14 sentyabr 2021 20:12
1117

Laçın hərbi təlimləri regionda sülhə və təhlükəsizliyə xidmət edir

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının birgə «Üç qardaş-2021» hərbi təlimləri isə düşmənə göz dağıdır

İkinci Qarabağ müharibəsini 44 günə Zəfərlə başa vuran Azərbaycan üçün bu gün də ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi, modernləşdirilməsi prioritet olaraq qalır. Bu baxımdan, ordumuzun ən müsair silahlarla təmin edilmiş və hərbi təlimlərin davamlı keçirilməsi ön plandadır. Xüsusilə qardaş Türkiyə ilə birgə həm də Laçında hərbi təlimlərin keçirilməsi, eyni zamanda, Ermənistandakı revanşist qüvvələrə ordumuzun  bir əzələ nümayişi idi.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib. Birgə təlimlər hər zamankı kimi Ermənistanda ciddi narahatlıq doğurub. Guya bu təlimlər hərbi-siyasi təzyiq vasitəsidir. Lakin  məğlub ölkə bilməlidir ki, təlim keçirilən ərazi Azərbaycan torpaqlarıdır və buna görə də ölkəmiz öz ərazisinin istənilən nöqtəsində, o cümlədən rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə əməliyyatlar keçirmək hüququna malikdir.

Əgər Azərbaycan Ermənistana hansısa hərbi təzyiq göstərmək istəsə, buna Ali Baş Komandan İlham Əliyevin yaratdığı müzəffər ordunun bircə həmləsi yetər. Necə ki, 44 günlük savaşda yetdi. 

Sentyabrın 12-də Bakıda Azərbaycan Ordusu Türkiyə və Pakistanın xüsusi təyinatlıları ilə birgə «Üç Qardaş – 2021» hərbi təlimlərinə başlayıb. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistan bu gün dünyada bir-birinə ən yaxın dost və qardaş ölkələr kimi tanınırlar. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar. Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün hər üç ölkə liderlərinin qətiyyəti sayəsində əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

«Üç Qardaş – 2021» beynəlxalq təlimləri hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılamasına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir. Təlimin açılışına həsr olunmuş təntənəli mərasimdə Azərbaycan, Türkiyə və Pakistan hərbi nümayəndə heyətlərinin rəhbərləri - Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev, Türkiyə Ordusunun polkovnik-leytenantı Kürşad Konuk və Pakistan Ordsunun polkovnik-leytenantı Aamir Şahzad çıxış edərək qeyd ediblər ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaqdır.

«Üç Qardaş – 2021» beynəlxalq təliminin keçirilməsi bir daha sübut edir ki,  müharibə bitsə də Azərbaycanın Ali Baş Komandanının orduya göstərdiyi diqqət və qayğı, döyüş hazırlığı, maddi-texniki bazanın daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır. Çünki Vətən müharibəsi göstərdi ki, güclü ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm Qələbənin kökündə dayanan reallıqlardır. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı Qələbəsi ilə hazırkı dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirib.

Prezident  İlham Əliyev hərbi quruculuq sahəsində islahatlar aparmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və onlar ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Vətən müharibəsinin başlanmasından 11 ay ötməsinə baxmayaraq, dünyanın inkişaf etmiş ölkələrinin hərbi ekspertləri hələ də Azərbaycan Ordusunun müasir döyüş taktikasından, Şuşa əməliyyatlarından danışırlar.

Bu gün Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir və eyni zamanda, dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi də bu gücə güc qatır. Son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib.

Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir. Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradır və bunlar silahlı qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir.

Bir sözlə, Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir. Bütün bunlar isə cənab İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir əməli nəticəsidir.

 Elçin Zaman, «İki sahil»