26 may 2021 21:33
1855

Bu dünya pəncərəmi?...

Unudulmaz müəllimim, professor Məmmədəli Hüseynovun əziz xatirəsinə

“Azıx mağarasının girişindəyik... Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik... “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Ömür kitabından səhifələr: Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin haqqında bəhs etdiyi  Məmmədəli Murad oğlu Hüseynov 3 aprel 1922-ci ildə Ağstafa  rayonunun Molla Cəfərli kəndində anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş, 1951-ci ildə bu ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin ildə  Azərbaycan Tarixi Muzeyində elmi fəaliyyətə başlamışdır. 1953-cü ilin noyabr ayında onun dissertasiya işinin elmi rəhbəri, görkəmli sovet poleolitşünas alimi, professor Sergey Zamyatinlə birlikdə Qazax rayonundakı Damcılı düşərgəsində apardıqları qazıntılar zamanı  bəşər sivilizasiyasının ən qədim nümunələrindən sayılan müstye, mezolit və neolit dövrlərinə aid materiallar tapılmış, bununla da hələ 1881-ci ildə Tiflisdə keçirilmiş V arxeoloji qurultayda Azərbaycan ərazisində daş dövrü abidələrinin mövcud olması barədə qəbul edilmiş qərarın əsaslılığı sübuta yetirilmişdir.

1956-cı ildə Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində M.Hüseynovun rəhbərliyi altında təşkil edilmiş paleolit arxeoloji ekspedisiyası 1956-1958-ci illərdə Qazaxdakı  Damcılı mağara düşərgəsində qazıntı işlərini davam etdirməklə yanaşı, rayonun Daş Salahlı kəndində Daş Salahlı müstye düşərgəsini aşkara çıxarmışdır. Məmmədəli müəllim 1960-cı ildə Tbilisidə Gürcüstan Arxeologiya, Etnoqrafiya  və Tarix  İnstitutunun Elmi Şurasında “Aveydağın poleolit düşərgələri” mövzusunda namizdəlik dissertasiyasını uğurla müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

M. Hüseynov 1960-cı ildə Qarabağın Quruçay və Köndələnçay çaylarının sahillərində (Füzuli şəhərindən 16 km. aralıda, Tuğ çökəkliyində) arxeoloji kəşfiyyat işləri apararaq çoxtəbəqəli Azıx və Tağlar düşərgələrini aşkar etmişdir.1960-1986-cı illərdə Azıx qədim insan düşərgəsində Məmmədəli müəllimin rəhbərliyi ilə aparılan kompleks tədqiqatlar zamanı 10 arxeoloji təbəqə aşkar olunmuş, düşərgənin III, V və  X təbəqələrindən 7 mindən artıq daş məmulatı, 100 mindən çox ovlanmış heyvanların qalıqları üzə çıxarılmışdır. Kompleks-arxeololji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hələ 1,5 milyon il bundan əvvəl Quruçay vadisində mülayim iqlim şəraitində çoxlu heyvanlar yaşamışlar.M.Hüseynov 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsində apardığı qazıntılar zamanı əmək alətləri ilə birlikdə az sonra bu görkəmli arxeoloq-alimi və bütövlükdə Azərbaycan tarix elmini dünyada şöhrətləndirən nadir bir nümunə-ibtidai  insanın alt çənə sümüyünün bir hissəsini tapmışdır. Biologiya elmləri doktoru, professor Dəmir Hacıyevin bu unikal tapıntı üzərində apardığı tədqiqatlar nəticəsində həmin çənə sümüyünün təqribən 350-400 min il bundan əvvəl Azərbaycanda yaşamış 18-22 yaşlı qadına məxsus olduğu müəyyən edilmişdir. Sonralar dünya arxeologiya elminə Azıxantrop adı ilə məlum olan bu unikal tapıntı “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir. Mağaranın VII-X təbəqələrində indiyədək dünyanın heç bir poleolit düşərgəsində rast gəlinməyən əmək alətləri tapıldığına görə aşağı təbəqələrin arxeoloji tapıntılarına Quruçay mədəniyyəti adı verilmişdir. Hazırda Quruçay mədəniyyəti Yaxın Şərq və Qafqaz ərazilərində ən qədim arxeoloji mədəniyyət nümunəsi hesab olunur.

M.Hüseynov 1985-ci ildə  Kiyevdə “Azərbaycanın qədim poleoliti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini almış, 1987-ci ildə ona professor adı verilmişdir. Görkəmli arxeoloq 1971-1994-cü illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmiş, eyni zamanda, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi olmuş,1976-1993-cü illərdə burada özünün yaratdığı Arxeologiya və etnoqrafiya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. 6 kitabın və 100-dən çox elmi əsərin müəllifi olan Məmmədəli Hüseynov 1994-cü il iyulun 6-da ömrünün 73-cü ilində dünyasını dəyişmişdir.  

Bir xatirə dəftərinə bənzəyir ömür. Orada yazılanlar qayaüstü rəsmlərdi elə bil. Mən indi illərin o üzündə qalmış xatirələrimi iynənin gözündən keçən işıqda axtarıram sanki. İşıqlar səyriyir. Qayaüstü rəsmlər pıçıltı-pıçıltı dil açır. Doğma, əziz insanların işıqlı çöhrələri gözlərim önündə canlanır. Onlar məni yerlərdən göylərə qaldırmış, həyat adlı ənginliklərdə “uçmağa” qol-qanad vermiş əziz müəllimlərimdir...

İki adaş müəllimim haqqında bir neçə söz...

Orta və ali məktəblərdə mənə dərs demiş, ömrüm boyu hər birinə dərin hörmət və ehtiram bəslədiyim müəllimlərim. Onlardan birincisi məktəb adlı məbədgaha ayaq basdığım gündən mənə qələm tutmağı, müqəddəs Ana, Vətən kəlmələrini yazmağı öyrədib, ikincisi isə ali təhsil ocağında ixtisas fənni üzrə diplom rəhbərim olub.

Ötən əsrin 50-ci illərinin ikinci yarısında Ağdaş rayonunun Ərəb-Şəki kəndində ilk öyrədənim olmuş Məmmədəli müəllimlə 70-ci illərdə Bakı Dövlət Universitetinin  Tarix fakültəsində mənə arxeologiyadan dərs demiş Məmmədəli müəllim formaca bir-birinə bənzəməsələr də xaraktercə oxşarlıqları çox idi. Hər ikisi yaddaşımda müəllim sənətinin vurğunu kimi qalıb. Yaxşı oxuyan, intizamlı şagird və tələbə hər ikisinin gözünün işığı idi. İbtidai məktəbdəki Məmmədəli müəllim yaddaşıma hündürboylu, arıq adam kimi həkk olunub. Dərisinin rəngi ağappaq olduğuna görə hamımız onu gizlincə “pçennik müəllim” adlandırırdıq. Bu  “pçennik” sözünün haləsində həm də bir şirinlik, doğmalıq, simsarlıq gizlənirdi. Universitetdəki Məmmədəli müəllim isə ortaboylu idi. Ona nə kök, nə də arıq demək olardı. İlk baxışdan diqqəti cəlb edən şux yerişi, məğrur duruşu, sifətinə daim ciddi görkəm verməsi açığını deyim ki, biz tələbələri əməlli-başlı qorxudurdu. Bu ciddiliyin arxasında sirli bir dünya gizlənirdi sanki. Bu sirli dünya hər birimizdə nağıllardakı 40-cı otağı görmək marağı doğururdu. Nədənsə bizlərə  elə gəlirdi ki, qarşıdakı imtahanda ondan qiymət almaq uca dağın zirvəsindən qar gətirməkdən də çətin və müşkül bir iş olacaq. İlk mühazirələrinin birində yaxın günlərdə bizimlə seminar aparacağını elan etməsi, üstəlik dönə-dönə yaxşı hazırlaşmağımızı tapşırması, necə deyərlər, canımıza vəlvələ salmışdı. Ona görə də seminar gününü, xüsusilə hansımızı birinci çağıracağını təlaş dolu həyəcanla gözləyirdik.

 

Narahatlığımıza necə son qoyuldu?

 

Nəhayət, o gün gəldi. Məmmədəli müəllim jurnala diqqətlə göz gəzdirdikdən sonra auditoriyaya çökmüş sükutu çilikləyən qaltanlı bir səslə:- Məmmədov İbrahim buyursun-dedi. Yaşca bizim hamımızdan xeyli böyük olan İbrahimin oxumaqdan başqa nə ilə desən arası saz idi. Təbii ki, bu seminara da hazırlaşmamışdı. Ona görə də könülsüz halda lövhənin qarşısına çıxdı və  başladı necə deyərlər, dağı arana, aranı da dağa daşımağa. İbrahimə elə gəlirdi ki, jurnalda qeydlər aparan müəllim ona qulaq asmır. Bu səbəbdən də fürsətdən yararlanaraq, necə deyərlər, üyüdüb-tökürdü. Hansısa arxeoloji terminin qolunu-qabırğasını sındırıb birtəhər ötüşmək istəyirdi ki,  birdən Məmmədəli müəllim başını yuxarı qaldırıb üzünü İbrahim tərəfə çevirdi və ötkəm səslə:-Dediyini bir də təkrar et görüm,bala,-deyə soruşdu. Müəllimin gur səsi və ciddi baxışları altında özünü tamamilə itirən İbrahim əllərini yanına salıb, ayaqlarını cütləyib, əsgərsayağı bir görkəm aldı və  başladı həmin terminin ətrafında gəzişmə etməyə:-Qyili, yox ey qyiila, qyuul, yox, yox, çaşdım qyuuulin...

Auditoriyada gülüş və pərtlik doğuran  qeyri-adi vəziyyət yaranmışdı. İbrahim elə qəribə səslər çıxarırdı ki, gülməkdən özümüzü güclə saxlayırdıq. Qəflətən Məmmədəli müəllimin şaqqanaq çəkib gülməsi auditoriyada ah-havanı tamam dəyişdi. Bayaqdan cınqırımızı çıxarmağa cürət etməyən biz  tələbələr müəllimimizə qoşulub ucadan gülməyə başladıq. Məmmədəli müəllim handan-hana cib dəsmalını çıxarıb gülməkdən yaşarmış gözlərini sildikdən sonra mülayim tonda, şirin Qazax ləhcəsi ilə:

- Ayə, dərdiş,  sən nə məzəli oğlansan? De görüm haralısan?-dedi.

Artıq sir-sifətində qorxudan, həyəcandan əsər-əlamət qalmamış İbrahimin elə bil domuşuğu açılmışdı. – Muallim, Lankarandanam,-deyə cavab verdi.

– Rəhmətliyin  oğlu, bunu bayaqdan de də. Keç otur. Məmmədəli müəllim bu sözləri dedikdən sonra yenidən gülməyə başladı və Qazax bölgəsində dəbdə olan  bir neçə gülməli lətifə danışmaqla biz tələbələrin qorxu və həyəcanına tamamilə son  qoydu. Sonda amiranə tərzdə:- Ayə, dərsinizi adam kimi oxuyun! Anlaşdıqmı?-dedi.

Hamımız bir ağızdan: bəli, müəllim,-dedik.

O gündən Məmmədəli müəllim bizim gözümüzdə tamamilə dəyişdi, başqalaşdı. Sanki bu əziz, mehriban insan yüksək mədəniyyəti, alicənablığı ilə bizim hər birimizin qəlbində özünə isti yuva qurmuşdu və təsadüfi deyil ki, Haqqın dərgahına qovuşmasından 27 il keçməsinə baxmayaraq günü bu gün də onu ən sevimli, unudulmaz müəllim kimi xatırlayır, əziz xatirəsini minnətdarlıq hissi ilə yad edirik.

Birinci və ikinci çağırış Milli Məclisdən yaxşı tanıdığım, görkəmli arxeoloq-alim, akademik Teymur Bünyadovun M.Hüseynovla bağlı acılı, şirinli xatirələrini dinlədikcə  tələbəlik illərində, əgər belə demək mümkündürsə, dərdsiz, qəmsiz insan kimi tanıdığımız unudulmaz müəllimimi sanki yenidən kəşf etdim. Onu da vurğulayım ki, artıq ömrünün 93-cü baharını geridə qoymasına baxmayaraq Teymur müəllimin həmkarı və dostu ilə bağlı xatirələrini ardıcıllıqla, heç bir detalı gözdən qaçırmadan söyləməsi heyrət doğurmaya bilməzdi:

 

“Qardaş, yollar səni yormadımı?..”

 

  - Əvvəla, ondan başlayım ki, İkinci Qarabağ müharibəsində xalqımıza böyük Zəfər qazandıran Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin martın 15-də işğaldan azad edilmiş Xocavənd rayonuna səfəri çərçivəsində Azıx mağarasını ziyarət etməsi, burada Azərbaycan alimlərinin dünya arxeologiya elminə əvəzsiz töhfəsi olan bu qədim yaşayış məskənini aşkara çıxaran  professor Məmmədəli Hüseynovun xidmətlərini yüksək qiymətləndirməsi həm bir  arxeloq-alim, həm də Məmmədəli müəllimin eloğlusu və yaxın dostu kimi qəlbimdə dövlətimizin başçısına sonsuz minnətdarlıq hissləri oyatdı.

Mənim Məmmədəli Hüseynovla ilk tanışlığım 1946-cı ildə onunla eyni vaxtda Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olandan sonra başlandı. Bir qrupda oxuyurduq. O, yaşca məndən xeyli böyük idi. Ali məktəbə müharibədən qayıdandan sonra qəbul olunmuşdu. Yerişində, oturuşunda-duruşunda bir ağayanalıq vardı. Təmkinli, məsləhətəyatan, yersiz mübahisələri xoşlamayan, kin-küdurətin nə olduğunu bilməyən, özü bütöv, sözü bütöv bir gənc idi. Necə deyərlər, dindirməsən danışmazdı. Onunla yataqxanada bir otaqda qalırdıq. Yeməyimiz də bir idi, içməyimiz də. Nəyimiz vardısa Məmmədəli saxlayardı. Hətta pulumuz da onda olardı. Daim böyük qardaş kimi mənim qeydimə qalar, necə deyərlər, hər nazımla oynayardı. Mənim meyvəni çox xoşladığımı bildiyinə görə özü ac qalardı, amma meyvəmi əskik eləməzdi. Onun yeganə qayğısı 37-ci ildə atası “xalq düşməni” damğası ilə güllələnmiş Teymuru daim əzizləmək, dərddən, qəmdən uzaqlaşdırmaq, sabaha istiqamətləndirmək idi. Bilmirəm o vaxt Məmmədəliyə rast gəlməsəydim taleyim necə olardı.  

Artıq tələbəlik illəri öz köçünü sürüb getdi. Ayrılıq dəmi çatdı. Məmmədəlini Azərbaycan Tarix Muzeyinə işə götürdülər. Mən  isə təhsilimi aspiranturada davam etdirmək üçün Moskvaya getdim. Hər yay Bakıya gəlir, Məmmədəli ilə görüşüb dərdləşirdim. O, artıq öz qohumu ilə ailə qurmuşdu. Uşaqları da vardı. İş elə gətirdi ki, aspiranturanı bitirib Vətənə döndükdən sonra mən  də Tarix Muzeyində işə düzəldim. Yenə də Məmmədəli ilə birlikdə elmi axtarışda idik. Tez-tez bölgələrə gedir, tarixi abidələri öyrənir, elmi hesabatlar yazır, mətbuatda arxeologiyaya dair məqalələrlə çıxış edirdik. O, daha çox səfərə çıxır, respublikanın bütün bölgələrini qarış-qarış gəzib qədim yaşayış məskənlərini axtarırdı. Hərdən zarafatla soruşurdum: Qardaş, yollar səni yormadımı? O isə cavabında:-Yox, nə danışırsan, bu yollar heç məni yorarmı-deyirdi. Azərbaycanın hər bir qarışı, cığırı,izi, bəlgəsi sanki Məmmədəlinin “Əlifba” kitabı idi. O, hər şeyi hərf-hərf, heca-heca öyrənirdi...

 

Təsadüfi görüş və...

 

Bu yerdə Teymur müəllimlə söhbətimə ara verib 17 il bundan əvvəl qarşılaşdığım bir  epizod barədə danışmaq istəyirəm. Aşura günü ərəfəsində görkəmli ilahiyyatçı alim, mərhum akademik Vasim Məmmədəliyevdən müsahibə almaq üçün BDU-nun İlahiyyat fakültəsinin yerləşdiyi binaya gedirdim. Universitetin yataqxanalarından üzüyuxarı qalxarkən yanımdan ötüb keçməkdə olan yaşlı bir adamla baxışlarımız toqquşdu. Ona diqqətlə baxa-baxa- “Bu, Qüdrət müəllim olmaya”,-deyə ürəyimdə özüm-özümə sual etdim. Bir daha dönüb geri baxdım və artıq uzaqlaşmaqda olan həmin adamı yerişindən tanıdım.  Bu, universitetdə bizə tunc dövrü arxeologiyasından  dərs demiş, həmişə Məmmədəli müəllimlə qoşa görməyə adət etdiyimiz tarix elmləri doktoru,  professor Qüdrət İsmayılzadə idi.  

          -Siz Qüdrət müəllim deyilsiniz?

Təəccüblə üzümə baxdı və sualıma sualla cavab verdi:

-Bəli, necə bəyəm?

-Mən Əhmədəm. Yadınızdan çıxmayıbsa 1972-78-ci illərdə universitetin Tarix fakültəsində sizin  tələbəniz olmuşam.

Ani fikrə gedib üzümə baxa-baxa özünə xas mehribanlıqla:-Sən Allah bağışla, Əhməd, gör aradan neçə illər keçib-dedi.  Sonra işimlə-gücümlə maraqlandı. Mən də ondan hal-əhval tutduqdan sonra rəhmətlik Məmmədəli müəllimi xatırladıq. Bu anda Qüdrət müəllimin daim gülümsəyən çöhrəsinə qəm-kədər qondu. Bir xeyli fikrə gedib handan-hana ağır-ağır dilləndi:

 - Əhməd, bilmirəm xəbərin oldu, yoxsa yox, Məmmədəli müəllimin ömrünün son çağları çox ağır keçdi. Bir yandan üzücü xəstəlik, bir yandan uşaqlarının taleyinin düz gətirməməsi, bir yandan da kasıblıq pis günə saldı yazığı.

          Bu sözləri eşidərkən sanki dünya başıma fırlandı. Yadıma Məmmədəli müəllimlə axırıncı görüşümüz düşdü. Universitet illərindən çox-çox sonra Yevlaxda yaşayan yaxın qohumu Solmaz xanımın ömür-gün yoldaşı, əslən Zərdab rayonundan olan Qulu müəllimin yas mərasiminə gələrkən yolüstü o vaxtlar çalışdığım “Təşəbbüs” qəzetinin redaksiyasına dönüb  mənimlə görüşmüşdü. Həmin gün vaxt tapıb birlikdə bir tikə çörək də kəsmişdik. Söhbət zamanı Yevlaxda böyük hörmət-izzət sahibi olan, dadlı-duzlu lətifələri ilə hamı tərəfindən sevilən rəhmətlik Qulu  müəllim haqqında o vaxt Məmmədəli müəllim də təxminən eyni sözləri demişdi: “Ağır xəstəlik yaman pis günə saldı yazıq Qulunu...Bir yandan da maddi çətinlik...”

 - Yaxşı, Əhməd, sonra görüşüb  danışarıq.

Qüdrət müəllimin bu sözləri məni xəyaldan ayırdı. Xudahafizləşib ayrıldıq.

 

Olduğu kimi görünən insan...

 

 Həmin vaxtdan sonra Qüdrət müəllimlə dəfələrlə BDU-nun binasının 7-ci mərtəbəsində, Tarix fakültəsinin uzun müddət onun rəhbərlik etdiyi Arxeologiya və etnoqrafiya kafedrasında  görüşüb söhbət etmişik. Elə bir görüşümüz olmayıb ki, Məmmədəli müəllimdən söhbət salmasın. Son vaxtlar, xüsusilə pandemiya dövründə sevimli müəllimimlə təmaslarımız yalnız telefon vasitəsilə olur. Bu yazını hazırlayarkən yenidən Qüdrət müəllimə telefon açdım. Açığını deyim ki, necəsiniz sualıma onun: -87 yaşlı insan necə olar, ay Əhməd,- cavabı  məni xeyli mütəəssir etdi. Heç vaxt çöhrəsindən təbəssüm əskik olmayan, ən çətin məqamlarda belə nikbinliyindən qalmayan professorun dilindən belə bir bədbin etirafı eşitmək son dərəcə üzücü idi. Amma elə ki, söhbət işğaldan azad edilmiş ərazilərimizdən, xüsusilə Azıx mağarasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu qədim insan məskənini ziyarət etməsindən düşdü Qüdrət müəllimin, necə deyərlər, çiçəyi çırtladı və bayaqkı bədbinlikdən əsər-əlamət qalmadı:

-Cənab Prezidentin 28 il yağı düşmən tapdağı altında qalsa da öz türk milliliyini, əzəmətini qoruyub saxlamış Azıx mağarasını ziyarət etməsi, bu qədim insan məskənini aşkara çıxarmış professor  Məmmədəli Hüseynovun xidmətlərini xüsusi vurğulaması qəlbimi sevinc və iftixar hissi ilə doldurdu. Birincisi, sevindim ona görə ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”  İkincisi, sonsuz iftixar hissi keçirdim ona görə ki, Azərbaycan poleolitşünaslıq məktəbinin banisi, mənim unudulmaz dostum Məmmədəli müəllimin 27 il Qarabağ səmasında dolaşan narahat ruhu nəhayət rahatlıq tapdı.

Məmmədəli  müəllimlə məni çox şey birləşdirirdi. Məhz bu bağlılığa, xarakterlərimizin oxşarlığına görə mənim Məmmədəli müəllimlə 1959-cu ildə başlanan tanışlığım az vaxtda ailəvi dostluğa çevrildi. Məndən yaşca xeyli böyük olsa da səmimiyyəti, mehribanlığı, Qazax zonası insanlarına xas olan şirin söhbətləri, uşaq kimi sadəlövhlüyü, ən başlıcası tarix elminə sonsuz məhəbbəti münasibətlərimizin getdikcə möhkəmlənməsinə  səbəb olan amillər idi. Sonralar mən Tbilisidə aspiranturatda oxuyan zaman Məmmədəli müəllim də orada namizədlik dissertasiyasını müdafiə edirdi. Tbilisi həyatı bizi bir-birimizə daha qırılmaz tellərlə bağladı. O vaxtdan xeyir-şərdə həmişə bir yerdə olardıq. Həyat yoldaşı Qızbəs xanım çox səmimi, mehriban qadın idi. Amma hərdən Məmmədəli müəllim çöl tədqiqatlarından gec qayıdanda ailədə müəyyən söz-söhbətlər olardı. Belə hallarda sülh yaratmaq üçün məni irəli verərdi. Qızbəs bacı da bir sözümü iki eləməzdi.

Telefon söhbətimizin bu  məqamında Qüdrət müəllimin mobil nömrəsinə zəng gəldi. O, üzrxahlıq edib dəstəyi kənara qoydu və bir neçə dəqiqəlik fasilədən sonra yenidən söhbətinə davam etdi:

- Əhməd, sən Allah bağışla, oğlum Gursel idi. Yaponiyadan zəng edirdi. Bilirsən də sizin tələbəlik illərinizdə balaca uşaq olan Gursel maşallah, bu gün Azərbaycanın tanınmış diplomatlarından biri, ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Əvvəllər də Gündoğan ölkədən bizimlə tez-tez əlaqə saxlayardı, həyat yoldaşım dünyasını dəyişəndən sonra isə gündə ən azı iki-üç dəfə zəng edib halımı soruşur. Nə isə...

Məmmədəli müəllim maskalanmaq nə olduğunu bilməyən,  Cəlaləddin Ruminin təbirincə desəm, olduğu kimi görünən insan idi. Onda hər kəsin qəlbinə yol tapmaq istedadı vardı. Gözəl müsahib idi. Hər hansı məclisə düşəndə tanımadığı adamlarla elə doğmalaşar, mehribanlaşardı ki, sanki yüz illərdi bir-birlərini tanıyırdılar. Peşəsinə, sənətinə  vurğuluğuna isə söz ola bilməzdi.

 

“Qüdrət, bir bax, gör nə tapmışam...”

 

Bir epizod deyim. 1968-ci ildə Məmmədəli Hüseynov Azıx mağarasında qazıntı aparan zaman mən də Füzuli şəhərində Tunc dövrü abidələrini tədqiq edirdim. O, Tuğ kəndində, mən isə rayon mərkəzində qalırdım. Bir isti yay günündə mənim arxamca Füzuliyə gəlmişdi. Fərəhdən gözləri parıldayır, üzü gülürdü. Əlindəki tapıntını mənə göstərib uşaq kimi sevinə-sevinə:- Qüdrət, bir bax, gör nə tapmışam-dedi. Hələ o vaxtlar heç kim sonralar dünya arxeologiya elminə Azıxantrop adı ilə məlum olan və “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilən bu unikal tapıntının qədim insanın çənəsi olduğunu bilmirdi.

 

Unudulmaq ölümdən də betər dərddir...

 

Yeri gəlmişkən onu da deyim ki, Məmmədəli müəllimin həmişə özünə ziyan, başağrısı  gətirən sadəlövhlüyü də vardı. Hər şeyə tez inanardı. Qətiyyən özünə, ailəsinə gün ağlayan insan deyildi. Yataq xəstəsi olduğu vaxtlarda universitet rəhbərliyinin, uzun illər rəhbərlik etdiyi kafedranın müəllimlərinin laqeydliyi, biganəliyi yaman pis təsir etmişdi ona. Hətta 1992-ci ildə pensiyaya göndərilmək bəhanəsi ilə kafedranın rəhbərliyindən uzaqlaşdırılandan sonra yerinə özünün məsləhət bildiyi adam da ona baş çəkməməyi bir yana qalsın, arxasınca xoşagəlməz sözlər danışmışdı. Bütün bunlardan əsəbləşir, bəxtindən, taleyindən gileylənirdi. Ağır xəstəlik və ehtiyac onu getdikcə şam kimi əridirdi. Ömrünün son günlərində güzəranı da pisləşmişdi. Deyirdi ki, həkim çox bahalı iynə-dərmanlar yazır, çatdıra bilmirəm. İş o yerə çatmışdı ki, xörək qaşığı ilə içiləsi dərmanı çay qaşığı ilə qəbul edirdi. Özü-özünü aldadaraq deyirdi ki, eybi yoxdur, çay qaşığı ilə içmək də bəs eləyir. İnanın, Məmmədəli müəllim rəhmətə gedəndə evində bir qəpik pulu yox idi. Yazığın nə sağlığında, nə də ki, ölümündən sonra qədri-qiyməti bilinmədi.

Bir məsələni də deyim. AXC-Müsavat hakimiyyəti dövründə Prezident Aparatına təqdimat yazmışdıq ki, xidmətləri nəzərə alınaraq M.Hüseynova Əməkdar elm xadimi adı verilsin. Dəfələrlə müraciət etməyimizə baxmayaraq,  vaxtilə bizim tələbəmiz olmuş o zamankı dövlət müşaviri Rafiq İsmayılov bu məsələni həll etmədi.

 

“Biz gəldi gedərik...”

 

Məmmədəli müəllimin qəbrinin üstü ölümündən bir il sonra, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mənim şəxsi səylərim hesabına götürüldü. Qəbirüstü abidəsinin üzərinə çox sevdiyi Xalq şairi Səməd Vurğunun “Biz gəldi gedərik, sən yaşa, dünya!” misralarını həkk etdirdik. Bax, belə oldu Azərbaycan poleolitşünaslığının banisi Məmmədəli Hüseynovun taleyi.

Varlığım qədər inanıram ki, cənab Prezidentin işğaldan azad olunmuş Azıx mağarasını ziyarət edərkən dünya şöhrətli arxeoloqun xidmətlərini xatırlatmasından sonra nəhayət, professor Məmmədəli Hüseynovun Azərbaycan tarix elminin inkişafına verdiyi töhfələr öz layiqli qiymətini alacaq, gələn il görkəmli alimin  100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və onun xatirəsi əbədiləşdiriləcək.

Telefon söhbətimizin sonunda Qüdrət müəllim mənə əsasını M.Hüseynovun qoyduğu Azərbaycan poleolit məktəbinin layiqli davamçısı, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, 2000-2007-ci illəri əhatə edən “İNTAS-2000” Beynəlxalq Proqramının Azərbaycan üzrə əlaqələndiricisi olmuş  tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun da fikirlərini öyrənməyi məsləhət bildi. Qeyd etdi ki, Məmmədəli müəllimi Əsədulla Cəfərov qədər tanıyan ikinci bir adam çətin tapılar.

 

 Bir tanışlığın tarixçəsi

 

Azərbaycan poleolit məktəbinin banisinin davamçısı ilə söhbətimizin gedişində Qüdrət müəllimin öz fikrində nə qədər haqlı olduğunu bir daha yəqin etdim:

-1968- ci ildə  Bakı Dövlət Universitetinin axşam şöbəsinin II kursunda təhsil almaqla yanaşı, həm də dünya şöhrətli alim, biologiya elmləri doktoru, mərhum professor Dəmir Hacıyevin rəhbərlik etdiyi Zərdabi adına Azərbaycan Təbiət Tarixi Muzeyində işləyirdim. 1968-ci ilin iyun ayında Azıx mağarası aşkar edildikdən sonra o vaxtkı Azərbaycan Elmlər Akademiyasının (AEA) binasının 8-ci mərtəbəsində Tarix İnstitutunun təşkilatçılığı ilə bu nadir tapıntıya həsr olunmuş böyük elmi konfrans keçirilirdi. Konfransdan sonra  Dəmir müəllim məni Azıxın tədqiqatçısı Məmmədəli Hüseynovla tanış etdi. Bu tanışlıq sonralar bizim həyatımızın 30 ildən çox dövrünün birlikdə keçməsinə körpü oldu desəm, şübhəsiz, səhv etmiş olmaram. 1971-ci il martın 24-də AEA-nın Rəyasət Heyətinin qərarı əsasında akademiyada Daş dövrü arxeologiyası şöbəsi yaradıldı və D.Hacıyevin məsləhəti ilə şöbənin müdiri M.Hüseynov məni burada laborant vəzifəsinə işə  götürdü. Həmin vaxtdan etibarən hər il iyul-avqust aylarında M.Hüseynovun rəhbərlik etdiyi paleolit arxeoloji ekspedisiyasının tərkibində Azıxda, Tağlarda, Şuşada, həmçinin Dağlıq Qarabağın digər ərazilərindəki Azərbaycanın daş dövrü abidələrini tədqiq edirdik.

 1975-ci ildə akademiyanın Rəyasət Heyətinin qərarı ilə məni keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərinə təcrübə-tədqiqat  ezamiyyətinə göndərdilər. O zaman “Azərbaycanda mustye mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası üzərində çalışırdım. Yaradıcılığımın Leninqrad dövründə də Məmmədəli müəllimlə əlaqəmi kəsmirdim. Yay aylarında həm Leninqradda təşkil olunmuş arxeoloji ekspedisiyalarda,  həm də tez-tez Bakıya gələrək M.Hüseynovun rəhbərliyi ilə Cənubi Qafqaz ərazisində - Azıxda, Tağlarda və digər poleolit düşərgələrində aparılan tədqiqatlarda iştirak edirdim. 1979-cu ildə Leninqradda  elmi işimi müdafiə edib tarix elmləri namizədi adını  aldıqdan sonra Bakıya qayıtdım və yenidən Məmmədəli müəllimin şöbəsində çalışmağa başladım. Yeri gəlmişkən onu da vurğulayım ki, respublika Təhsil Nazirliyinin qərarı ilə  Azərbaycan poleolitşünaslığının nailiyyətlərini nəzərə alınaraq 1976-cı ildə BDU-nun tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrası yaradılmış, Məmmədəli müəllim həmin kafedranın rəhbəri təyin edilmişdi.

 

“Nəyə görə bu qənaətdəyəm?..”

 

Məmmədəli müəllim eyni vaxtda həm akademiyada şöbə müdiri, həm də universitetdə kafedra müdiri vəzifələrinin öhdəsindən məharətlə gəlirdi. 1975-ci ildən 1994-cu ilə qədər M.Hüseynovun rəhbərlik etdiyi  Paleolit arxeoloji ekspedisiyasının rəisinin müavini kimi Məmmədəli müəllimlə birlikdə çalışarkən onun yüksək elmi və pedaqoji fəaliyyətinin, ilk tanışlıqdan insanlarla dərin ünsiyyət yaratmaq bacarığının şahidi olmuşam. Mən həmişə mötəbər  elmi tədbirlərdə əminliklə bəyan edir və bu fikrimi sübuta yetirirəm ki, Azərbaycanda paleolit  məktəbinin əsasını Məmmədəli Hüseynov qoymuşdur.

Bəs nəyə görə mən bu qənaətdəyəm? Məlum olduğu kimi, 1953-cü ilə qədər sovet və dünya arxeoloqları  Azərbaycan ərazisində, ümumiyyətlə, paleolit düşərgələrinin olmadığını iddia edir, bu səbəbdən də  burada qazıntı aparmaq təşəbbüslərini mənasız iş adlandırırdılar. Lakin Məmmədəli müəllim bu cür əsassız iddialarla barışmaq fikrində deyildi. Onun elmi faktlara əsaslanan inadkarlığı, Azərbaycan ərazilərində qədim insan məskənlərinin mövcudluğuna qəti inamı sayəsində 1953-cü ilin noyabr ayında M.Hüseynovun dissertasiya işinin elmi rəhbəri, görkəmli sovet poleolitşünas alimi, professor Sergey Zamyatin öz dissertantı ilə birlikdə bu istiqamətdə tədqiqatlar aparmaq məqsədilə Leninqraddan Bakıya dəvət olundu. Bu iki inadkar alimin birgə səyləri elə həmin il öz bəhrəsini verdi və Qazax rayonundakı Damcılı düşərgəsində  bəşər sivilizasiyasının ən qədim nümunələrindən sayılan müstye, mezolit və neolit dövrlərinə aid materiallar tapılmaqla Azərbaycan ərazisində daş dövrü abidələrinin mövcudluğu sübuta yetirildi. 

Bu uğurlu addımdan sonra 1956-cı ildə Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində M.Hüseynovun rəhbərliyi altında təşkil edilən paleolit arxeoloji ekspedisiyası 1956-1958-ci illərdə Qazaxdakı  Damcılı mağara düşərgəsində qazıntı işlərini davam etdirməklə yanaşı, rayonun Daş Salahlı kəndində Daş Salahlı müstye düşərgəsini aşkara çıxardı.  1960-cı ilin iyulun 5-də bu ekspedisiyanın Qarabağın Quruçay və Köndələnçay sahəsində apardığı tədqiqatlar zamanı dünya şöhrətli Azıx və Tağlar düşərgələrinin aşkar edilməsi görkəmli arxeoloq-alimin elmi uğurlarının kulminasiya nöqtəsi oldu.

 

“Fəxr edirəm ki...”

 

Bu gün mən özümü xoşbəxt insan hesab edirəm. Ona görə ki,  1968-ci ildə bu alicənab insan, dəyərli ziyalı, etibarlı dostla tanış olduğum gündən ta  1994-cü il iyulun 6-da dünyasını dəyişənə qədər  Məmmədəli müəllimlə  nəinki alim, hətta mən deyərdim ki,  ata-bala münasibətlərində olmuşam. Görkəmli arxeoloq həmişə deyərdi: “Mən fəxr edirəm ki, Əsədulla müəllim kimi ardıcılım var. O, mənim işimi davam etdirəcək. İnanıram ki, mən Azıxı SSRİ miqyasında tanıtdığım kimi, gələcəkdə Əsədulla müəllim də bu unikal tapıntını və digər poleolit abidələrimizi Avropada tanıdacaq.”

Bilirsiniz ki, dünya poleolit məktəbinin əsası hələ XVIII əsrdə Fransada qoyulub. Aşel, mustye və digər poleolit mədəniyyətləri ilk dəfə Fransada tədqiq olunduğuna görə bu ölkə dünya poleolit məktəbinin özəyi hesab olunur. Rus, ingilis, eyni zamanda, Azərbaycan alimləri zaman-zaman  fransızların tədqiqatlarından bəhrələniblər. Fransaya getmək, bu ölkədəki poleolit düşərgələrində tədqiqatlar aparmaq  Məmmədəli müəllimin ən böyük arzusu idi. O, bütün elmi məclislərdə deyirdi ki, Əsədulla müəllim Leninqrad məktəbini qurtarıb, paleolit dövrü üzrə gözəl mütəxəssisdir. Mən Fransaya gedə bilmədim. İnanıram ki, Əsədulla müəllim mənim bu arzumu reallaşdıracaq, təkcə Fransada deyil, ümumiyyətlə, dünya səviyyəli başqa mötəbər beynəlxalq elmi konfrans və simpoziumlarda Azıx, Tağlar və Azərbaycanın digər paloelit düşərgələri haqqında sanballı məruzələr edəcək.

 

Məmmədəli müəllimin arzuları necə reallığa çevrildi?

 

Bu gün böyük iftixar hissi ilə unudulmaz müəllimimin ruhu qarşısında hesabat verə bilərəm ki, onun bu arzusunu yerinə yetirmişəm.  Sanki İlahinin qisməti, Məmmədəli müəllimin arzularının real həyatda öz təsdiqini tapması idi ki, 2001-ci ildən etibarən  biz, yəni  Avropanın 7 ölkəsinin- Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Hollandiya və Almaniyanın  görkəmli arxeoloq alimləri birlikdə “İNTAS-2000” Beynəlxalq Proqramını həyata keçirməyə başladıq. Mən bu proqram çərçivəsində  Azərbaycan üzrə əlaqələndirici kimi Məmmədəli müəllimin həmişə arzusunda olduğu   Fransaya ezam edildim və 2001-2003-cü illərdə bu ölkənin bir sıra elmi-tədqiqat mərkəzlərində, arxeoloji tədqiqat yerlərində işlədim.  Dünya poleolit məktəbinin özəyi olan bu ölkənin məşhur elmi mərkəzlərində-Avropa Tədqiqatlar Mərkəzində, Fransanın cənubunda yerləşən və qədim insan məskənlərindən biri olan Totavel şəhərində  Azıx, Tağlar və digər poleolit düşərgələrimizdən tapılmış maddi-mədəniyyət nümunələri haqqında sistemli elmi məruzələrlə çıxış etdim.  Məhz mənim dəvətim əsasında 2001-ci ilin sentyabr-oktyabr aylarında Avropanın, o cümlədən  Fransanın, İtaliyanın, İspaniyanın dünya şöhrətli 25 arxeoloq-alimi  Bakıya gələrək  Azıxdan, Tağlardan və Azərbaycanın digər paleolit abidələrindən tapılmış maddi mədəniyyət qalıqları ilə əyani tanış oldular.

 

Azıx dünyada yeganə paleolit düşərgəsidir ki...

 

 Avropalı alimlər bu unikal abidələrin aşkara çıxarılmasında görkəmli tədqiqatçı, professor Məmmədəli Hüseynovun xidmətlərini minnətdarlıq hissi ilə qeyd etdilər. Onların da yetkin fikirləri bu oldu ki, Azıx bu gün  dünyada yeganə paleolit düşərgəsidir ki, orada ibtidai insanın meydana gəlməsinin, formalaşmasının və inkişafının ayrı-ayrı mərhələri öz əksini tapıb. Bu fakt da dönə-dönə  vurğulandı ki, müasir arxeologiya elmində ovçuluq təsərrüfatının, insanların mənəvi aləminin və odun yaranma tarixi də  məhz Azıx mağarasının  materialları vasitəsilə tədqiq olunur.

 

Nə qədər ki, tarix elmi var...

 

Bilirsiniz, Məmmədəli müəllim elə bir mənalı ömür yaşayıb, özündən sonra elə bir silinməz iz qoyub ki, nə qədər ki, tarix elmi, onun tərkib hissəsi olan arxeologiya sahəsi var, bu əvəzsiz insanın ideyaları daim yaşayacaqdır. Ümumiyyətlə, həm onun öz peşəsinə məhəbbəti, həm insani keyfiyyətləri, həm də poeziyanın vurğunu olması haqqında saatlarla, günlərlə danışmaq olar. O qədər sadə, mehriban, qayğıkeş insan idi ki... Çöl-tədqiqat işləri zamanı biz gənc arxeoloqlara ekspedisiya rəhbəri kimi deyil,   doğma övladları kimi yanaşırdı. Sözündən-söhbətindən  doymaq olmurdu. Poeziyanın, xüsusilə Səməd Vurğun yaradıcılığının vurğunu idi. Məclislərdə böyük şairin şeir və poemalarını xüsusi intonasiya ilə əzbərdən söyləyərdi.  İstər elmi məclislərdə, istərsə də müxtəlif şənliklərdə sözünü-söhbətini hərlədib-fırladıb mütləq arxeologiyanın üstünə gətirərdi. Bir sözlə, professor Məmmədəli Hüseynov əvəzsiz arxeoloq-alim, qəlbi, gözü, könlü insana məhəbbətlə dolu böyük şəxsiyyət idi...

 

Böyük alimə vəfa borcu

 

Məmmədəli müəllim 1994-cü il iyulun 6-da, yaradıcılığının çiçəkləndiyi bir dövrdə haqq dünyasına qovuşdu. Atıq vəfatından 27 il keçsə də görkəmli arxeoloqun xatirəsi şöbəmizdə həmişə yad edilir. Mən böyük alimə vəfa borcum kimi 2008-ci ildə cənab Prezident İlham Əliyevin  müvafiq Sərəncamı ilə nəşr olunmuş “Azərbaycan arxeologiyası: Daş dövrü” elmi əsərimi Məmmədli Hüseynovun əziz xatirəsinə həsr etmişəm.

2022-ci il aprelin 3-də Məmmədəli müəllimin 100 yaşı tamam olacaq. Biz görkəmli tədqiqatçı alimin 100 illik yubileyini onun adına, xidmətlərinə layiq səviyyədə qeyd etmək üçün indidən hazırlıq işləri görürük. Yubiley tədbirləri çərçivəsində  görkəmli arxeoloqun xatirəsinə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq. Yeri gəlmişkən bir faktı da deyim ki, dünyanın ən qədim insan düşərgələrindən olan  Azıx mağarasından bəhs edən iri həcmli monofrafiya bir aydan sonra çapdan çıxacaq. Bu sanballı elmi əsərin əsas müəlliflərindən biri məhz Azərbaycan paleolit məktəbinin banisi Məmmədəli Hüseynovdur. Mən fəxr edirəm ki, böyük alimin bünövrəsini qoyduğu Azərbaycan paleolit məktəbinin əks-sədasını bu gün bütün  dünya dinləyir, poleolitşünaslıq elmində əldə etdiyimiz nailiyyətlərə Avropanın görkəmli alim və tədqiqatçıları yüksək  qiymət verirlər. Biz bundan sonrakı tədqiqatlarımızda da Məmmədəli Hüseynovun əsərlərinə istinad edəcəyik. Çünki biz Məmmədəli müəllimə istinad etməklə Azərbaycanı, bu gün artıq 30 illik erməni işğalından qurtularaq özünün əzəli sahibinə qovuşmuş Azıx, Tağlar, Şuşa və digər paleolit düşərgələrimizdəki unikal  maddi-mədəniyyət nümunələrinin qalıqlarını geniş dünya ictimaiyyətinə çatdırmış olacağıq.

Bu məqamda akademik Teymur Bünyadovla yazının əvvəllərində ara verdiyim söhbətimin davamını qələmə almağa ehtiyac duyuram. Ona görə ki, Məmmədəli Hüseynov təkcə Azərbaycanın Yuxarı Qarabağ  bölgəsindən bütün dünyaya boylanan Azıx, Tağlar və digər  qədim yaşayış məskənlərini aşkara çıxarıb tədqiq etməklə kifayətlənməmiş, ümumbəşəri  əhəmiyyət kəsb edən bu unikal tapıntıları tarix boyu, xüsusilə son bir əsrdə Azərbaycanın tarixi və maddi-mədəniyyət abidələrini özünküləşdirməyə çalışan ermənilərin  məkrindən, hiyləsindən qorumaq üçün, necə deyərlər, sinəsini sipər etmişdir. Yaxşı olar ki, Teymur müəllimin özünü dinləyək:

 

“Ax, hiyləgər erməni, məkrli dığa...”

 

-1968-ci ildə Yerevanda Şagen Mkırtıçyan adlı erməninin nəşr etdirdiyi “Dağlıq Qarabağın memarlıq abidələri və tarix” adlı kitabda göstərilirdi ki, 1968-ci ildə M.Hüseynovun rəhbərliyi ilə Azərbaycan alimlərinin apardıqları tədqiqat işləri nəticəsində Azıx poleolit düşərgəsinin ikinci ən böyük salonunda guya qədim erməni qadınının heykəli tapılmışdır və onun paltarı da müasir erməni qadınının geyiminə bənzəyir. Təbii ki, həmin vaxt başda Məmmədəli Hüseynov olmaqla azərbaycanlı poleolitşünaslar artıq Azərbaycana qarşı əsassız ərazi iddialarını gerçəkləşdirmək məqsədilə tarixi saxtalaşdırmağa çalışan üzdəniraq erməni alimlərinin bu kimi yalan və iftiralarını danılmaz faktlarla ifşa etdilər.

Azıx mağarasına erməni iddiası ilə bağlı Məmmədəli müəllimdən eşitdiyim bir əhvalatı indi də yaxşı xatırlayıram. Tuğ kəndindən olan orta yaşlı bir erməni Azıx mağarasının dünyəvi əhəmiyyət kəsb etdiyini yaxşı bildiyinə görə Məmmədəli müəllimin qılığına girmək, onu ovsunlamaq üçün hiyləyə əl atır. O, alimi evinə qonaq dəvət edir, ayağının altında quzu kəsir. Yaxşıca yeyib-içirlər. Məclisin  gedişində ev sahibi özünün erməni xislətinə sadiq qalaraq bəlağətli tostlar deyir, Azərbaycan alimlərinin, xüsusilə Məmmədəli müəllimin şəninə təriflər yağdırır, xalqlarımızın dostluğundan, qardaşlığından dəm vurur. Məclis qurtarandan sonra Məmmədəli müəllimin qoluna girərək bir kənara çəkir və ona bir paçka pul təklif edir. Təəccübdən matı-qutu quruyan alim məsələnin mahiyyətini anlamağa çalışır və  “Ay erməni, nə oldu ki, birdən-birə qonaqlığın axırını rüşvətə çevirdin”,-deyə soruşur. Erməni isə cavabında- “Ay Məmmədəli müəllim, başına pırlanım, bir paçka 25-lik nə puldu, hələ çox şeylər olacaq. Sənin kimi kişiyə can qurban. Mənim səndən bir xahişim var. Ay qadam alım, başına pırlanım, hamısı sizindir, qoy Azıx da bizim olsun”-deyir. Təbiətən təmkinli, sakit insan olan Məmmədəli müəllim bu alçaq təklifi eşidəndə özünü saxlaya bilmir, yumruğunu düyünləyib  erməninin üstünə yeriyir: “Ax, hiyləgər erməni, məkrli dığa, bir də nə gözümə görün, nə də abidəmə yaxın gəl!”. Bu sözləri deyir və erməninin qapısının çırpıb uzaqlaşır.

Bax belə bir prinsipial alim, belə bir vətəndaş idi Məmmədəli Hüseynov. Gələn il onun anadan olmasının 100 illiyi tamam olur. Çox istərdim ki, görkəmli alimin yubileyi onun adına, xidmətlərinə layiq qeyd edilsin. Hesab edirəm ki, ən azı M.Hüseynovun boya-başa çatdığı Ağstafa şəhərinin küçələrindən birinə onun adının verilməsi dünya şöhrətli arxeoloqun xatirəsinə böyük ehtiram əlaməti olardı... 

Minilliklərin dərinliyindən süzülüb gələn belə bir müdrik deyim var: “Bu dünya bir pəncərədir, hər gələn baxıb keçər...” Bəli, həqiqətən bu dünya bir pəncərədir. Amma zənnimizcə, “hər gələn baxıb keçər” deyimini  indiyədək bu pəncərəyə “baxıb keçən” hər kəsə şamil etmək düzgün olmazdı. Çünki Məmmədəli Hüseynov kimi insanlar “bu pəncərəyə” sadəcə “baxıb keçməmiş”, Azıx qədim  insan məskəninin timsalında yaşı milyon illərlə ölçülən bu qoca dünyamızın dünəni ilə bu günü arasında qırılmaz mənəvi bağlar yaratmışlar...

Bu məqamda ünlü şairimiz Məmməd Arazın ölməz misralarını xatırlayıram:

Bu günü olmayanın

Nə dünəni olubdu,

Nə sabahı olacaq...

Əhməd Qurbanoğlu, “İki sahil”