Hərbçilərimiz «Beynəlxalq Ordu oyunları-2021» yarışları çərçivəsində Qazaxıstanda keçirilən «Artilleriya ailəsinin ustaları», Moskvada təşkil olunan «Mədəniyyət Ordusu» yaradıcılıq müsabiqələrində qalib ordunun əsgərləri kimi uğurla iştirak edirlər
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə paytaxtın Azadlıq meydanında keçirilən hərbi paraddakı çıxışında «2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır… Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq» söyləyən Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan xalqına Qələbənin sevincini yaşatdı.
Xalqımız «Dəmir yumruq»un nəticəsi olan Zəfər Paradının həsrətini düz 30 il idi ki, gözləyirdi. İkinci Qarabağ müharibəsindəki Qələbəmizin rəmzi olan, Azadlıq meydanında dalğalanan üçrəngli bayrağımız işğalçı Ermənistan üzərindəki siyasi- hərbi, diplomatik üstünlüyümüzü dünyaya nümayiş etdirdi. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında şücaət göstərən Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin ən müqəddəs hərbi andı, hərbi qüdrətimizin sarsılmazlıq nümunəsi idi.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu istiqamətində aparılan islahatları daha geniş sahədə davam etdirən, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqəti sayəsində ölkəmizin güclənən müdafiə qüdrəti uğurlarımıza həsəd aparan rəqiblərimizi belə heyrətləndirdi. Silahlı Qüvvələrimizin döyüş təcrübəsi nəticəsində qazanılan Qələbə düşmənə öz gücü ilə qalib gələn Azərbaycanı dünyada hərbi qüdrəti ilə seçilən dövlət kimi tanıtdı. Bu Zəfərə çatmaq asan olmasa da, dövlət başçımızın təşəbbüsü ilə ordu quruculuğu istiqamətində davam etdirilən siyasət müsbət nəticəsini verdi. Yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsullar hesabına avadanlıqların, hərbi texnikanın, silah –sursatın ixracının azalması, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda təşkil olunan İDEX beynəlxalq müdafiə sərgilərində iştirakı ölkəmizə marağı artırır. Türkiyə ilə Azərbaycan hərbçiləri arasında ənənəvi olaraq keçirilən «TurAz», «Sarsılmaz Qardaşlıq» adlı hərbi təlimlərdə, “Beynəlxalq Ordu Oyunları” müsabiqələrində iştirak edən Azərbaycan əsgərlərinin hazırlığı barədə səslənən xoş sözlər ölkəmizdə ordu quruculuğuna verilən yüksək qiymətdir. İllərdən bəri ölkənin müdafiə qüdrətinin daha da gücləndirilməsi istiqamətində görülən işlər, Milli Ordumuzun ən müasir silahlarla təminatına yönələn diqqət, Azərbaycanın Silahlı Qüvvələrinin gücünün , qüdrətinin təcəssümü olan İkinci Qarabağ müharibəsindəki Zəfərimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin «Qarabağ Azərbaycandır və nida» sözlərinin də əbədi təsdiqi oldu.
Ötən il dekabr ayında Azadlıq meydanında keçirilən «Dəmir yumruq» adlı hərbi paradın əvvəlkilərdən fərqini «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik» sözləri ilə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi Qələbə ölkəmizin iqtisadi, siyasi, xalq-iqtidar birliyinin gücünü göstərdi. 44 gün ərzində Ermənistan ordusunu məhv edib, «qüdrətli dövlət» mifini dağıdan Azərbaycanın Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu döyüş qabiliyyətilə təsdiqləyən hərbçilərimiz üstünlüklərini düşmən üzərində Qələbəsi ilə təsdiqlədi. Torpaqlarımızın işğal altında qaldığı müddətdə ordumuzun potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, məqsədyönlü şəkildə aparılan islahatlar, ən başlıcası isə xalqımızda , əsgər və zabitlərimizdə Qələbəyə inam əzminin yüksək olması nəticəsində işğala son qoyuldu. Bütün sahələrdə hiss olunan uğurlarımız hərbi qüdrətimizi möhkəmləndirdi.
«Biz «nəyi nə vaxt, necə etmək lazımdır bilirik» deyəndə məhz Zəfər tariximizi nəzərdə tutan, “Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi» söyləyən Prezident İlham Əliyev Qələbəyə ünvanlanan yolda qətiyyətlə irəliləyərək «Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik» sözlərini yerinə yetirdi. Şanlı tariximiz olan İkinci Qarabağ müharibəsindəki Zəfərimiz həm də ədalətin, xalqımızın milli ləyaqətinin təntənəsi idi. Xalq iqtidar-ordu üçlüyünün məntiqi nəticəsi olan birliyimiz nəticəsində düşmən torpaqlarımızdan qovuldu, rəzil hala düşdü, Azərbaycanın gücü qarşısında diz çökdü, kapitulyasiya aktını imzalayaraq ağ bayraq qaldı. Düşmənin məğlubiyyəti Zəfər paradında Azərbaycan Ordusu tərəfindən darmadağın etdirilən Ermənistanın «sınıq-salxaq mifik hərbi arsenalı» ilə təsdiqləndi. Bu gün Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən Ermənistanın dağıdılmış hərbi texnikası da qüdrətli Azərbaycan əsgərinin döyüş rəşadətinin məntiqi nəticəsidir.
44 gün davam edən Vətən müharibəsində güclü siyasi iradə göstərən Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun hər bir əsgəri düşmənə ağır zərbə vurdu. Müharibənin ilk günlərindən Qələbə əzmi ilə döyüşlərə başlayan hərbçilərimiz ən çətin istehkamları belə gücü, qüdrəti, Vətənə məhəbbəti ilə yararaq erməniləri səngərlərini qoyub qaçmağa məcbur etdilər. Hərbi gücü artan, ən müasir silah və sursatlarla təmin edilən Azərbaycan Ordusu Şuşa kimi alınmaz qalanı düşməndən azad edərək dünyanın hərb tarixinə yeni döyüş səhifələri yazdı. Şuşada olanlar etiraf edirlər ki, alınmaz qala olan bu əraziləri işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Azərbaycanın mirvarisi adlandırılan Şuşanı azad etdi. “Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq» söyləyən Ali Baş Komandan İlham Əliyevin qürur doğuran bu sözləri Milli Ordumuzun hərb salnaməsinə yazılıb. İşğaldan azad olunan ərazilərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq dastanı kimi Zəfərimizin müjdəçisidir. Dünyanın aparıcı hərbi məktəblərində xüsusi əməliyyatlar kimi tarixə düşən Azərbaycanın döyüş təcrübəsi öyrənilir, təhlil olunur. Əməliyyatlarda iştirak edən xüsusi təyinatlılarımız, sərhəd, daxili qoşunlar, təhlükəsizlik xidmətlərinin qüvvələri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbçiləri Azərbaycanın müdafiə qüdrətini, döyüş qabiliyyətini, əzmini dünyaya göstərdilər. Hazırda hərbçilərimiz «Beynəlxalq Ordu oyunları-2021» yarışları çərçivəsində Qazaxıstanda keçirilən «Artilleriya ailəsinin ustaları», Moskvada təşkil olunan «Mədəniyyət Ordusu» yaradıcılıq müsabiqələrində iştirak edirlər.
Layiq olduqları məğlubiyyətlərilə razılaşmayan erməni silahlılarının hələ də atəşkəsi pozmaları, işğalçı ölkənin revanşistlərinin yeni müharibə çağırışları səsləndirmələri o deməkdir ki, Hərbi Qənimətlər Parkındakı eksponatların sayı artırılacaq. “Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq” söyləyən Prezident İlham Əliyevin sözləri Müzəffər Ordumuzun qətiyyətli Ali Baş Komandanının siyasi iradəsinin rəmzi kimi həmişə qüvvədədir.
Xuraman İsmayılqızı, “İki sahil”