Azərbaycan Televiziyası Vətən müharibəsinin başlanmasının ilk ildönümü ilə bağlı sənədli film hazırlayır.
“İki sahil” xəbər verir ki, Azərbaycan Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Biz Qarabağı unutmadıq!” adlı film Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunub.
Filmdə ordumuzun qazandığı tarixi Zəfərindən bəhs olunacaq, müharibədə iştirak etmiş hərbçilərimizin təəssüratları yer alacaq.
Hazırda filmin çəkilişləri davam edir. Filmin premyera tarixi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 2020-ci sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddətdə düşmən işğalı altında qalan Azərbaycan torpaqları 44 gün müddətində azad edildi.