Qonşu xalqların, ilk növbədə Azərbaycan xalqının musiqisinə, mətbəxinə, tarixi abidələrinə, daha çox isə torpağına göz dikmək, onu mənimsəmək, özününküləşdirməyə çalışmaq sanki erməni xalqının mövcudluğunun əsas şərtinə çevrilmişdir. Tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının yerində yaranmış cırtdan Ermənistan respublikası, dünyada bəlkə də yeganə dövlətdir ki, bütün qonşularına ərazi iddiaları ilə çıxış edir. Tarixə nəzər saldıqda ermənilərdə bu xəstəliyin ən azı 300 illik bir yaşı olduğunu görə bilərik.
Hələ erkən orta əsrlərin başlanğıcında Roma və Sasani imperiyaları tərəfindən dövlətçilikdən məhrum edilmiş bu xalq, sonrakı yüzilliklərdə Ərəb xilafəti, Səlcuq və Osmanlı imperiyalarının hakimiyyəti altında yaşamışdır. Onlar bütün bu müddət ərzində dəfələrlə “böyük Ermənistan” adlandırdıqları uydurma dövlətlərini bərpa etmək üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışmış, lakin hər dəfə uğursuzluğa düçar olmuşlar. Ayrı-ayrı erməni emissarlarının Avropanın xristian dövlətlərini “məzlum xristian ermənilərə” Osmanlı dövlətinin ərazisində dövlət yaratmağa yardım göstərmək çağırışları heç bir nəticə verməmişdir. Hər yerdən əli üzülən ermənilər XVIII əsrin əvvəllərində nəzərlərini Rusiyaya yönəltdilər. Özlərini yer üzünün “ən bədbəxt və məzlum xalqı” kimi qələmə verən ermənilər məhz bu dövrdən başlayaraq Rusiyanı Cənubi Qafqaza hərbi yürüş etmək və bu “bədbəxt xalqa” özgə torpaqlarında dövlət yaratmağa kömək göstərmək üçün çağırışlar etməyə başladılar.
XVIII əsrin əvvəllərində tədricən dünyanın güclü dövlətlərindən birinə çevrilən Rusiyanın Şərq siyasətində Azərbaycan torpaqlarına sahib olmaq siyasəti özünə getdikcə möhkəm yer tutmağa başlamışdı. I Pyotrun başçılıq etdiyi bu dövlətin hakim dairələri xammalla zəngin olan Azərbaycan torpaqlarını zəbt etməklə Qərbi Avropanı Hindistanla birləşdirən tranzit ticarət yolunun istiqamətini Xəzər dənizindən keçməklə Rusiyaya yönəltmək və öz mövqelərini Yaxın və Orta Şərq ölkələrində möhkəmləndirmək haqqında planlar hazırlayırdılar. Ermənilərin tarixi Ermənistandan çox uzaqlarda yerləşən Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq istəklərinə yardım göstərmək çağırışları Rusiyanın bu işğalçılıq planlarının reallaşması üçün daha əlverişli şərait yarada bilərdi. Bunları nəzərə alan Rusiya höküməti bütün gücü ilə “erməni kartından” istifadə etməyə başladı. XVIII əsrin 20-ci illərində Azərbaycanın və İranın Xəzərsahili torpaqlarını zəbt etmiş I Pyotr hökumətinin erməniləri bu bölgələrdə yerləşdirmək üçün müəyyən addımlar atmağa başlaması da bu planın həyata keçirilməsi ilə bağlı idi.
Rusiyanın köməyi ilə Azərbaycanda özlərinə dövlət yaratmağa can atan ermənilərin bu məqsədlə məhz Qarabağı seçmələrində XVII əsrdə və XVIII əsrin əvvəllərində burada formalaşmış alban mənşəli 5 xristian məliklikliyi – Xaçın, Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq məliklikləri mühüm rol oynamışdı. Onu da göstərmək lazımdır ki, bu məlikliklərdən yalnız Xaçın məlikliyinin Qarbağda mövcudluğu xeyli qədim olub, VII əsrdə Albaniyanı idarə etmiş Mehranilər sülaləsinə gedib çıxır. Bu sülalənin davamçısı olmuş Həsən Calal XIII əsrdə özünü “Alban çarı”, “Alban hüdudlarının hakimi”, “Xaçın və Arsax ölkəsinin hakimi” adlandırmışdı. Onun fəaliyyətində Xaçının ermənilərə mənsubluğunu təsdiq edən bir işarə belə yoxdur. Yerdə qalan 4 məlikliyin əhalisi isə Qarabağa XVII əsrin sonu – XVIII əsrin əvvələrində Göyçədən, Sünikdən, Şirvandan və Loridən köçüb gəlmişdilər. Bu məlikliklərdə yaşayan əhalinin erməni kilsəsinin təsiri altında bir neçə yüzillik ərzində qriqorianlaşmasından və erməni dilində danışmağa başlamasından istifadə edən erməni ideoloqları Qarabağı bütün dünyaya erməni torpağı kimi təqdim etməyə başlamışdılar. Əslində isə mənşəcə alban olan Qarabağ məlikliklərində yaşayan əhalinin etnik baxımdan ermənilərlə heç bir əlaqəsi yox idi. Bu məlikliklərin başçıları I Pyotra ünvanladıqları məktubda nəinki özlərini, həm də onlarla qonşuluqda yaşayan müsəlman əhalini “aqvan” – “alban” adlandırmışdılar. Bunula belə, erməni kilsəsinin güclü təsiri altında olan bu məlikliklər Rusiyanın və erməni ideoloqlarının əlində oyuncağa çevrilmişdilər.
Rusiyanın hakim dairələri XVIII əsrin ikinci yarısında “erməni məsələsi”ndən daha fəal istifadə etməyə başladılar. Bu məsələdə Rusiyanın 1774-cü ildə Osmanlı Türkiyəsi ilə bağlanmış Kiçik Qaynarca sülhünə əsasən beynəlxalq aləmdə “xristianların müdafiəçisi” kimi tanınmağa nail olması da mühüm rol oynadı. Bundan istifadə edən rus diplomatiyası türklərin Anadoludan qovulmasını və Rusiyanın himayəsi altında keçmiş Bizans imperiyasının bərpa edilməsini nəzərdə tutan bədnam “Yunan layihəsi”ni ortalığa atdı. Layihənin həyata keçirilməsi zamanı istər Anadoluda, istərsə də Cənubi Qafqazda yaşayan ermənilərin, eləcə də Qarabağın xristian məliklərinin qüvvəsindən də istifadə etmək nəzərdə tutulurdu.
“Yunan layihəsi”nin reallaşması üçün əməliyyat planlarının irəli sürülməsinə XVIII əsrin 70-80-ci illərindən başlanıldı. Bu planlardan aydın olur ki, Rusiya Osmanlı Türkiyəsini iki cəbhədə - Balkanlarda və Cənubi Qafqazda vuruşmağa məcbur etməklə onun qüvvələrini parçalamağa can atırdı. Rusiya Cənubi Qafqazda türk ordusu üzərində qələbə çalmaqla həm də bölgəyə birdəfəlik sahib olmaq məqsədi güdürdü. Bu planın həyata keçirilməsində erməni kartından geniş istifadə etmək nəzərdə tutulmuşdu. XVIII əsrin 70-80-ci illərində Rusiyanın Qafqaz siyasətinin formalaşmasında və həyata keçirilməsində həlledici simalardan olmuş Q.A. Potyomkin özünün bu məsələyə həsr olunmuş çoxsaylı məktublarından birində yazırdı: “Biz ancaq Bakıya qədərki torpaqları tutacağıq. Qarabağ və Qaradağdan ibarət olan İran Ermənistanı və İraklinin çarlığı Türkiyə Ermənistanı ilə həmsərhəd olacaq”. Göründüyü kimi, çar höküməti eyni vaxtda iki erməni dövlətinin yaradılmasını planlaşdırırdı. Bunlardan birincisi Azərbaycanın Qarabağ və Qaradağ xanlıqlarının, ikincisi isə Şərqi Anadoludakı türk torpaqlarının hesabına yaradılmalı idi.
XVIII əsrin ikinci yarısında Rusiyanın hakim dairələrində Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq planlarının meydana gəlməsində İosif Emin, İ.Arqutinski, İ.Lazarev kimi erməni xadimləri mühüm rol oynamışdılar. İ.Lazarev 1780-ci ildə “Ermənilər yaşayan ərazilərin siyasi vəziyyəti və erməni dövlətinin bərpası haqqında tədbirlər” adlı planını Cənubi Qafqaza təşkil ediləcək yürüşə komandan təyin edilmiş məşhur rus sərkərdəsi A.V.Suvorova təqdim etdi. Bu planın əsas məzmununu İrəvan xanlığının və Osmanlı dövlətinin əraziləri hesabına Rusiyanın himayəsi altında erməni dövləti yaratmaq təşkil edirdi. Rus ordusunun Cənubi Qafqaza 1781-ci il üçün nəzərdə tutulan yürüşü təxirə salınsa da, erməni dövləti yaratmaq ideyası rus diplomatiyasının gündəmində qalmaqda davam edirdi. Ayrı-ayrı erməni xadimləri Rusiyanı hər vəchlə Cənubi Qafqaza ordu göndərməyə çağırır, burada yaradılacaq erməni dövlətinin Rusiya üçün olduqca faydalı olacağının onun hakim dairələrinə inandırmağa çalışırdılar.
1782-ci ildə Rusiyada yaşayan ermənilərin arxiyepiskopu İ.Arqutinski çar hökumətinə yeni plan təqdim etdi. Yalan və saxta məlumatlarla dolu olan bu planda bütün Azərbaycan torpaqları erməni torpaqları kimi qələmə verilirdi. Görünür elə bunun nəticəsi idi ki, Rusiya hökuməti özünün 1782-ci ildə Cənubi Qafqaza planlaşdırdığı yürüşündə erməni dövlətinin yaradılmasına daha böyük diqqət vermişdi. Q.A.Potyomkin göstərirdi ki, Cənubi Qafqaza göndərilən rus ordusu qarşısında Bakıya qədərki Azərbaycan torpaqlarının ələ keçirmək və Qarabağ və Qaradağ xanlıqlarının ərazisində erməni dövləti yaratmaq vəzifəsi qoyulmuşdur. O, Qafqazdakı rus ordusunun komandanına erməni dövlətini yaratmaq üçün təcili olaraq Qarabağ hakimi İbrahimxəlil xanı hakimiyyətdən devirməyi əmr etmişdi. Qarabağda ermənilərin yaşamadığını yaxşı bilən Q.A.Potyomkin burada Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılmasından sonra ermənilərin digər yerlərdən buraya kütləvi axın edəcəklərinə əminliyini bildirirdi.
Lakin ermənilərin Qarabağda özlərinə Rusiyanın köməyi ilə dövlət yaratmaq planları bu dəfə də iflasa uğradı. 1783-cü ildə Krımı dinc yolla ələ keçirən Rusiya hökuməti Cənubi Qafqaza planlaşdırdığı bu yürüşü də təxirə salmalı oldu. Bu yürüş Osmanlı Türkiyəsi ilə yeni müharibəyə və bununla da əldə edilmiş uğuru təhlükə altına ala bilərdi. Rusiya hökuməti İbrahimxəlil xanın təcili olaraq hakimiyyətdən devrilməsi planından da imtina etdi və hətta onu öz himayəsi altına almaq üçün danışıqlara başlamağa razı oldu. Əslində isə Rusiyanın qarabağlı İbrahimxəlil xanla münasibətləri səmimiyyətdən çox uzaq olub görüntü xarakteri daşıyırdı və öz hakimlərinə xəyanət etmiş xristian məliklərin baş verə biləcək təqiblərdən qorunması məqsədi güdürdü.
Əldə olan məlumatlar göstərir ki, çar höküməti Qarabağda erməni dövləti yaratmaq planını yalnız müvəqqəti olaraq təxirə salmışdı. Bunu Kərim xan Zəndin ölümündən sonra İranda hakimiyyəti ələ keçirmiş Əlimurad xanla 1784-cü ildə aparılan danışıqlar da sübut edir. Əlimurad xan II Yekaterinaya göndərdiyi məktubunda İran şahı kimi tanınması və hərbi yardım göstərilməsi müqabilində Azərbaycanın və İranın Xəzərsahili torpaqlarını, habelə Qarabağ, İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını Rusiyaya güzəştə getməyə hazır olduğunu bildirmişdi. Rusiya hökuməti bu təklifə əvvəlcə şübhə ilə yanaşsa da, tezliklə ondan erməni dövləti yaratmaq üçün istifadə etmək qərarına gəldi. Yenə də həmin Q.A.Potyomkin yazırdı ki, Əlimurad xanın təklifindən “böyük xeyir götürmək, erməni diyarını təşkil etməli olan hissəni dincliklə qurmaq olar”. Rusiya bu dəfə də Cənubi Qafqazda iki erməni dövləti yaratmağı çalışırdı. Çar hökuməti yaranmış fürsərdən istifadə edərək İranın və Osmanlı dövlətinin Cənubi Qafqaza təsir imkanlarını zəiflətmək, burada özündən tamamilə asılı vəziyyətdə olan erməni dövləti yaratmaqla bölgəni birdəfəlik öz təsiri altına almağı planlaşdırırdı. Lakin ruslar və ermənilər bu dəfə də öz məqsədlərinə nail ola bilmədilər. 1785-ci ilin əvvəlində Əlimurad xanın qəflətən vəfat etməsi Rusiyanı növbəti dəfə Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq planını təxirə salmağa məcbur etdi.
Rusiyanın Cənubi Qafqazda erməni dövlət yaratmaq planı 1796-cı ildə V.Zubovun Azərbaycana yürüşü zamanı yenidən gündəmə gətirildi. Bununla belə, V.Zubovun yürüşü zamanı erməni məsələsinin qoyuluşu bir sıra fərqli xüsusiyyətlərə malik idi. Bu dəfə əsas diqqət Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmağa deyil, erməni əhalinin yaşadığı torpaqların Rusiyanın himayəsi altına keçməsinə yönəldilmişdi. II Yekaterinanın V.Zubova göndərdiyi buyruqda deyilirdi: “Qarabağın erməni məlikləri və əhalisi bizim Ararat patriarxının başçılığı ilə Rusiya himayəsinə daxil edilsin”. Bu yürüş zamanı Rusiya İbrahimxəlil xanı nəinki hakimiyyətdən devirmək fikrindən imtina etmiş, hətta ona “Ağa Məhəmməd xana möhkəm və mərdanə müqavimət göstərdiyinə görə” yardım göstərmək qərarına gəlmişdi.
Bununla belə, rus-erməni bloku XVIII əsrin sonlarında Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq planını həyata keçirə bilmədi. 1796-cı ilin noyabrında II Yekaterinanın ölümündən sonra hakimiyyətə gəlmiş I Pavel rus qoşunlarının Azərbaycandan çıxarılması haqqında əmr verdi. Lakin erməni məsələsi hələ uzun müddət Rusiyanın Qafqaz siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalmaqda davam edirdi. 1828-ci ildə İran-Qacar dövləti ilə bağlanmış Türkmənçay müqaviləsinə və 1829-cu ildə Osmanlı Türkiyəsi ilə bağlanmış Ədirnə müqaviləsinə görə ermənilərin İrandan və Türkiyədən kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülmələrinə start verildi. Rusiya dövlətinin böyük qayğısı ilə əhatə olunmuş ermənilər tezliklə iqtisadi cəhətdən gücləndilər və onlara sığınacaq vermiş azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürməyə başladılar. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər 1918-ci ildə qədim Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail oldular. Sovet hakimiyyətinin ilk illərində Qarabağın dağlıq hissəsini ələ keçirə bilməsələr də, ona muxtar vilayət statusu verilməsinə nail oldular və bunula da 1988-ci ildən başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını qoydular.
SSRİ-nin sonuncu prezidenti M.Qorbaçovun bədnam “yenidənqurma” siyasətinin yaratdığı əlverişli vəziyyətdən və Rusiyanın hərtərəfli dəstəyindən, eləcə də Azərbaycanda hakimiyyət uğrunda gedən çəkişmələrdən istifadə edən Ermənistan 1991-1993-cü illərdə Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etdi. Ermənilər sanki özlərinin 300 illik Qarabağ arzusuna çatmışdılar. Dünyanın böyük dövlətləri tərəfindən dəstəklənən Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi haqqında 4 qətnaməsini qulaqardına vururdu. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğalçını bir dəfə də olsun öz adı ilə adlandırmamasından istifadə edən Ermənistan daha da həyasızlaşır, Azərbaycanı yeni torpaqlar işğal edəcəyi ilə hədələyirdi.
Azərbaycan tərəfi isə bütün danışıqlar prosesində münaqişənin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində israr edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün görüşlərdə və beynəlxalq tədbirlərdə bildirirdi: “Biz heç vaxt Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”. Bununla belə, münaqişənin davam etdiyi bütün müddət ərzində danışıqlar prosesinə sadiq qalan Azərbaycan problemin hərbi yolla həllini də istisna etmir, özünün hərbi potensialını davamlı şəkildə gücləndirirdi. Son illərdə Ermənistanın pozuculuq fəaliyyəti nəticəsində danışıqlar prosesinin dalana dirənməsi, düşmənin təmas xəttində mütəmadi olaraq təxribatlar törətməsi Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək üçün qəti addımlar atmağa vadar etdi.
2020-ci il sentyabrın 27-də əks hücuma keçən Azərbaycan Ordusu cəmisi 44 gün davam etmiş Zəfər müharibəsində, Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, “düşmənin belini qırdı”, onun 30 il ərzində yaratdığı güclü müdafiə istehkamlarını, döyüş texnikasını və canlı qüvvəsini darmadağın etdi. Azərbaycan Ordusu noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə dünya hərb sənəti tarixinə yeni səhifə yazdı. Yüngül silahlarla silahlanmış Azərbaycanın azsaylı əsgər və zabitləri çətin dağ keçidlərini və qayaları aşaraq Şuşaya daxil oldu və düşməni öz mövqelərini ataraq qaçmağa məcbur etdi. Bütün istiqamətlərdə gedən döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 9-da təslim olmaq haqqında Bəyanatı imzalamağa məcbur oldu. Düşmən əsarəti altında olan Azərbaycan torpaqları azad edildi. Bununla da, ermənilərin 300 illik Qarabağ xülyası darmadağın edildi.
Camal Mustafayev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai fənlər kafedrasının professoru