Avqustun 8-də Hərbi Hava Qüvvələrinin Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gənc əsgərlər təntənəli şəkildə hərbi and içdikdən sonra Hərbi Hava Qüvvələrinin komandan müavini polkovnik Elşad Pənahov, Hərbi Hava Qüvvələri N saylı hərbi hissənin hərbi hissə komandiri polkovnik Elnur Rüstəmov çıxış edərək Hərbi Hava Qüvvələrinin rəisi general-polkovnik Ramiz Tahirovun təbriklərini çatdıraraq onlara xidmətlərində uğurlar arzulayıblar.
Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qonaq qismində şəhid yaxınları, qazilər və Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib.
Çıxışda gənc əsgərlərin Hərbi Hava Qüvvələri heyəti sırasına daxil olduqları dövrün Azərbaycan Hava Müdafiəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyi vurğulanıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən il sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, 44 günlük Vətən müharibəsinin Ermənistan üzərində parlaq Qələbəmizlə başa çatdığı diqqətə çatdırılıb.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə edilərək onlara müvəffəqiyyətlər arzulanıb.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Tədbir xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla keçirilib və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılıb.