21 avqust 2021 16:37
1188

Naxçıvan şəhərində “Füzulinin azad olunmasına görə” medalları təqdim edilib

Azərbaycan Ordusunun şəhid zabiti, baş leytenant Elnur Zeynalov, Vətən müharibəsi iştirakçıları kiçik çavuş Nifti Məmmədov və əsgər Mövləddin Süleymanov Füzuli rayonunun erməni işğalından azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək göstərdikləri şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar. Avqustun 21-də medalın təqdim edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirdə Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək, bu gün ölkəmizdə və muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən əməliyyatlarda hərb tarixinə yenilik kimi düşən strategiya ortaya qoyan Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə qısa müddətdə Ermənistan silahlı qüvvələrini darmadağın etdi, tarixi ədaləti bərpa edərək işğala son qoydu, torpaqlarımızı düşməndən geri aldı.

Qeyd edilib ki, digər igid oğullarımız kimi, Naxçıvan şəhər sakinləri kiçik çavuş Nifti Məmmədov və əsgər Mövləddin Süleymanov da Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstəriblər. Hər ikisi ölkə başçısı tərəfindən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar.

Vurğulanıb ki, Vətən uğrunda canını qurban verənlərin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Həmin igid oğullarımızdan biri də 1994-cü ildə Naxçıvan şəhərində anadan olmuş Zeynalov Elnur Elsevər oğludur. Minlərlə qəhrəman hərbçilərimiz kimi, o da 2020-ci il sentyabrın 27-də silaha sarılaraq döyüşlərə atılıb, hərbi əməliyyatlarda iştirak edib, düşmənə layiqli cavab verib, işğal altında olan yurd yerlərimizin azad olunmasında əsl qəhrəmanlıq nümunəsi göstərib. O, xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 iliyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elnur Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis müavini Sultan Zamanov çıxışında igid oğullarımızın Vətən müharibəsindəki şücaətlərindən, dövlətimizin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi qayğıdan danışıb.

Sonra Azərbaycan Ordusunun şəhid zabiti, baş leytenant Elnur Zeynalovun atası Elsevər Zeynalova, kiçik çavuş Nifti Məmmədova və əsgər Mövləddin Süleymanova “Füzulinin azad olunmasına görə” medalı təqdim olunub.

Şəhid atası və Vətən müharibəsi iştirakçıları verilən yüksək qiymətə, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC