Son zamanlar məişət zorakılığı ilə bağlı xəbərlərə çox rast gəlirik. Məişət zorakılığı sosial bəla kimi cəmiyyətə öz mənfi təsirlərini göstərməkdədir. Məişət zorakılığından zərərçəkən şəxsin – adətən qadınların ruhi, fiziki və reproduktiv sağlamlıqlarına ciddi problemlər yaranır. Ailədaxili zorakılığın bir norma deyil, cinayət olduğunu hər kəs qəbul etsə, bunun qarşısının alınması da bir o qədər sürətli olar.
Bəs məişət zorakılığını yaradan amillər nədir? Problemin həlli üçün hansı tədbirlər görülməlidir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamalarından süi-istifadə etməklə bir şəxsin digər şəxsə qarşı törətmiş olduğu mənəvi və fiziki zorakılıqdır: “Bu günlərdə KİV vasitələrindən daxil olan müraciətlərə də nəzər salsaq görərik ki, məişət zorakılığının fiziki növündə də artıq artım müşahidə olunur. Məişət zorakılığının əsasında duran bir çox səbəblər var. Məsələn qadınların sərbəstlik tələbləri, işsizlik, sosial rifahın aşağı olması kimi məsələlər, xüsusilə də yaxın qohumların ailələrə müdaxiləsi, ailədəki maddi problemlər, ailə fərdləri arasındakı anlaşılmazlıq adət-ənənələr və mənfi stereotipləri qeyd etmək olar.”
Vətəndaşlar hansı quruma müraciət etməli olduğunu bilmirlər
Müsahibimiz qeyd etdi ki, bu kimi halların qarşısını almaq üçün 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Qanun qəbul olunduqdan sonra 2011 və 2012-ci illərdə qanunun icra mexanizmləri qəbul olunmuşdu və bu kimi digər normativ hüquqi aktların qəbulu davam etməkdədir. Lakin bəzən qəbul olunmuş normativ hüquqi aktlara baxmayaraq vətəndaşlar bu gün də zorakılıq faktları ilə bağlı hara müraciət etməli olduqlarını bilmirlər. Bu da təbii ki, çox ürəkağrıdıcı faktdır. Aparılan sorğular da bunu təsdiqləyir ki, vətəndaşlar belə vəziyyətdə hansı quruma şikayət etməli olduğunu dəqiq bilmirlər. Məsələn aparılan sorğu zamanı məlum olub ki, suala cavab verən respondentlərin 43,62 faizi hüquq mühafizə orqanlarına, 31,38 faizi Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, digər 35-20 faizi isə heç bir orqana müraciət etmədiyini qeyd etmişdi.
R. Süleymanzadə xatırlatdı ki, 2015-ci ildə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə bütün rayon icra hakimiyyətlərində monitorinq qrupları yaradılmışdır. Baş vermiş istənilən məişət zorakılığı faktı ilə bağlı məsələlər əgər, əməldə cinayət tərkibi yoxdursa, ilk olaraq həmin monitorinq və nəzarət qruplarında araşdırılır. Əgər, əməldə cinayət tərkibi varsa, təbii ki, bunu hüquq-mühafizə orqanları tərəfindən baxılır.
Sığınacaqlarla bağlı bir sıra çətinliklər mövcuddur
Həmsöhbətimiz əlavə etdi ki, bu gün zorakılığa məruz qalmış qadınlarla bağlı yayılan məlumatlar ürəkağrıdıcıdır. Məsələn qadın şikayət edir, şikayət etdiyi axşam artıq onun barəsində xoşagəlməz xəbərlər eşidirik. Bu da onunla bağlıdır ki, sığınacaqlarla bağlı bir sıra çətinliklər mövcuddur. Dövlət sığınacaq müəssisələrinin olmaması şikayət edən qadının evdə təbii ki, zorakılığa daha çox məruz qalmasına gətirib çıxarır. Bununla da bağlı yaxın gələckdə qanunvericilikdə tədbirlər görüləcək.
Müsahibimiz vurğuladı ki, vətəndaş cəmiyyəti institutları bu sahədə daha fəal olmalıdır. İstənilən zorakılıq faktları ilə bağlı həm rayon İcra Hakimiyyətlərində yaradılmış gender zorakılğı və uşaqlara qarşı zorakılıqla bağlı monitorinq qruplarına, hüquq-mühafizə orqanlarına, eyni zamanda, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət edilməli və qısa müddət ərzində həmin müraciətlərə baxılıb qərar qəbul olunmalıdır.
Ailədaxili münasibətlərin gərginləşməsi zəminində məişət zorakılığı halları daha geniş yayılıb
Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin müdiri, sosioloq Ayşəm Balayeva “İki sahil”ə açıqlamasında bildirdi ki, problemin kökündə təbii ki, sosial, iqtisadi, mədəni amillərlə yanaşı mövcud stereotiplər dayanır: “Uşaqlıqdan oğlan uşaqlarına onların güclü olması, döyülməkdənsə kimisə döyməsinin, kişinin daha kobud olması kimi fikirlərin yüklənməsi nəticədə zorakılığa meyilli kişilərin formalaşmasına gətirib çıxarır. Burada əlbəttə ki, zorakılığa şahid olan insanların bu hala heç bir reaksiya verməməsi də əsas problemlərdən biridir.”
Qadınlara qarşı qanunvericiliklə hər hansı ayrı-seçkilik halları olmasa da, cəmiyyətdə qadınlara olan münasibət qeyri-bərabərdir
Sosioloq qeyd etdi ki, bu məsələdə qadınların öz hüquqlarını bilməməsi, xüsusən də təhsil səviyyəsi aşağı olan qadınların məlumatsızlığı onların hüquqlarının daha çox tapdanmasına səbəb olur. 2020-ci ildə aparılan tədqiqatın nəticələrindən bəlli oldu ki, qadınların 43.4 faizi məişət zorakılığı ilə bağlı mövcud müdafiə vasitələri haqqında məlumatsızdır: “Qadınların fiziki cəhətdən kişilərlə müqayisədə daha zəif olması, onların özünümüdafiə mexanizmlərini bilməməsi qadınların zorakılıq qurbanına çevrilməsi ilə nəticələnir. Qeyd etmək lazımdır ki, zorakılıq halları latent xarakterlidir, yəni bunun dəqiq statistikasının aparılması mümkün deyil. İctimailəşən zorakılıq halları ilə yanaşı çoxsaylı zorakılıq halları gizlində qalır. Zorakılıq törədən şəxslərin cəzalandırılmaması, onların bu hərəkətləri ilə müvafiq qurumlara məlumat verilməməsi onların bu mövzuda daha “rahat” davranışına səbəb olur.”
İnsanlar “mənə nə”, “mən şikayət etsəm sabah mənə problem olar” fikrindən uzaqlaşmalı, “bu gün başqası qurban oldusa, sabah mən ola bilərəm” düşüncəsi ilə yanaşmalıdırlar
Müsahibimiz əlavə etdi ki, zorakılıqla mübarizədə ictimai qınaq çox əhəmiyyətlidir. Adətən mövcud stereotiplərə görə zorakılıq törədən şəxs yox, zorakılığa məruz qalan şəxs ictimai qınağa səbəb olur. Qadının özünümüdafiəsi üçün hansısa quruma müraciət etməsi, ona qarşı mənfi reaksiyaya səbəb olur. Lakin bu yanaşma dəyişməlidir. Zorakılıq törədən şəxs daha çox ictimai qınaq obyektinə çevrilməlidir, onun cəzalandırılması tələb olunmalıdır.
Anasının atası tərəfindən döyüldüyünü görən uşağın atasına sevgisi...
Həmsöhbətimiz vurğuladı ki, bu uşaqlar psixoloji travma almaqla yanaşı, bir çox hallarda xəsarət ala bilir, həmçinin zorakılıq qurbanı olurlar. Uşağın yaşadıqları onun təhsilində, səhhətində, çevrəsi ilə münasibətlərində də özünü göstərir. Ən narahatedici tərəfi isə bu uşağın da gələcəkdə zorakılıq törədən şəxsə çevrilməsinə səbəb olur. Davamlı anasının atası tərəfindən döyüldüyünü görən uşağın atasına sevgisi də məcburi olur. Çünki uşaqlar anası ilə empatiya halında yaşayır. Həmçinin, gördükləri hadisələr uşaqlarda bütün məsələlərin ancaq qol gücü ilə həll oluna biləcəyi fikrinin formalaşmasına səbəb olur. Zorakılıq mühitində böyüyən uşaqların gələcəkdə deviant davranışlı insanlara çevrilməsi ehtimalı daha çoxdur.
A.Balayeva xatırlatdı ki, sosial işçilərin, psixoloqların, ailərlə işləyən mütəxəssislərin sayının artırılmasına və onların əlçatanlığının təmin edilməsinə çox böyük ehtiyac var: “Qurumlar arasında koordinasiyanın yaradılması çox zəruri məsələdir. Hər bir qurum əməkdaşı zorakılığa məruz qalmış qadın ona müraciət etdikdə onu növbəti mərhələdə hara yönləndirilə biləcəyi ilə bağlı məlumatlı olmalıdır. Hansı peşənin sahibi olmasından asılı olmayaraq həmin şəxs bu qadının müraciətindən əlavə insan olduğunu dərk etməli, onun sonrakı taleyi ilə bağlı da narahat olmalıdır. Zorakılıqla mübarizə zəncirvari xarakterlidir. Zəncirin hər hansı yerində bir halqa çıxarsa bu iş səmərəsiz olar. Ona görə zoralılıqla mübarizədə başqalarının nəsə etməsini gözləmək əvəzinə hər kəs özü bir addım atmalıdır. Və addımla başqalarına nümunə olaraq onları da təşviq etməklə daha geniş çərçivədə mübarizə etmək olar. Zorakılığın baş vermədiyi cəmiyyəti özümüz yaradaq.”
Mediada zorakılıqla mübarizəyə aid məlumatlar çox olmalıdır
Sosioloq bildirdi ki, davamlı olaraq insanlara bu istiqamətdə məlumatlar verilsə, onlara problemin həllinin yalnız zorakılıqla, döymək və öldürməkdə yox danışaraq da mümkün ola biləcəyini özündə əks etdirən faydalı, xüsusən peşəkar aparıcıların və mütəxəssislərin iştirak etdiyi verilişlərin sayı çox olsa zorakılıq hallarının da çoxalmasının qarşısını almaq olar. Mediada zorakılığa məruz qalan şəxslərin müraciət edə biləcəkləri qurumlar, onların əlaqə vasitələri ilə bağlı davamlı məlumatlar verilməlidir. Statistika da onu göstərir ki, həmin şəxslər hara müraciət edəcəkləri ilə bağlı məlumatsızdırlar. Bunun üçün sosial reklamların sayı çoxalmalı, efirdə gedən verilişlərin içərisində sosial reklam kimi həmin qurumların ünvanları, telefonları göstərilməlidir.
Günahkar cəmiyyətimizdir, mentalitetdən dolayı yaranan düşüncə tərzidir
Harmoniya Psixologiya mərkəzinin rəhbəri və baş psixoloqu Aygün Ağabalayeva isə bildirdi ki, məişət zorakılığı cəmiyyətimizdə sosial bəla kimi öz mənfi təsirlərini göstərir. Qadınlarımız tək həyat yoldaşı yox, digər ailə üzvləri tərəfindən də zərər görür, həm psixoloji, həm də fiziki zorakılığa məruz qalırlar. Qadınların sosial fərd kimi cəmiyyətdə iştirakının qarşısı alınır. Nə qədər ailələr var ki, bunu üzə çıxarmırlar. Məişət zorakılığının bu qədər aktuallaşmasın günahkar və səbəbkar təkcə bir fərd deyil, günahkar cəmiyyətimizdir, mentalitetdən dolayı yaranan düşüncə tərzidir.
Psixoloqun sözlərinə görə, məişət zorakılığı yaşanan ailələrdə böyüyən uşaqlar da gələcəkdə böyük problemlər yarada bilən şəxslər kimi böyüyürlər. Çünki onlar yetərincə qayğı və sevgi görmürlər. Onlarda özlərinə qapanma yaranır. Bir çox hallarda elə uşaqlar utancaq olur. Dərslərində hiss olunacaq qədər geriləmələr yaranır. Təbii ki, təlim-tərbiyəsində ciddi problem və çatışmazlıq olur. Belə uşaqlar sabah cəmiyyətin inkişafında heç bir əhəmiyyətli rol oynamayacaq. Yeri gələndə cinayətlərə doğru addımlar atacaqlar. Müşahidələr onu deməyə əsas verir ki, adətən ailəsində anasına ,digər qadınlara qarşı olan neqativ münasibət, aqressiya şiddət görən oğlanlarımız onu çox vaxt öz ailələrində tətbiq edirlər. Ən əsas səbəb isə erkən nikahlar, cütlüklərin arasındakı böyük yaş faktorudur. Məişət zorakılığı yaşanan ailələlərdə böyüyən uşaqlar, ən çox da qızlarımız ya ümumiyyətlə ailə qurmaq istəmirlər və ya ilk qarşılarına çıxanlar ailə qururlar ki, bu zülmdən qurtulsunlar. Nəticədə “inandığı” yeni ailədə də eyni situasiya ilə təkrar qarşılaşırlar. Müəyyən cütlüklər də var ki, nişanlı vaxtında oğlan tərəfindən qızlarımız şiddət və aqresiya, kobudluq görür. Çox yaxşı olar ki, toydan öncə cütlüklər psixiatr, psixoloq müayinəsindən də keçsinlər. Çünki zamanında mütəxəssis müdaxiləsi olanda yarana biləcək bir çox neqativ halların qarşısını almaq olur. Ailə inam, hörmət, sevgi üzərində qurulmalıdır. Ailə insan “mən”liyini unutmayıb, biz olmaq bacarığıdır".
Məişət zorakılığına hələ də ciddi problem kimi baxılmır
“Baku Psychology School”un psixoloqu Səbinə İsmayılova isə hesab edir ki, ən böyük problem odur ki, Azərbaycanda məişət zorakılığına hələ də ciddi problem kimi baxılmır. Digər patriarxal normaların güclü olduğu ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyəti də kişini evin sahibi, arxa-dayağı hesab edir. Buna görə də onun partnyoruna qarşı cəza tətbiq etməsi və şiddət törətməsi normal hal kimi qarşılanır: “Məişət zorakılığının bu qədər aktuallaşmasına səbəb cəmiyyətin bu işdə birbaşavə ya dolayı yolla iştirakıdır. Çünki məişət zorakılığı qohumlar, tanışlar, qonşular tərəfindən zorakılığa bəraət qazandırılması, günahı hər zaman qurbanda görməsi ənənəvi olaraq kişilərin dominat və partnyorlarını nəzarətdə saxlamalı olduğu inancı ilə sosial yükü bəlaya çevirmiş olur.”
Psixoloq əlavə etdi ki, məişət zorakılığı hallarının artmasına səbəb olan başqa amillər də var: “Məsələn, medianın məişət zorakılığı hallarını adi xəbər kimi yayması, bu sahədə marifləndirici materialların azlığı, zorakılıq qurbanlarının şikayətlərinə düzgün baxılmaması, şikayət edən qadına qarşı qeyri-ciddi münasibət, utandırma, zorakı şəxsə müvafiq cəzaların verilməməsi və ya verilən cəzaların icrasına nəzarət edilməməsini qeyd etmək olar. Tədris prosesində qadın və kişinin bərabərhüquqlu olduğu şagirdlərə aşılanmalıdır".
S.İsmayılova xatırlatdı ki, belə mühitdə böyüyən qızlar ailədə anasına qarşı törədilən zorakılığa şahid olur. Bu qızlar gələcəkdə ailəsində şiddətlə üzləşir. Bu iki səbəbdən olur. Həmin qızlar öz anasına qarşı şiddətə şahid olmuş olur və anasının kömək axtarmadığını görür. Gələcəkdə həmin qız öz ərindən zorakılıq gördükdə kömək axtarmamağa meyilli olur, göstərilən şiddət ona normal hal kimi gəlir. Yaxud da həyat yoldaşında şiddət görməmək üçün onun dediyi hər bir sözə “hə” deyir. Çünki qarşı tərəf onu qorxudur.
Həmsöhbətimiz vurğuladı ki, qadının davamlı olaraq şiddət görməsi nəticəsində bədən xəsarətləri, sağalmaz zədələr alır, xəstəliklərlə üz-üzə qalırlar. Hətta onların tibbi ehtiyaca görə həkimə müraciət etməsinə belə imkan verilmir: “Məişət zorakılığının cəmiyyət üçün ağır fəsadlarından biri də psixoloji travma almış uşaqlardır. Tədqiqatlar da göstərir ki, məişət zorakılığı mühitində yaşayan uşaqların 60 faizi inkişaflarının sonrakı dövrlərində psixi problemlər yaşayırlar. Bu simptomlar sonradan böyük fəsadlar yarada bilir".
Yaqut Ağaşahqızı, “İki sahil”