qışın gəlməsini heç istəmirdim. Ağayusif də bilirdi ki,mən qardan qorxuram. Qar yağan kimi bir yerdə gizlənib məni pusardı. Harada məni görərdisə qar topasına tutardı. Atam nə qədər desəydi ki,Ağa etmə,bildiyindən qalmazdı. Qar atıb, gülməkdən uğunub gedərdi. İndi qışın gəlməsini, qarın yağmasını heç istəmirəm. İndi mənə o gözəllikdə qar atıb, ürəkdən gülən qardaşım yoxdur həyatda.

Uşaq vaxtı uşaqlara qoşulub qonşuları bağına üzüm oğurluğuna gedirdik. Ağam düz təpəyə dirmaşıb tənəklərin arasında gizlənib üzüm yeyərdi. Bağın sahibi səsə gəlib bizi danlayanda ağacda gizlənən Ağanı görməzdi. O, da ordan bic- bic baxıb bizim danlanmağımızı eşidib gülərdi. Çox həyat eşqi, yaşam həvəsi olan uşaq idi.

Çox qayğıkeş idi. Mənim dərd ortağım, yaşam səbəbim Ağayusif idi. Mən bir az talesiz insanam. Xəstəyəm dərmanla yaşayıram. İki il bundan qabaq xəstəlikdən qıçlarım tutulmuşdu. Bunu eşidib tez bizə gəldi. Məni təcili Bakıya həkimə apardı. Yeriyə bilmədiyimi görüb az qala həyacandan dəli olmuşdu. Qoluma girirdi. Məni kürəyinə götürürdü.Mən gülüm,utanmayım,dərd etməyim deyə deyirdi ki,uşaq vaxtı məni o qədər belində gəzdirmisən ki…

İndi qoy bir azda mən səni belimdə aparım. Biləndə ki, dərmansız yaşamam mümükün deyil, bütün dərmənalarımın xərcini çəkirdi. Bu adam yorulmaq nədir bilmirdi. Bu adam “yox” söznü ümumiyyətlə,  bilmirdi. Bu adam bənzərsiz bir insan, əsl mələk idi…Müharibəyə gedəndə gecə bizə gəldi. Sarıldı mənə, dedi ki, «Natavan bir səndən nigaran gedirəm. Söz ver ki, mən gəlməsəm də dərd etməyəcəksən, dərmanlarını atacaqsan». Ona yalandan söz verdim. Ağa kimi qardaş itirən bacının yaşamağa haqqı yoxdur. Döyüşdə olanda hər imkan düşəndə zəng edirdi. İlk soruşduğu da bu olurdu ki,Natavan dərmanını atmısanmı, «hə» deyirdim, “atmışam” deyirdim…Özümə söz vermişdim ki, Ağa gəlməyincə dərman atmayacam,müalicə almayacam. Özümü qardaşıma qurban demişdim. Bir canım var,canıma gücüm çatır, canımı verərdim yolunda. Mənim yaşam səbəbim olan qardaşıma canım fəda...

Bilirəm ki, qardaşım göylərdədir. Məni eşidir. Qoy qardaşımı yanına alan Allahım səsimi eşidib məni də yanına alsın.

Mənim qürur yerim, and yerim, fəxrim, qardaşım. Sağlığında bizi qoruyurdun, bəsləyirdin,hər dərdimizə şərik olurdun. Şəhadətinlə başımızı ucalddın.,Vətənin ,dövlətin bayrağın üçün özünü qurban verib Vətəni yaşadanlardan oldun. Elə bir zirvəyə ucaldın ki,o zirvəyə yalnız sənin kimi təmənnasız, saf mələklər ucala bilər.

Dərd  qamətini əymiş bacı dizini yerə qoyub əlini Tanrıya tərəf açaraq  qıyya çəkir «Allahım sənə and verirəm müqqəddəs bilib yanına aldığın şəhidlərin müqəddəs qanına yaşatma məni. Məni də qardaşımın yanına al.Orda dərgahında əli qabarlı qardaşıma xidmətçi olum.Qardaş Şəhid adın  bir ucalıqdır.Sənin o Şəhid adına qurban olum.

Şəhidin müəllimi Bəhruz müəllim:

-Bir müəllim kimi keçmiş şagirdlərimin hər biri haqqında yaddaşımda silinməz izləri salmış xatirələrim var. Bu xatirələr içərsində daha tez tez yada salıb ,yada saldıqcada gəlbimin ən dərinliklərinə qədər sızıltı,göynərti ağrılar yaşadan sevimli bir şagirdimin acı xairəsi var.Şəhid Ağayusifin xatirəsi…Ağayusifi altıncı sinfin şagirdi olan zaman tanımışdım.İlk baxışdan digər şagirdlərdən seçilmirdi.Lakin günlər keçdikcə Ağayusiflə fərdi söbətlərimin sayı artdıqca bu kiçik yaşlı kənd uşağının çox böyük ürəyə,dərin düşüncəyə sahib olduğunu duydum. Elə bir böyük ürək sahibi idi ki,onu mən müəllim olaraq sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu böyükliyi təsvir etmək belə çətindir. Ağayusif min illərin süzgəcindən süzülüb gəlmiş su kimi saf, müdrik dünya görmüş bir qoca qədər ağılı düşncəli idi. Məktəbin ictimai işlərində çox fəal iştirak edərdi. Ən çətin tapşırıqları öz üzərinə götürərək yoldaşların az çalışmalarına,az iş görmələrinə şərait yaradardı. Çətin vəziyyətlərdə daxili sabitliyi qoruyaraq mənalı- mənalı gülümsəyərdi. Onun o gülümsər baxışlarını xatirələr dünyamın qızıl fondunda qoruyub saxlayıram.

Bax, beləcə bu böyük ürəyi ilə hər zaman ətrafında olduğu insanlardan bir addım ondə olardı Ağayusif. Elə bu mənəvi böyüklüydə dururdu ki, elə Allah ona görə də onu ən ua zirvəyə Şəhadətə yüksəlti.O,əbədi olaraq bizdən yüksəklikdə durmağı bacardı. Ağayusif laiq olduğu məqama əbədi olaraq ucaldı.

Böyük qardaşı Mayis xatirələrini danışdıqca göz yaşına qərq olur:

-Çox qəribədir, mən indi xatirə danışıram. Ağayusifsizlikdən söz açıram. Amma belədə düşünə bilmirəm ki, Ağayusif yoxdur. Ağayusif birdə gülə-gülə qapını açıb içəri girməyəcək. Ağayusif məslətləşməyə gəlməyəcək. Bizim yaşam səsbəbimiz,həyat eşqimiz olan qardaşım birdə həyatda olmayacaq.

 Ağayusif uşaqlıqdan fərqli idi. Böyük idi. Yol-yöndəm bilən idi. Böyüyün kiçiyin yerini, dəyərini bilən idi. Orta məktəbdə dərs əlaçısı idi. Bir iş görərdisə hamıdan fərqli, ürəkli edərdi. Çalışardı hamıya yarasın, kömək etsin. Dünyasında məslətləşməmiş bir işə “amin” deməzdi. Ürəyində böyük arzuları var idi. Çalışırdı ki, ikimiz birlikdə təssərrüfatımızı quraq. Heç kimdən asılı olmadan halal qazanıb halal yaşayaq.İstəyirdi ki,uşaqlarımız yaxşı məktəbdə oxuyub yaxşı təhsil alsınlar. Onun istəkləri fərdi deyildi, şəxsi deyildi. Çox vətənpərvər idi. Onun tay-tuşları Xocalı nədir,Qarabağ nədir bilməyəndə,duymayanda o, qisadan danışırdı, o torpağın işğaldan azad olunmasından danışırdı. Atalar düz deyib niyyətin haradırsa, mənzilində oradır. O da Qarabağ deyib durmuşdu. Allah da onun ömrünü sevdiyi ,uğrunda canını fəda etdiyi o,torpaqlarda tamamladı. Deyirəm bəlkə, bu da taleyin bir yazısıdır? Qardaşım Şuşanın işğal olunduğu il dünyaya gəlmişdi, Şuşanın işğaldan azad olunduğu gün əbədiyyətə qovuşdu. Bəlkə Allah bu insanı bu missiya üçün yaradıbmış? Şuşanın azad olunmasını çox arzu edirdi. O günü tam görməsə də  yəqin indi. Azad Şuşanı, orada gedən quruculuq işlərini qardaşım görürür, ruhu sevinir. Mən şəhidlərin yaşadığına çox inanaıram. Onların bizim əməllərimizi gördüklərinə adım kimi əminəm. Məni tək qoyub, arzularını yarımçıq qoyub getməsinə baxmayaraq, çalışacağam ki,onun bütün arzularını həyata keçirim. Uşaqlarını, ailəsini bizə əmanət edib özünü Vətənə qurban deyən qardaşım görsün ki,arzuları çiçək açır. Övladları oxuyur. Ailəmiz heç kimə möhtac deyil. Onun arzusunda olduğu təsəsrüfatı yaradacağıq. Tək  Ağayusifin gülüşünə, səsinə, o mənalı baxışlarına, «can» deyib Vətənə qurban verdiyi canına möhtacıq. Dedim axı Ağayusif məsləhətləşməmiş iş tutmazdı. Demək ki, onun Vətən uğrunda Şəhadətə qovuşması da Allahın  məsləhəti, alın yazısı imış. Deyirəm ki, Vətəni Vətən edən onun vətəndaşıdır.Qrdaşım da vətənin yolunda canını fəda etdi. Təki Vətən sağ olsun.

İki körpəcə balasını sinəsinə sixib sinəsini onlara sipər etmiş qara palatarlı qadın. Üzündə qara buludlra toplanmış, qəlbindən qara qanlar axan, ağ günü qara əskiyə bürünüb nakam bir sevgini qəlbində pohrələndirən, yaşadan qadın..Gözlərindən yaş əvəzinə qəm süzülən,sinəsində dünya boyda dərd bükülən qara paltarlı qadın. Xoşbəxt günlərini, xatirələrini sinəsini sandiq edib açarını xatirələrində yaşadan qadın. Dərdini dəvəyə yükləsən dərdi dəvəni çökdürən qadın. Özü çökməyib qəddinı saxlamağa çalışan cüssəsi balaca olsa da ürəyi  Böyük qadın. Dərdini, nakam sevginin tarixini qaynata, qaynana yanında açmağa utanan ismətli bacım. Sizin qeyrətinizə, Sizin əhd-peymanınıza  inanıb oğullarımız düşmən üzərinə gedəndə gözləri arxada qalmadı.Onları qəhrəman edən, onlara güc verən  sizin sevginiz, düz ilqarınız idi. Sevgisini döyüşə yola salarkən arxasınca su səpib, nəşini qarşılyanda göz yaşında boğulan qadın….gecələr dərdini qucaqlayıb dərdən böyük olan qadın,sən nəqədər əzəmətli,qürurlu vüqarlısan..sən nəqədər böyüksən. Ey xanımların xası, şəhid xanımı, təkcə ərinin durduğu ucalıq deyil sənin durduğun ucalıq, dözümün dəyanətin də səcdəyə laiqdir. Ərləriniz o ucalığı fəth edəndə ürəklərində sizi də ora aparıblar Tanrının mələkləri.

Şəhidin xanımı Dostu xanım:

-Mənim təkcə adım Dostu deyil.Mən gerçəkdən  Şəhidimin dostu sirdaş, sir yoldaşı idim. Amma məni bağışlayın qaynata ,qaynana yanında danışmaq bizdə mərifət sayılmaz. Min illərdir bu, belədir. Qazılıq  dağına baxanda yaşmaqlanan Günel kimi…Mən də Şuşa tərəfə ,Qarabağ tərəfə baxmağa utanıram. Elə bilirəm ki, O ucalıqda dayanan Ağama baxdığımı hamı görür, ürəyimdən keçənləri hamı hiss edir…

Ağamla bir kənddə böyümüşük, belə deyək ki, bu kənddə hamı bir-birini yaxşı tanıyır.Mən də əvvəllər Ağamı tanıyırdım.Qardaşımla bir sinifdə oxumuşdu. Əsgərliyə də qardaşımla eyni vaxta getmişdilər. 2012-ci ilin aprel ayının 2-si idi. Əsgərlərin ordudan tərxis olunan vaxtları idi. Qardaşım xidmətini başa vurub evimizə gəlmişdi. Dükana şirniyyat bişirmək üçün lazım olan şeyləri almağa getmişdim. Mən dükana girəndə Ağam stolda oturub satıcı ilə söhbət edirdi. Məni görən kimi tez oturduğu yerdən qalxdı. Qeyri-ixtiyari mən də əl uzadıb ona xoş gəldin dedim. Göz aydınlığı verdim.Əlim əlindəykən gözlərimiz bir- birinə sataşdı. Bu, olduqca qəribə bir məqam idi. Qıçlarım əsdi. Bütün vücudum titrədi. Nə baş verdiyini anlaya bilmirdim. Dükandan çıxanda bircə onu bilirdim ki, gözüm arxada qalıb. Bu oğlanın arxamca baxmasını istəyirdim. Bir az getmişdim gördüm arxamca baxır. Ağam yaddaşımda gülən adam kimi qaldı o andan. Çox qəribə gülümsər baxışları var idi. Gözləri günəşə bənzəyirdi.Üzünə baxanda bədənimin ilındığını hiss etmişdim…Axşam qardaşımın əsgərlikdən gəlməsi münasibəti ilə evimizdə məclis qurulmuşdu..Ağam da o məclisdə iştirak edirdi. Yediyini, içdiyini bilmirdi. Hara gedirdim,o gülümsər gözlərin məni izlədiyini ,mənə baxdığını görürdüm. Beləcə bizim sevgi dastanımız başladı.Kaş o günləri ger qaytara biləkdik.Kaş gizlən paç oynadığımız kimi o xəlvət görüşdüyümüz, biri- birimizin saatlarla gözünə baxdığımız analar olaydı. Elə orada qalaydıq. Mənim üzüm bəlkə də Ağamı görənə kimi gülməmişdi. Ondan sonra həyat üzümə gülməyə başladı. 2013-cü ilin aprelində nişanımız oldu. Bəxtəvər günlərimiz idi. Günlər haradan gəlib keçdiyini bilmirdim. Saf idi. Çox gözəl bir insan obrazı idi. Bəli obraz. Həyatda beləsi olmur…

Şəhidimi gördüyüm gündən ona inandım, güvəndim, çox bağlandım. Biri-birimizi çox sevirdik. Hamı bizim sevgimizdən danışırdı. Bizim sevgimizi qısqananlar da olurdu.2014- cü ilin avqust ayında toyumuz oldu. Çox xoşbəxt idik. Təkcə gözlərimiz deyil, ruhumuz da gülürdü. Ruhumuz sanki xoşbəxtlik nəğməsi oxuyurdu. Biz zəngin ailənin uşaqları deyilik. Bizim biri-birimizi sevən ürəyimizdən başqa qiymətli bir şeyimiz də yox idi… Deyirdik ki, bir komamız, gözəl balalarımız olsun bəsimizdir. Allah bizə gözəl, qiymətli paylar verdi. Əvvəl Gülbəstə gəldi… Sonra Zəhra qızımız sevincimizə sevinc qatdı. Xoşbəxt idik. Tanrıdan nə istəmişdik verirdi. Ağam deyirdii ki, ən gözəl evi də mən tikəcəm, uşaqlarımız ən gözəl məktəbdə oxuyacaq. Şəhidim sözünü tutan, kişi idi. Gördüyünüz bu gözəl evi də Şəhidim tikmişdi. İçində özü yaşamadı. 2020-ci il müharibə xəbərləri, atəşkəsin tez-tez pozulması, ermənilərin daha da  azğınlaşması ilə yaddaşımız həkk olub. Hər belə xəbər eşidəndə Şəhidim qəzəblənərdi. Bir sözü var idi: «Çağırsın ellər gedərəm davaya, Ol mənə dilbər gedərəm davaya». Deyirdim Dilbərin olmuşam,davadan danışma. Müharibə ölümdü, ayrılıqdı… Deyirdi ki, «Vətən də namusdur, şərəfdir,ləyaqqətdir,qeyrətdir…Deyirsən qeyrətsisz yaşayaq?». Nəhayət 27 sentyabrada müharəbə xəbərin eşidəndə elə bildim ürəyim qırılıb ayağımın altına düşdü. Bilirdim ki, Şəhidimi saxlamaq olmayacaq.

Haşiyə: İndiyə kimi neçə Şəhid ailəsində olmuşamsa Şəhid xanımları ömür gün yoldaşlarına, ərlərinə Şəhidim deyə müraciət edirlər. Çox qəribədir bütün şəhidlərin xarakterində oxşarlıq olduğu kimi Şəhid xanımları da bir birinə bənzəyirlər. Hətta zahiri cəhətdən də bənzərlikləri çoxdur.

Şəhidim işə getmişdi. Bir də gördüm ki, günün ortasında qayıdıb gəlib ki, «Vayinkomat»dan məni axataran olmayıb? “Yox” dedik. İnanmadı. And-aman etdik. Şubhələndi. Dedi birdən məndən gizlədərsiniz. Səhəri günü Səfərbərlik idarəsindən zəng etdilər. Elə o anadca dedi ki, mən gedirəm. İnanın bişirdiyimiz yeməkdən də yemək istəmirdi. Deyirdi ki, tez gedim Xəyalə ilə xüdafizləşim, gecikərəm. Xəyalə bir az xəstə olduğu üçün fikri-zikri onun yanında idi.

Cəbhədən tez- tez zəng edirdi. Bizi sakitləşdirirdi. Uşaqlara yaxşı baxmağımı, tezliklə qələbə sevinci, qalib ordunun əsgəri kimi qayıdacağını deyib bizə təsəlli verirdi. Hər torpaq azad olunanda səsindəki sevinci, hətta o gülər gözündəki parıltını görürdüm.

Noyabrın 10-da Prezident xalqa müraciət edəndə sevincimizin həddi hüdudu yox idi. Ağam Şuşaya getdiklərin demişdi. Amma səssizlik idi. Qorxurdum bu səssizlikdən. İçim-içimi yeyirdi. Telefonuna zəng çatmırdı. Düşünürdüm ki, yəqin telfonunun  dalğası tutmur.Yəqin, komandirləri telfondan istifadə etməyi qadağan ediblər. Nə bilim min fikir gəlirdi ağlıma…Amma Şəhid olmasını ağlıma belə gətirmirdim.

 Noyabrın 12-si idi. Tezdən Şəhidimin əmisinin həyətdə səsini eşitdim. Gördüm ki qaynatamla sakit sakit danışır. Deyirdi  ki, Ağayusifin şəhid olduğun deyirlər.Füzuli rayonuna “morqa” gedib baxmaq lazımdır, odur, ya yox? O an elə bildim zəlzələ baş verdi. Evimiz titrəməyə başladı. Hər tərəf qaranlıq idi. Evə yüyürüb uşaqları qucaqladım. Qıyya çəkdim. Şəhidimin  balalarını  sinəmə sixdim. Əlimi Allaha qaldırıb dedim ki, Allahım bir can alacaqsansa, mənim canımı al.

Evimdən gülə-gülə yola saldığım Şəhidim bayrağa bükülü gəldi. Müqqədəds Ağam bir az da müqəddəsləşdi. Vətən oldu. Bayraq oldu…

Gülbəstə böyükdür, deyəsən anlayır ki, atası Şəhid olub. Zəhra hələ də gələcəyin gözləyir. Deyirəm ki, atanız qayıdacaq. Ağam gedəndən evin qapısın bağlamıram. Mənə deyirlər belə etmə. Ev soyuq olar, xəstələnərsiniz. Deyirəm ki,mənim odum da, ocağım da Şəhidimdir.Özü dönməs də ruhu hər gecə bizimlədir. Qoy doyunca yatmadığı ,rahat olmadığı evinin qapısını açıq görsün , onu həmişə gözləyəni olduğunu görsün.Şəhidim mütləq bizi  görürü və duyur. Qoy rahat olsun ki, balalarına həm ata həm ana olacam. Onun istədiyi kimi namusla böyüdəcəm. İnsan ruhu ilə bir birini sevir, qovuşur. İndi mənimdə ruhum onunla birlikdə göylərdədir…

Şəhidin böyük qızı Gülbəstə Əliyeva:

-Mən atamın böyük qızyam. Atam məni, mən də atamı çox istəyirəm. Artıq onun evimizə birdə gəlməyəcəyini başa düşürəm. Anam bacımı da məni də sakitləşdirmək üçün deyir ki, atanız gələcək. Atanız göylərdən bizi görür. Mən inanıram kİ, atam göylərdən bizi görür. Ona görə də hər gün göyə daha çox baxıram.

Atam mənə velisoped almışdı. Sürməyə özü öyrətdi. Amma mən indi o velosepedi də sürmürəm ki… Atamın onda əlinin izi var… Velesopedim köhnələr, qırılar, atamın əli dəymiş o velesopedi atmayım deyə onu sürməyəcəm.

Evimizdə atamın öz otağ var. Şəkilləri ilə, əşyaları ilə bəzədilmiş otağı. Orada onun gözəl, maketi də var. Həmişə atam bizi güldürər, zarafat edərdi. İndi mən o oatağ keçib onun əlindən, ayağından öpürəm. Bəzən ayaqımın altına stol qoyub gülümsəyən gözlərindən öpürəm. Soruşuram ki, ata məni sənsiz qoyub getdin, indi nəyə gülürsən. Atam çox gözəl idi.

Balaca bacım Zəhra atamın gələcəyini gözləyir. Hər gün onu soruşur. Anam gecələr qapını açıq qoyur.Hərdən inanıram ki, gerçəkdən atamın ruhu yox özü bu qapıdan girəcək evə… Amma hər gün anamla qəbirstanlığa gedib, atamın qəbrini siləndə düşünürəm ki,yox atam dönməyəcək.Qoy göylərə baxım, atamı orada axtaram. Bəlkə orada tapa bildim.

Cəbiyev Qorxmaz Qəhrəman oğlu, döyüş yoldaşı:

-Mən Ağayusif Əliyevlə Vətən müharibəsi zamanı Füzulidən Şuşaya kimi  döyüş yolu keçmişəm. Belə deyək ki, Ağayusif kimi insanı tanıdığım üçün çox xoşbəxtəm. Şəhidlik hər adama nəsib olan zirvə deyil, Allah ən qiymətliləri, ən gözəlləri seçib götürür. Ağayusif də seçilmiş insan idi. Gül ürəyi var idi. Çox saf, əsl kənd admı idi. Etibarlı, ləyaqətli cəsur idi. Mən elə bilirəm doğma qardaşımı itirmişəm. Ən çətin anda belə Ağayusif yanındaydısa ölüm barədə yox yaşamaq barədə düşünürdün. Ölüm sənə yaxın gələ bilməzdi. Bu insan sevgi dolu bir insan idi. Fenomen idi. Hər tərəfli fenomen idi. Çox sərrast  atıcı idi. Kalaşnikovdan elə istifadə edirdi ki,elə bil snyaperdən atəş açır. Hər açdığı atəş bir erməni leşi demək idi. Zarafatından da qalmazdı. Silahini öpərdi. Qarşı tərəfdə bir erməni görərdisə bir yağlı söyüşlə onu xoşlandırıb silahını öpüb tuşlayardı. Bizə ruh verərdi. Demək biz onunla çiyin- çiyinə ağır döyüşlərdən keçib Xocavəndə qədər gəldik. Ağayusif çox gözəl aşpaz idi. Xocavənddə ermənilərin ferması, mal-qarası,  ərzaqları qalmışdı. Ağayusif ermənilərin inəklərin kəsib çox gözəl yeməklər bişiridi,kabab edirdi. Hər erməninin inəyin kəsəndə də dediyi söz bu olurdu ki, «Şərəfsiz sən kim olmuşdun ki,azərbaycandan torpaq alaydın». Hər qarış torpaq alanda sevincindən göydə uçurdu.

  Noyabrın  əvvəllərində bizə Şuşa istiqamətində hərəkət etmək,Şuşaya gələn ermənilərin təchizat yolunu bağlamaq əmr olundu. Xocavənddən 40 kilometr bir məsafəni keçilməz dağ yolları,meşəliklərlə irəliləyirdik. Üstümüzdə xeyli  döyüş sursatı və ərazaq var idi. Əmrə əsasən kəşfiyyat çığırı ilə hərəkət edirdik. 95 nəfərlik bir heyətlə fasiləsiz,  48 saat hərəkət etdik. Ağayusif manqa komandiri idi. Heç zarafatından qalmır, yolboyu bizi güldürür, xoş əhval-ruhiyyə yaradırdı. Bəzən elə olurdu ki, yolda Şuşaya doğru hərəkət edən başqa əsgərlərimizlə də rastlaşırdıq. Bizim tapşırıq çox məsuliyyətli, strateji cəhətdən daha əhəmiyyətli olduğunu dərk edirdik. Ona görə də verilmiş kordinata tez çatmaq üçün yolda ərazq ehtiyatımızı bir yerdə qoymalı olduq. Bilirdik ki, bu ərazilərdən bizim başaq qardaşlarımız keçəcək, qoy həmin ərzağa onlar sahiblənib, istifadə etsinlər.

Nəhayət  iki günlük hərəkətdən sonra bizə deyilən yüksəkliyə çatdıq. Dərhal səngər qazıb mövqelərimizi möhkəmləndirdik. Komandanlığa yerimiz, mövqeyimiz  barədə məlumat verib müşahidəyə başladıq. Noyabrın 6-da gecə Şuşa istiqamətində düşmənin 12 maşından ibarət hərbi kolonunun irəlilədiyini gördük. Dərhal komandanlığa məlumat verib növbəti əmri gözlədik. Bizə əmr olundu ki, nəinki hərbi kolon heç  Şuşa tərəfə quş da uçurmamalısınız. Çox əlverişli yerdə mövqeləndiyimiz üçün ilk olaraq  öndə və arxada gedən maşınları dayandırdıq. Düşmən,təlaş,vahimə, çaşqınlıq içindəydi. Faktiki olaraq mühasirədəydi. Biz düşməni tamamən  məhv etdik. Artıq bizim bu dağlarda movqeləndiyimizi  düşmən bilmiş oldu. Noyabrın 7-də böyük bir dəstə ilə  düşmən üstümüzə hücuma keçdi. Dəqiq desək, ermənilərin 232 nəfərdən ibarət kəşfiyyat bölüyü  təlim görmüş itlərlə   Xüsusi Təyinatlıları üstümüzə gəlirdilər. Döyüş əmri almışdıq. Biz öz torpağımız uğrunda döyüşürdük. Bizim davamız haqq davası, azadlıq davası idi. Biz sayla yox, ürəklə döyüşürdük. Düşmən yaxınlaşdıqca Ağayusifin gülməli söyüşlərini, atmacalarını eşidirdik. Məndən beş metr sağda mövqelənmişdi. Bir də gördüm ki,silahını öpdü. O,andaca düşmənin alman ovçarkasının zingiltisi gəldi. Düşmən sanki yatmışdı onda oyandı. 4 saata yaxın gərgin döyüşlər getdi. 232 nəfərlik bir heyətlə gələn düşmən  bu döyüşlərdə sağ qalan 15-20 nəfərlə  geri çəkilmək məcburiyyətində qaldı. Leş leşə qalanmışdı. Bu döyüşdə bizim iki qardaşımız Şəhid oldu. Komandanlıq yerimizdə möhkəmlənməyi, geri çəkilməməyi, bizə kömək gələcəyini bildirdi. Hava qaralmışdı,gecə idi. Havada yağış, çiskin var idi. Amma heç vercimizə  də deyildi.  Düşmənin yenidən üstümüzə gələcəyini bilirdik. Noyabrın 8-i səhərə yaxın idi. Hava işiqlanırdı. Düşmən yerimizi dəqiq müəyyənləşdirib olduğumuz yeri minamyot atəşinə tutdu. Ardıcıl olaraq biz olan əraziyə 8 minamyot mərmisi düşdü. Görünür, bizimlə döyüşdən sağ alıb qaçan ermənilər koordinatı çox dəqiq vermişdilər. Atəş kəsiləndən sonra sağ qalanlarımız necə sağ qaldığımıza  təccüblənirdik. Cəmi 17 nəfərimiz salamat qalmışdı. 14 nəfər şəhid olub qalanlar da yaralanmışdılar. İnilti səsindən qulaq tutulurdu.Gözüm Ağayusifi gəzirdi.Onun şəhid olacağına qəti inanmırdım.Elə düşünürdüm ki, ən ekstrmal şəraitdə zarafatından qalmayan  Ağayusif yenə zarafatı ilə bir yandan çıxacaq. Heç Şəhid olmaq niyyəti yox idi. Ağayusif həyat eşqli idi. Həmişə də deyirdi “a kişilər iki qızım var eee. Şəhid olsam onları kim böyüdəcək?” Şuşaya yaxınlaşan da da deyirdi ki, Şuşanı da alcağıq, erməninin atasına da od qoyacağıq. Təəsüf ki,Ağayusif o günü görmədi. Alnından qəlpə yarası alıb elə oradaca Şəhid olmuşdu. Komandanlığa minamyot hücumuna məruz qaldığımızı, ağır itki verdiyimizi, lakin tutduğumuz mövqedən  geri çəkilmək niyyətində olmadığımız barədə məlumat verdik. 17 nəfərlə həm mövqemizi qoruyurduq, həm yaralılara yardım edirdik, həm də şəhidlərimizi bir yerə cəmləyirdik. Noyabrın 9-u gecə bizə kömək və təxliyyə gəldi. Biz onda eşitdik ki, artıq Şuşa azaddır. Şuşa bizim əlimizdədir. Noyabrın 10- da düşmənin kaputiliyasıya aktına qol çəkdiyini eşitdik. Biz bu qələbə yolunda nələr vermədik, nələrdən keçmədik? Bu itirdiklərimizdən biri də ,mənim üçün ən qiymətlisi Ağayusif oldu. Ağayusif yəqin məni görür? Mütləq görür… Həmişə bizə deyərdi ki, öldürmək var, ölmək yoxdur. Deyirəm ki,qardaş nə qədər biz varıq , nə qədər vətən var, sən varsan. Vətən sağ olsu. Sağ olsun ki, sən ürəklərdə yaşayasan.

Döyüş yoldaşı Həsən:

-Biz Ağayusiflə Hadrut uğrunda gedən döyüşlərdə tanış olmuşuq.Tuğda bir yerdə vuruşmuşuq.Çox gözəl bir insan idi.Adam ona insan deməyə də dili gəlmir. Bir mələk idi. Hər çətinliyə dözən, özünü yük altına verən ,ağırlığı götürən adam idi. Belələri çox az olur. Çox ailəcanlı idi. Qızlarından danışardı,onların dilin oxşayardı,əzizləyərdi. Vaxt düşən, imkan olan  kimi evlərinə zəng edərdi. Deyəsən bir bacısı bir az xəstə idi.Tez- tez onunla maraqlanar, hətta yalvarardı ki, dərmanını at, müalicə olun. Gələn kimi səni həkimə aparacağam. Çox yaşam həvəsli, eyni zamanda qısasçı idi. Erməniyə qarşı qəribə bir nifrəti var idi. Belə zarafatçıl bir adamda bu qədər nifrətin olmasını anlamaq olmur. Xocavənddən sonra bizə  Şuşaya doğru irəliləmək, düşmənin əsas təchizat yolunu bağlamaq əmr olundu. Birgə, çiyin- çiyinə hərəkət edirdik. Şuşay gedəndə çox sevinirdi. Deyirdi ki,Şuşanı götürsək erməninin belini qırmış olacağıq.Təssüf ki erməninin beli qırıldığI  məqamı görmədi. Noyabrın 8-də qucağmdaca Şəhid oldu. Şəhid olmamışdan 5 dəqiqə qabaq sön sözü bu oldu ki, «Şəhid olsam qızlarıma kim baxacaq?». Dedim Ağa narahat olma sən yaşayacaqsan. Amma Ağayusif getdi. Olmalı olduğu, layiq olduğu ucalığa getdi. Ruhunu göylərə təslim etdi. Allah onu bizdən, sevdiklərindən aldı. 4 nəfər birlikdə onun nəşini maşına qoyduq. İnanın sağ qalan, nəfəsi üstə olan orda kim var idisə Ağayusifə görə ağlayırdı.

Qrdaşıma söz vermişik, onun balaları bizim doğma qardaşımızn balalarıdır. Nə qədər nəfəsimiz var, nə qədər bacarırıq onun ailəsinin yanında olacağıq. Məqamın uca olsun, böyük ürəkli gül ürəkli qardaşım.

Ağayusif Vətən üçün canından keçənlərdən, qorxunu qorxudub, ölümü öldürənlərdən oldu. Vətəni düşmən işğalından azad  edib ruhunu göylərə, cismini torpağa , Vətəni isə bizlərə əmanət edib getdi. Ağayusif vətənin parçalanmaması, dövələtinin daha da güclənmsi üçün canından keçənlərdən, anasının göz yaşına, ailəsinin duasına sığınıb düşmən üstə gedənlərdən oldu. Vətəni bizlərə əmanət edən Ağayusif iki gül balasını da vətənə,onun namusçəkər oğullarına əmanət etdi.

Deyirəm ki, gözün arxada qalmasın, ey Vətən oğlu. Övladların etibarlı əlllərdədir. İndi onlara, bütün Şəhid, qazi balalarına öz doğma övladı kimi baxan, sevən, əzizləyən, bir Prezidentimiz,Müzəfər Ali Baş Komandan var..

İndi mən onun doğulduğu kənddən bir qədər uzaqlarda azad olunmuş bu Vətənə baxıram. Gözlərim boyunca bu əsgəri axtarıram. Amma tapa bilmirəm. Bilirəm ki, o göylərdən yuxrıdan  baxır. Gərək elə əməl sahibi olaq ki, bu torpaq yolunda can qoyanların gözü arxada qalmasın.

Elşən QƏNİ