Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın Mədəniyyət paytaxtı elan etməsi, Vaqif poeziya günlərini və "Xarıbülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən birinə çevrildi. Dövlət başçısının tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarıbülbül" musiqi festivalının keçirilməsi quruculuq layihələrinin sürətlə reallaşdırılması fonunda Qarabağın tarixi simasının qaytarılması, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlardan biri oldu. Festivalın geniş televiziya ekranından ulu öndər Heydər Əliyevin işğal altındakı ərazilərimizin, o cümlədən Şuşanın azad ediləcəyi əminliyini ifadə edən tarixi çıxışı istər tədbir iştirakçılarında, istərsə də bu konserti izləyən milyonlarla azərbaycanlının qəlbində kövrək hisslər yaratdı: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik".
Bəli, xalqımız Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər itkisi ilə barışmadı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - dedi.
Qeyd edək ki, dillərə dastan, əfsanə olan Xarıbülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarıbülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin "Qızıl Fond"una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb. "Xarıbülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. 1990-cı ildə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.
Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Münaqişənin aktiv fazaya keçməsi ilə festival Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir. Festival çərçivəsində bəzi konsertlər Qarabağın digər şəhərlərində, Bərdə və Ağcabədidə də keçirilmişdi. Ümumiyyətlə, festivala dünyanın hər yerindən təxminən 170 nəfər qatılmışdır. Üçüncü festival 1991-ci ildə baş tutmuşdur. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılmışdır. Keçən illərdə iştirak edən ölkələrə Amerika və Avstraliyadan sənətçilər də qatılmışdır. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçı çoxluğu səbəbindən festival çərçivəsində konsertlər stadionlarda baş tutmuşdur. 1990-1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında keçirildi. 1992-ci ildə 4-cü festivalı mayın 15-də başlamalı və ən böyüyü olmalı idi. Burada dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı planlaşdırılırdı. Lakin festival, Qarabağ müharibəsinin başlaması və Şuşa şəhərinin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə görə ləğv edildi.
Otuz iki ildən sonra bərpa edilən "Xarıbülbül" festivalı, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramına, Böyük Qayıdışın təntənəsinə çevrildi. Otuz illik fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmaqla bərabər, Vətən müharibəsində qazanılan tarixi Zəfərin mədəniyyət sahəsində davamıdır. Bundan sonra da hər il Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq.
Ramazan bayramı ilə bağlı Şuşanın Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması, burada və digər azad edilən ərazilərimizdə azan səslərinin ucalması ölkəmizdə dini dəyərlərə xüsusi diqqət yetirilməsinin təcəssümü kimi hamımızda kövrək hisslər doğurdu. Bu, təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin vurğuladığı kimi, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əkstəqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Beş il bundan əvvəl Cocuq Mərcanlı kəndi işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında dövlətimizin başçısı demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcək. Məhz Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulması da ölkə rəhbərinin uzaqgörənliyinin, müdrik siyasətinin, eyni zamanda, verdiyi vədə sadiqliyinin bariz ifadəsidir.
Sevinc Azadi, “İki sahil”
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?