İkisahil.TV-nin növbəti müsahibi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyevdir
- Musa müəllim, - 27 sentyabr - Anım Günü ərəfəsindəyik. Bu ildən etibarən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
- Bu, ölkə Prezidentinin bizim 44 günlük şanlı Qələbəmizin, İkinci Qarabağ müharibəsində böyük Zəfərimizin əbədiləşdirilməsi üçün çox əhəmiyyətli iki sərəncamından biridir. Bu sərəncamlardan biri 27 sentyabrın Anım Günü, digəri isə 8 noyabrın Zəfər Günü kimi Azərbaycan tarixində qeyd edilməsidir. Sentyabrın 27-də başlayan və qələbəmizə aparan yolda, əməyi, xidməti keçən, ən əhəmiyyətlisi canından keçən Vətən oğullarımızın, qızlarımızın, şəhidlərimizin ruhu qarşısında böyük bir ehtiram əlaməti olaraq qiymətləndirilməlidir. Azərbaycan xalqı heç bir zaman bu bütövləşmədə, qələbədə böyük rolu olmuş igid oğullarımızı, qəhrəman əsgərlərimizi, canından keçən şəhidlərimizi unutmayacaq. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etməyib, erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv edib. Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar. Guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ağır məğlubiyyətə dözməyərək noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atılmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı həmin rayonlarımızda da qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Bu, böyük bir uğur, möhtəşəm qələbədir.
- Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdi və hər kəsə bundan sonra kimsənin ona yiyələnə bilməyəcəyini bir daha göstərdi. Şanlı Qələbəmiz sizə hansı hissləri bəxş etdi?
- Şərəf hissini. Bu, müqayisəyə, ölçüyə gəlməyəcək möhtəşəm hisslərdir. Bu gün heç bir sözlə ifadə edilməyəcək xoşbəxt anlar yaşayırıq. Sevindirici haldır ki, şanlı ordumuz «böyük Ermənistan» xülyasını tam iflasa uğratdı. Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 günün hər günü Azərbaycanın tarixinə Qələbə günü kimi yazıldı. Xalqımız hər gün dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən Qələbə xəbərlərini gözlədi. 27 sentyabr-Anım Günü ərəfəsindəyik. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Müzəffər Ali Baş Komandanın tvitlərini səbrsizliklə gözləyən insanlarımız bu günlərdə həm şəhidlərini anacaq, həm qaziləri, hərbçiləri ilə fəxr edəcək, həm də bir il öncəki həmin anları bir daha yaşayacaqlar. 30 ilə yaxın davam edən həsrətdən sonra Azərbaycanın hər bir vətəndaşı özünü qalib ölkənin məğrur vətəndaşı kimi hiss edir. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində işğal olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik. Bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazın sülh və firavanlığı üçün də etibarlı zəmin yaradacaq. Böyük Qələbənin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Şuşanın azad olunması Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və bu ərazilərdə əbədi dalğalanacaq.
- İqtisadi inkişaf, uğurlu islahatlar, güclü ordu qələbəmizi şərtləndirən amillərdən biri oldu. Bununla bağlı nə deyərdiniz?
- Ölkəmiz hərtərəfli inkişaf etmiş güclü dövlət olduğu kimi, güclü də ordu yarada bilmişdir. Silahli Qüvvələrimizin maddi-texniki bazası tamamilə yenilənmiş, ən müasir silah və texnika ilə təchiz olunmuş və
bu proses hazırda da davam etməkdədir. Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən hərbi təlimlər ordunun şəxsi heyətinin müasir döyüşlərin ən mürəkkəb tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir, ordunun döyüş qabiliyyətini və peşəkarlığını artırır, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə bacarığını daha da təkmilləşdirir. Ötən 18 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar Ali Baş komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə cənab İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Artıq Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır.
- Ölkəmizdə keçirilən beynəlxalq təlimlərin terrorla mübarizədə nə kimi rolu olacaq?
- Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti səbəbindən Azərbaycana həm ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində, həm də beynəlxalq təşkilatlar səviyyəsində əməldə dəstək olan Türkiyə və Pakistan dövlətlərinin dəstəyi eynilə Vətən müharibəsində olduğu kimi, postmüharibə dövründə də davam edir. Tarixə nəzər yetirilən zaman əyani faktlar və konkret addımlar sübut edir ki, bir tərəfdə Ermənistanla sərhədlərini bağlayan Türkiyə dövləti idisə, digər tərəfdə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr məhz Pakistanın dəstəyi ilə qəbul olunmuşdur. Bu iki dövlət qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu ilk günlərdən açıq şəkildə masa üzərinə qoymuşdur. Hər iki dövlətlə bizi bir-birimizə yaxın edənlərdən biri dini, mədəni amillərdirsə, digər bir məsələ də mürəkkəb coğrafi məkanda yerləşən ölkələrimizin üz-üzə qaldığı siyasi problemlərin oxşarlığı və mübarizə apardığımız hədəflərimizin ortaq olmasıdır. Böyük Zəfərimizin eyni coşqu və istəklə həm Türkiyədə, həm də Pakistanda qeyd olunması da xüsusilə vurğulanmalıdır. "Üç Qardaş - 2021" beynəlxalq təlimi həm də terrorla mübarizə aparmaq üçün mühüm əhəmiyyət kəsb edir. Terror qruplaşmaları öz məkrli əməllərini həyata keçirmək üçün müasir texnologiyalardan yeni üsul və metodlar kəşf etmək məqsədilə istifadə edirsə sözügedən beynəlxalq təlim də üç dövlət arasında qarşılıqlı təcrübə mübadiləsi aparılaraq bu üsullara qarşı birgə fəaliyyət planı qurmaq və mübarizə aparmaq baxımından əlverişlidir.
- Bugünün reallıqları belə ümumiləşdirmə aparmağa əsas verir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Xilaskarlıq missiyasını yerinə yetirərək, möhtərəm Prezidentimiz İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adlarını tarixə qızıl hərflərlə yazdıla…
-Əlbəttə. Ümummilli Lider yeni Azərbaycan qurdu. Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl üzərində con 18 ildə daha da zirvələrə yüksəldi. Yeni əsrin yeni Lideri olan Prezident İlham Əliyev öz praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır. Xalqımız ölkə Prezidentinin ətrafında dəmir yumruq kimi birləşib. Azərbaycan irəliyə doğru inamla addımlayır. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Zəfər bunun ən yeni sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən, güc toplayan Azərbaycan xalqı, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı işğalçıdan təmizlənən bütün torpaqlarımızda dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa etdi, Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib