08 avqust 2021 13:06
2929

Vətən Müharibəsi Qəhrəmanı: Hərbi Hava Qüvvələri hər zaman bütün təxribatları dəf etməyə hazırdır

Avqustun 8-də Hərbi Hava Qüvvələrinin Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi başa çatdı. Bu tədbirin digər illərdəki andiçmə mərasimlərindən özəlliyi ondan ibarətdir ki, biz qalib Ordunun zabitləri, əsgərləriyik. Bizim əsgərlərimiz qalib Ordunun hərbçiləri kimi and içdilər.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri andiçmə mərasimi zamanı jurnalistlərə müsahibəsində Hərbi Hava Qüvvələrinin zabiti Vətən Müharibəsi Qəhrəmanı mayor Səfər Qurbanov bildirib.

Səfər Qurbanov deyib: “Bugünkü andiçmə günü münasibətilə gənc əsgərlərimizi səmimi-qəlbdən təbrik edir, xidmətlərində uğurlar arzulayıram. Biz də öz növbəmizdə müharibə iştirakçısı kimi əsgərlərimizə əlimizdən nə gəlir köməklik etməyə hazırıq. Onların ixtisas hazırlığında, vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışırıq və bundan sonra da bacardığımız nə varsa edəcəyik. Vətən müharibəsində Hərbi Hava Qüvvələrimiz də uğurlu iştirak etdi. Həm düşmən təyyarələrinin, həm də ballistik raketlərin məhv edilməsində bizim Hərbi Hava Qüvvələri böyük iş gördü. Bu da onun göstəricisidir ki, Hərbi Hava Qüvvələri hər zaman bütün təxribatları dəf etməyə hazırdır. Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını bundan sonra da ciddi bir şəkildə icra edəcəyik”.