Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Qələbə ilə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan gənclər təşkilatlarının nümayəndələrinin Ağdama səfəri Böyük Qayıdışın bir rəmzi sayıla bilər.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ müharibəsi qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Əhliyyət Mehdiyev Ağdama səfəri zamanı deyib.
Əhliyyət Mehdiyev bildirib ki, Ağdam işğal olunanda düşmən nəinki yurd yerlərimizi tar-mar etdi, eyni zamanda, ağdamlı gənclərin arzularının da üstündən xətt çəkdi: “Neçə-neçə gəncimiz bu torpaqlar uğrunda şəhid oldu, qalanları da öz yurdlarından əliyalın didərgin salındı. Qaçqın düşən həmin gənclər illər sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə müasir silahlarla silahlanıb tank belində öz yurdlarına sahib çıxdılar. Düşməni iti qovan kimi qovub torpaqlarımızı azad etdilər. Bunun biz gənclərə yaşatdığı sevinc və qürur hissini sözlə ifadə etmək mümkün deyil”.
“Ermənistan Ağdamı, həmçinin vaxtilə işğal altında olan digər torpaqlarımızı yerlə-yeksan edib, viran qoyub, nadir tarixi, mədəni və dini abidələrimizi darmadağın edib. Amma bu gün qəhrəman oğullarımızın sayəsində Qarabağ torpağında, Ağdamdayıq. Buna görə çox şadıq. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz azad olunmuş torpaqlarımızda, o cümlədən Ağdamda çox qısa müddətdə ən müasir şəhər salacaq, burada həyat yenidən öz axarına qayıdacaq və bölgənin cənnət guşəsinə çevriləcək”, - deyə Qarabağ müharibəsi qazisi əlavə edib.