15 avqust 2021 21:05
1192

Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivinin iştirakı ilə hərbi hissələrimizdə silsilə tədbirlər keçirilib

Qədim tarixə malik Azərbaycan dövlətçiliyi bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Vətən müharibəsində işğal edilmiş ərazilərimizi 44 gün ərzində azad etməyi bacarmış şanlı ordumuz müstəqil dövlətimizin müdafiəsində ayıq-sayıq dayanır. Dövlətçilik tariximizin lazımınca öyrənilməsi orduda xidmət edən gənclərin vətənpərvərlik duyğularının daha da gücləndirilməsi, onların mənəvi psixoloji hazırlığının yüksəldilməsində zəruri amillərdəndir.

Bu günlərdə Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivi Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi hissələrində olub, “Dövlətçilik tariximizi öyrənək və təbliğ edək” mövzusunda silsilə tədbirlər keçiriblər.

Ənənəvi olaraq tədbir zamanı Azərbaycanın dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü naminə canından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan dövlətçiliyinin tarixinə həsr edilmiş məruzə ilə çıxış edib. Azərbaycan xalqının qədim dövlətçilik tarixinə və zəngin dövlətçilik ənənələrinə malik olduğunu vurğulayan polkovnik qeyd edib ki, Azərbaycan bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayıb.

Keçmiş sovetlər birliyinin süqutu nəticəsində 1991-ci ildə xalqımız öz dövlət müstəqilliyini yenidən bərpa etməyi bacardı. Ancaq Azərbaycan bir sıra ağır xarici və daxili təhdidlərlə üzləşdi.

Muzey rəisinin sözlərinə görə, o zaman Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, elan edilməmiş müharibəsi Azərbaycanın müstəqilliyini sual altında qoymuşdu. Xalqımızın təkidli tələbi ilə zəmanəmizin böyük dövlət adamı Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi və iqtisadi sabitlik yaradıldı. Böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi Azərbaycan üçün taleyüklü sahə olan ordu quruculuğunda ciddi islahatlar üçün əsas oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsinə, dünyanın ən güclü orduları arasında yer almasına təkan verdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusuna ağır zərbələr endirdi, bu ölkəni kapitulyasiyaya məcbur etdi, işğal edilmiş ərazilərimizi düşməndən təmizlədi. Bu tarixi Zəfər Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazıldı.

Tədbirdə Azərbaycan dövlətçiliyi tarixinə həsr edilmiş sənədli film hərbçilər tərəfindən maraqla izlənib.

Təhsil İnstitutunun şöbə müdiri, professor İntiqam Cəbrayılov, tariximizin tədqiqatçıları Pərviz Ağalarov, Qoşqar Salmanlı şərəfli tariximizin müəyyən aspektləri barədə maraqlı çıxışları ilə yadda qalıblar.

Gənc aktrisa Günel Babayevanın səsləndirdiyi şeirləri, populyar müğənnilər Rəşad Mikayılov, Şamil Kərimov və Aysu Cəbrayılovanın ifa etdikləri vətənpərvərlik mövzusunda mahnıları tədbir iştirakçıları alqışlarla qarşılayıblar.

Hərbi hissələrin komandir heyəti maraqlı tədbirə görə Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC