Ağdamın Şotlanlı kəndində “Ohanyan səddi”nin bir hissəsi
“Qarabağ Azərbaycandır və nida işarəsi” qətiyyəti Ermənistanın bütün ümidlərini silkələdi. Bir el məsəlində deyildiyi kimi, suda boğulan saman çöpündən də yapışır. Ermənistan döyüşlər olacağını bilirdi, ona görə də təmas xəttində illərlə mühəndis-maneələr sistemi yaradırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa müraciətində bildirmişdir: “30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”. Bu ovqat xalqın qələbə ruhunu işğalın sonunun uzaqda olmadığı inamına köklədi.
Azərbaycan Ordusu səngərlərin o üzündə nələr olduğunu güman edirdi. Kəşfiyyat məlumatları gümanları gerçəkliyə yaxınlaşdırırdı. Ermənilərin güclü müdafiə səddi yaratdıqları məlum idi. Belə sədlərdən biri də “Ohanyan səddi” kimi tanınan sədd idi. Belə sədd Ermənistan ordusunun gözünə böyük, keçilməz görünə bilərdi. Ohanyan Ermənistan hökuməti qarşısında sinəsinə döyüb güclü sədd yaratdığını, Azərbaycan ordusunun onu keçə bilməyəcəyini deyə bilərdi. Görəsən, Ohanyan özünün özülsüz gümanına inanırmışmı? İnanırmışsa, olduqca səriştəsiz hərbçi imiş, inanmırmışsa, dövlətini “barmağına dolayan” hərbçi imiş. Hər iki halda ohanyanlar Ermənistanı biabırçı məğlubiyyətdən xilas edə bilməzdilər. Necə sədd yaradırdısa yaradaydı, Ermənistan Azərbaycan Ordusunun qarşısını saxlaya bilməzdi...
Xarici dövlətlərin hərbi ekspertləri də, nüfuzlu mətbu orqanları da 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatı – Azərbaycanın ədalətli müharibəsi haqqında gerçək fikirlər deyib: “Azərbaycan Ordusu tərəfindən döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrin baş qərargahları tərəfindən öyrənilir” (İqor Korotçenko, “Natsionalnaya Oborona”), “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar” – Rusiya mətbuatında dərc edilmiş başqa bir məqalədə belə yazılıb. Hər ikisi qüdrətə heyrətdir. Bu heyrət dürüstlüyə, bəşəriliyə sədaqətin heyrətidir.
Ohanyan səddi nədir?
Bu sədd mərhələli maneələr sistemi idi. Konkret ərazidən Azərbaycan əsəgərinin irəliləməsinin qarşısını saxlamaq müəyyən müddətdə ləngitmək üçün Ohanyanın tövsiyəsi (tələbi) ilə ermənilər təmas xətti boyunca piyada əleyhinə mina sahəsi yaratmışdılar. Hücumda himayə atışı deyilən istilah var. Piyada əleyhinə minalı sahəni “himayə etmək” məqsədi ilə tank əleyhinə mina sahəsi yaratmışdılar. Üzəri və araları lent formatlı məftillərlə hörülmüş bir neçə cərgə dəmir dirəklər basdırılmışdı ki, onların da arası minalı sahə olub. Sonra yenə piyada əleyhinə mina sahəsi, sonra yenə tank əleyhinə mina sahəsi, sonra məftil maneləri, sonra tank əleyhinə xəndəklər...
Tank əleyhinə xəndəkləri ermənilər ilk baxışda aşılmaz hesab edə bilərdilər. Bu xəndəklərin quruluşu belə olub: 5 metr enində, 3-4 metr dərinlikdə, mina sahəsi, tank əleyhinə beton dirəklər, metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftillər və s. Bunlar düşmənin təmas xətti boyunca müdafiə səddi idi. “Ohanyan səddi” müdafiə sisteminin tərkib hissələrindən biri olub.
"400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyil", "Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər – onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi" deyən erməni döyüşçülər “Ohanyan səddi”nəmi ümid olub döyüşürdülər, yoxsa erməniliyə ianələrin zəmanətinəmi? Ermənistan sülh danışıqlarından belə müdafiə sisteminə ümid olduğu üçünmü yayınırdı?
Bu da erməniliyin öydüyü “Ohanyan səddi”. Ağdamda ezamiyyətdə olanda bu səddin bir hissəsini, hissənin necəliyini Şotlanlı kəndində gördüm. Ohanyan bu sədlərin möhkəmliyini deyəndə Azərbaycan əsgərinin vətənsevərliyini, döyüş əzmini, qələbə ruhunu nəzərə alsaydı, sinəsinə döyüb möhkəmliyi, keçilməzliyi ilə öyündüyü səddən bircə kəlmə də söz açmazdı...
“Ohanyan səddi” də işğaldan azad edilmiş torpaqlarımızdan kürünəcək.
Torpaqlarımızda erməniliyin izləri qalmayacaq. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”...
“Qəhrəmanlıq sevgidən yaranır. Qəhrəmanlığın başlanğıcı bir andır, ömrü – əbədi”, – dedim. Əsgərlərimizə onu da dedim ki, “Ohanyan səddi”nin yıxıb keçdiniz. Tarix o səddi quranları kinayə ilə xatırlayacaq, yarıb keçənləri ehtiramla. Tarix onu da deyəcək ki, Azərbaycan əsgəri bundan da möhkəm sədləri yarıb keçərdi!..
Rəşid Faxralı
“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər