06 may 2025 23:58
183

Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

Lənkəran rayonundakı Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd orta ümumtəhsil məktəbinin kitabxanasında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” devizi altında şagirdlər arasında keçirilən bilik yarışması dahi şəxsiyyət, bütün Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuşdur.

Yarışmadan əvvəlcə Müstəqil Azərbaycanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin və Vətən yolunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himnin sədaları altında başlanan yarışmanı məktəbin direktoru Ramiz Ramazanov açdı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elanı haqqında, eləcə Konstitusiyanın hüquqi dövlət quruculuğu prosesindən, Ulu öndərin keçdiyi ömür yolundan, onun Azərbaycan xalqına verdiyi töhfələr barədə şagirdlərə geniş və ətraflı məlumat verdi.

Məktəb üzrə VI-X siniflərinin iştirakçısı olduğu bilik yarışmasında şagirdlər müxtəlif komandalara ayrıldılar. Gərgin mübarizənin sonunda münsiflər tərəfindən yekun nəticələrə əsasən 3 sinif müvafiq yerlərə layiq görüldü. Belə ki, VIII ” b” sinfin “Xudafərin” komandası bütün rəqiblərini üstələyərək yarışmanın birincisi oldu. VIII “a” sinfindən ibarət “Qələbə” komandası ikincı, X sinfi təmsil edən “Dahilər” komandası isə üçüncü yerlərə layiq görüldülər.

Bilik yarışının təşkili ilə maraqlananda Ramiz müəllim dedi:- Burada əsas məqsəd şagirdlərin Ümummilli lider Heydər Əliyevin irsi, həyat və fəaliyyəti, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərinin nümayişinə şərait yaratmaq və yeniyetmələrin intellektual səviyyələrinin yüksəldilməsi, həmçinin onların bu cür vacib yarışlarda vərdişlərinin inkişafından ibarətdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü