17 may 2021 22:57
1255

Cıdır düzünün əzəməti, xarıbülbülün ruhu, muğamın sehri

«Xarıbülbül» festivalı: Qələbəmizin musiqi ilə sözün vəhdətində ifadə olunan Zəfər sevincimiz, mədəniyyətimizin, tolerantlığımızın dünyaya təqdimatı

Şuşada əzəmətli bir bayram yaşandı. O təmtəraqlı günlər xalqımızın xatirəsində əbədilik yaşam haqqı qazandı . Cıdır düzündəki cah-cəlallı, çal-çağırlı anları təkcə bayram adlandarmaq olmaz. «Xarıbülbül» festivalı vədə sadiqlik, torpağa sahiblik, Vətənə bağlılıq rəmzi idi. Şuşanı Azərbaycanın üzük qaşı adlandıran ulu öndər Heydər Əliyevin vaxtılə söylədiyi «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir» sözlərinin gerçəkləşdiyi gün kimi tarixə yazılan festival musiqi ilə sözün qüdrətini göstərdi. Festivalın açılışında «Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra «Xarıbülbül»” festivalı Şuşada hər il keçiriləcək”» söyləyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 30 il Vətən həsrəti ilə yaşayan xalqımız sevincdolu anlarını Cıdır düzündə bölüşdü. «Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən «Xarıbülbül»” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, «Xarıbülbül» Zəfər sevincimizə möhtəşəmlik əlavə edən mədəniyyətimizin, milli adət-ənənələrimizin Qələbəsidir. Xalqımızın əsrlərdən bəri yaşatdığı, sadiq qaldığı multikultural, tolerantlıq ənənələrinin dünya ictimaiyyətinə təqdimatıdır. Bu festival ölkəmizdə yaşayan bütün xalqların birlik, həmrəylik rəmzi idi. İşğalçı Ermənistan üzərində qazanılan Qələbəmizdə payı olan, döyüş meydanlarında çiyin-çiyinə vuruşan bütün xalqların nümayəndələri sevinclərini də Cıdır düzündə bölüşdülər. Multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu ölkəmizdə yaşayan bütün vətəndaşlar 44 günlük müharibənin sevincinə birgə imza atdılar. Alınmaz qalamız olan Şuşanın ecazkar gözəllikləri qəhrəmanlıq dastanına bürünərək milli ruhumuzu canlandırdı. Milli sərvətimizin, ruhumuzun, mənəvi pasportumuzun ən qiymətli incisi olan muğamlarımızla da erməni işğalçılarına zərbə vurduq. Biri-birini əvəz edən, müxtəlif xalqların nümayəndələrinin ifasında səslənən mahnılar eyni notlar üzərində qurulmuşdu: Şuşa Azərbaycan xalqının milli sərvətidir. «Xarıbülbül» təsdiqlədi ki, Pənahəli xanın adı ilə bağlı olan, görkəmli şəxsiyyətləri ilə məhşurlaşan Şuşa ölkəmizdə yaşayan bütün xalqların mədəniyyət paytaxtıdır. «Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Cıdır düzündə Azərbaycan muğamının səslənməsi, Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması minilliklərdən bu günümüzə ərmağan olan ənənələrimizə sadiqlikdir. «Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ermənilər tərəfindən qurudulmuş «Xan qızı Natəvan»” bulağından gələn su Böyük Qayıdışımıza aydınlıq xeyir-duasıdır.

 Muğamın ana Vətəninin Azərbaycan olması həqiqətdir. Respublikamızda keçirilən Beynəlxalq muğam festivallarında iştirak edən xanəndələrimizin qalib adını qazanması da bu həqiqəti təsdiqlədi.

 «Xarıbülbül»ü ecazkar edən, ürəkləri coşduran da elə muğamlarımız oldu. «Havalansın Xanın səsi, Qarabağın şikəstəsi» sözlərinin sehrindən ayrılmayan, xanəndələrin ifalarını alqışlarla qarşılayan, sevinclərini qədim el şənliklərinin bəzəyi olan «Yallı»nın sədaları altında rəqs etməklə bildirən festival iştirakçılarının muğam ifaçılarına marağı da səbəbsiz deyildi. Xalqımıza məxsus milli xüsusiyyətlərin yaşandığı, ruhumuza «hakim kəsilən», qəlbimizi oxşayan, ulularımızın qəhrəmanlıq salnamələrini, nənələrimizin laylalarını hər kəlməsində yaşadan, zəngin musiqi çalarları, cəngisi ilə eli-obanı birliyə səsləyən muğamlarımız həmin gün daha möhtəşəm səsləndi. Kövrək duyğularını sevinc göz yaşları ilə bölüşən insanlar sanki ətrafındakılarla «muğam dili» ilə danışırdılar:

«Çahargah»ı araram «Şur»da dayansam,
«Şuri- sahnaz» ilə dindirin məni.
Əgər «Segah»ında alışıb yansam,
Yanar «Şüstər» ilə sondürün məni
«Humayın» artırır kədəri, ahı
«Rast»a düz deyiblər muğamlar şahı.
Ölüncə dinləyib «Yetim seygah»ı
Sonra cənazəyə mindirin məni
«Zabul» yaylam olsun, « Şur» nəvazişim,
«Bayatı-Qacar»la hələ var işim,
Deyirəm, bir az da «Dilkəş» gəzişim,
Sonra məzara endirin məni.
Əgər məzarda alışıb yansam
«Bayatı - Şiraz»la söndürün məni.

Cıdır düzündə səslənən, söz ilə musiqinin vəhdətindən yaranan muğamlarımız əbəs yerə Azərbaycan xalqının milli sərvəti adlandırılmır. Muğam festivallarının İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakıda keçirilməsini tarixi və önəmli hadisə adlandıran Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuş, qəlbində yaşatmışdır: «Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur və inkişaf etdirilir. Azərbaycanı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil.» Azərbaycan xalqı, Şərq aləmi, eyni zamanda, bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığını qeyd edən, muğamın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz olunmadığını diqqətə çatdıran Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bildirdiyi kimi, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır: «Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.» Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınan muğam sənəti mədəniyyətimizin, tariximizin musiqi dili ilə yazılmış əlifbasıdır. Bəlkə «Xarıbülbül» festivalında ulu öndər Heydər Əliyevin səs yazısını eşidərkən duyğulanan Prezident İlham Əliyevi kövrəldən də muğamın sehri idi. Kim bilir. İzaha ehtiyacı olmayan həqiqət isə dəyişilməzdir: Qələbə sevincimizə şahid olan Cıdır düzündə səslənən muğamlarımızın insanlarda yaratdığı əhval-ruhiyyə o gün tam başqa idi. Muğamlarımızın növbəti ünvanı isə Zəngəzur olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»