17 may 2021 08:17
1253

“Xarıbülbül” musiqi festivalı 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz bərpa oldu. Otuz ilə yaxın müddətdə işğal altında olan ərazilər dağıdılmış, erməni barbarlığı və vandalizmi ilə üz-üzə qalmışdı. Artıq tarixi ədalət bərpa olunub, işğal altında olan torpaqlar əsl sahibinə qayıdıb. İşğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. İşğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir.

“Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən Prezidentimiz İlham Əliyev bu qədim şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini qaytardı. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Rəşid Behbudov kimi şəxsiyyətlər bəxş edən şəhərin dəyəri, qiyməti bütün dünyaya bir daha bəyan edildi. Dünyaya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyi mesajı verildi.

Mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Festivalın açılışındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bu mesajın əhəmiyyətini xüsusi vurğuladı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması, “Xan qızı Natəvan” bulağından suyun gəlməsi Şuşa şəhərinin ruhunun, tarixi kimliyinin bərpası idi”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalı qazanılmış böyük Zəfərin region üçün əhəmiyyətini bir daha göstərdi, mövcud olan yeni reallığı nümayiş etdirdi, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübut etdi: “Erməni vandallarından fərqli olaraq Azərbaycanın mədəniyyətə, tarixə, dinə, milli-mənəvi dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi. Otuz il ərzində erməni barbarlarının məhv etdikləri tariximizi, mədəniyyətimizi bərpa edirik.

Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biri olmaqla yanaşı, böyük tarixi Qələbənin təntənəsi oldu”.

Teymur Babazadə,

YAP Lənkəran Rayon Təşkilatı Gənclər Birliyinin Sədri