Artıq ümumbəşəri bəlaya çevrilən narkomaniya müasir dövrün ən ciddi sosial problemlərindən biridir. Sərhəd tanımayan bu bəla cəmiyyətimiz üçün də həlli vacib məsələlərdən birinə çevrildiyindən, ölkəmizdə də bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, islahatlar həyata keçirilmiş və keçirilməkdədir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir. Ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa qarşı mübarizə ümumdövlət və ümumxalq vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu uil tarixli Sərəncam ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Dövlət Proqramının məqsədi isə respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Məlum olduğu kimi narkomaniya ilə mübarizədə ən effektiv və sınanmış üsullardan biri maarifləndirmədir. Xüsusilə nəzərə alsaq ki, media şəxsiyyətin formalaşmasında müstəsna rola malikdir, deməli insanın şəxsiyyətindəki müəyyən boşluqlarla birbaşa bağlı olan narkotik maddə asılılığına qarşı mübarizədə mediadan istifadə şəxslərə maariflənməni əlçatan etmək üçün ən optimal metod olaraq qalır. Məhz media ictimaiyyəti narkotik vasitələrin yaratdığı faciələr barədə məlumatlandırır və onun qarşısının alınmasında maarifləndirici rol oynayır. Narkomanlığa qarşı mübarizə çərçivəsində təbliğat işinin aparılmasında medianın imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən araşdırma yazıların və məqalələrin dərcinin davamlılığının təmin edilməsi atılan mühüm addımlardandır. Eyni zamanda narkomanlığa qarşı təbliğat işinin aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin davamlılığının təmin edilməsi və sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, aidiyyəti dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların mediada geniş işıqlandırılması vacib faktorlardandır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daim fəaliyyət göstərən İşçi qrupunun tədbirlər planına uyğun olaraq mövzu ilə bağlı informasiya agentlikləri, onlayn və çap mediası subyektləri çoxsaylı materiallar dərc etmiş, ayrı-ayrı dövlət qurumlarının həyata keçirdiyi layihələr geniş işıqlandırılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilən rəqəmlərə əsasən, 2025-ci ilin ilk 4 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2992 cinayət faktı aşkarlanmışdır. Onlardan 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2074-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 271 kq 278,043 qramını marixuana, 140 kq 727,95 qramını heroin, 60 kq 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş, 21 kq 378,121 qramını digər narkotik vasitələr və 68 kq 104,632 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 4263 ədəd metadon, 2578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür. Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 68 milyon 673 min AZN kimi qiymətləndirilir. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 58,2%, psixotrop maddələrin çəkisi 35,5% azalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində narkomanlığa qarşı mübarizə mövzusunun mütəmadi işıqlandırılması, media subyektləri tərəfindən narkomanlıq və onun fəsadları barədə daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması istiqamətində də işlər görülməkdədir. Medianın İnkişafı Agentliyi tərəfindən il ərzində maliyyə yardımı göstərilən 17 çap və 39 onlayn media subyektində narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər barədə vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili də daxil olmaqla, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, qanunsuz alverə sövqetmə hallarının ifşası, narkotik asılılığın səbəb ola biləcəyi həyati risklər, narkomaniyanın yaratdığı ictimai və sosial problemlər barədə maarifləndirmə istiqamətində çox sayda məlumatlar yayımlanmışdır.
Qeyd etməliyik ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət, ictimai qurum və təşkilatlar, xüsusilə media subyektləri aktiv iştirak etməlidir. Dövlətin narkomaniya ilə mübarizə sahəsində apardığı kompleks ardıcıl qətiyyətli siyasət, həyata keçirilən tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verməkdədir.
Nаrkоmаniya bəlasının gələcək nəsillərin tаlеyində оynаyа biləcəyi mənfi rоlu nəzərə аlаn Ümummlli Lidеr Hеydər Əliyеv qeyd edridi: “Biz dünyаdа ümumbəşəri prоblеmlərin tеz həll оlunmаsının tərəfdаrıyıq və bundаn sоnrа dа bütün insаnlаr üçün böyük təhlükə оlаn nаrkоmаniyа və nаrkоbiznеslə mübаrizənin ön sırаlаrındа оlаcаğıq.”
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi