Ötən həftə işğaldan azad olunan Azərbaycanın musiqi beşiyi Şuşada keçirilən və şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalı bir çox özəlliyi ilə diqqətləri üzərinə çəkdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məşhur Cıdır düzündə keçirilən festival Azərbaycanın nə qədər tolerant bir ölkə olduğunu, müxtəlif xalqların burada yüz illərlə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını nümayiş etdirdi.
Festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın milliyyətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.
İlk dəfə 1989-cu ilin mayında təşkil olunan “Xarıbülbül” festivalı uzun illərdən sonra bərpa edilməklə yanaşı, sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Məlum olduğu kimi, işğalçı ölkənin rəsmi təbliğatı münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik icmalar arasında ayrı-seçkilik, nifaq salmaq istəyib. Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparan mərkəzlər, təşkilatlar, KİV-lər milyonlarla vəsait xərcləyiblər. Təbii ki, bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstəriblər.
Amma 44 günlük Vətən müharibəsində bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşdilər. Çiyin-çiyinə mənfur erməni təbliğatının öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydular. Azərbaycanda tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində yüksək diqqət ayrılmasının da nə qədər düzgün siyasət olduğu hər kəsə bəyan olundu.
Taleh Bağırov, “İki sahil”
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?