17 may 2021 21:17
1086

«Xarıbülbül» festivalı və xar olan düşmən

Prezident İlham Əliyev: Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu

Mayın 12-də hər tərəfin yaşıla boyandığı, gözəlliyə qərq olduğu bir vaxtda Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən «Xarıbülbül» musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Bu, bir faktdır ki,  2021-ci ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət nazirini qəbul edəndə Şuşada «Xarıbülbül» festivalının dirçəldilməsinin zəruriliyini xatırladaraq, bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən yaradılmasının zəruriliyini qeyd etmişdir.

Bəli, məhz festivalın musiqi sədaları Şuşa torpağından dünyaya səs saldı. Bütün  dünya gördü ki, Azərbaycan xalqı tarixi torpaqlarına qayıdıb. Festivalın açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik : «30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik».

 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə həkk olundu. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən Şuşa şəhəri işğaldan azad edildi. Dövlət başçısı festivaldakı çıxışında bildirib: «44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik».

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji əraziləri azad etdi.

«Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır» deyən cənab Prezident vurğulayıb ki, Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi: «Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi». 44 gündə qəhrəman Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini darmadağın etdilər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Artıq Azərbaycanın işğalda olan torpaqları azaddır və Qarabağ Azərbaycandır! Təbii ki, bu uğulu yolda neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. «Xarıbülbül» musiqi festivalının keçirilməsi şəhidlərimizin xatirəsini daim uca tutmaq üçün bir mənəvi hadisədir. Prezident bu barədə deyib: «Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Bu, bizim hamımızın qələbəsidir».

İndi Şuşa şəhəri yenidən ənənələrini bərpa edərək yeni dövrünü yaşayır. Şuşada keçirilən «Xarı bülbül» festivalı şəhərin rəmzi hesab olunan xarıbülbül gülünün adını daşıyır. Bu gül onun üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman xarıbülbülü heyranlıqla izləyiblər. Qarabağda bu gülün şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertlərdə xalqımızın böyük, korifey sənətkarları çıxış ediblər. Ötən əsrin 80-ci illərinin sonundan keçirilməyə başlanan beynəlxalq musiqi festivalı da məhz Xarıbülbülün adı ilə ifadə olunub. «Xarıbülbül» beynəlxalq festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival may ayında, Şuşada Xarıbülbülün çiçəklənmə dövründə keçirilib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda təşkil olunub.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gözəl ənənə bərpa edilməklə  «Xarıbülbül» festivalı Şuşada hər il keçiriləcək. Qeyd edək ki, bu festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri musiqi nömrələri ilə çıxış ediblər. Həmin xalqların nümayəndələri də Vətən müharibəsində əsl qəhrəmanlıq göstərərək, canlarını fəda edərək öz doğma Vətənlərinin-Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldular. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Eyni zamanda, bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.

Bu gün Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu Sərəncamla Vaqif poeziya günləri və «Xarıbülbül» festivalı da bərpa olunmuşdur. «Şuşa Azərbaycan xalqının milli sərvətidir» deyən cənab Prezident diqqətə çatdırıb ki, bu yaxınlarda Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir: «Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu».

Qeyd edək ki, festivaldan sonra Şuşadakı atəşfəşanlıq düşmənin sınmış ruhunu bir daha darmadağın etdi. Bir sözlə, xarıbülbül öz qüdrəti ilə erməniləri xar etdi.    

Elçin Zaman, «İki sahil»