08 may 2021 22:26
1581

İnanıram ki, Şuşa gələcəkdə dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınacaq - Xalq artisti

Məlum olduğu kimi, erməni vəhşiləri otuz il ərzində Şuşamızı da talan ediblər. Oradakı abidələrimizi, tarixi mədəni irsimizi məhv edib, hətta qəbiristanlıqları belə dağıdıblar. Bizim bugünkü  əsas vəzifəmiz əsgər və zabitlərimizin qanı və canı bahasına azad edilmiş Şuşamızı erməni barbarları tərəfindən necə dağıtdıqlarını dünyaya göstərməklə yanaşı, onun tarixi əhəmiyyətini və Azərbaycan mədəniyyətindəki rolunu bərpa etmək, Şuşanın mədəniyyətimizin, musiqimizin beşiyi olduğunu, memarlıq və şəhərsalma sənətinin parlaq incisi sayıldığını dünyaya bəyan etməkdir. Elə mayın 7-də Prezidenti İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında imzaladığı Sərəncam da bu missiyaya xidmət edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Vamiq Məmmədəliyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Qarabağın tacı hesab olunan Şuşa Azərbaycana yüzlərlə söz və muğam ustası, mədəniyyət xadimi, bəstəkar, musiqiçi bəxş edib: “Elə buna görə də Şuşa "Qafqazın konservatoriyası” adlandırılıb. Bu şəhər, eyni zamanda, çoxlu sayda tarixi-mədəni abidələrimizin, mədəniyyət ocaqlarımızın beşiyi kimi tanınıb. Ulu öndər Heydər Əliyevin abidələr şəhəri adlandırdığı, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Şuşanı  həm də milli qürurumuz, milli kimliyimiz kimi də dəyərləndirmək olar. Yeri gəlmişkən qeyd edin ki, hələ sovet dönəmində Ulu Öndər Şuşanı abadlaşdırmaq, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək istiqamətində əhəmiyyətli işlər görüb. Çünki Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi, mənəviyyat simvolu kimi baxıb. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində demişdir: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır.”

Prezidentimiz bu fikrini sonrakı çıxışlarında da dəfələrlə vurğulayıb. Üstəlik, Şuşada “Xarıbülbül” festivalının və Vaqif poeziya günlərinin də keçiriləcəyini bəyan edib. Yeri gəlmişkən qeyd edək ki, hazırda “Xarıbülbül” festivalına son hazırlıq işləri görülür. Məlumata görə, festival çərçivəsində Cıdır düzündə ölkəmizdə bir ailə kimi yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Şübhəsiz, bütün bunları nəzərə alan Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Sərəncamda da qeyd edildiyi kimi, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.”

Müsahibimizin fikrincə, artıq bu missiyanıni icrasına Şuşanın azad edilməsinin ilk günlərindən start verilib: “Məsələn, elə bu il Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə  Novruz bayramı 28 il düşmən tapdağı altında olsa da Prezidentimizin sözləri ilə desək, əyilməyən, sınmayan, öz milli ruhunu qoruyub saxlayan Şuşada, Cıdır düzündə qeyd edilmədimi? Bu istiqamətdə digər addımların atılması baxımından “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı isə çox önəmlidir. Şübhəsiz, bu, hər şeydən əvvəl, işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində abidələrimizin saxtalaşdırmaya və mənimsənilməyə məruz qoyması ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsinə yeni bir təkan verəcək. Digər tərəfdən, bu, dünya miqyasında Azərbaycanın milli-mənəvi dəyərlərə, bütövlükdə tarixi abidələrə necə qayğı və diqqət göstərməsinin, həmçinin xalqımızın qurub-yaratmaq həvəsinin bariz nümunəsi kimi tədim olunacaq. Bir sözlə, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə ölkəmiz bir daha dünyanın diqqətini özünə cəlb edəcək. Bütün bunlar deməyə əsas verir ki, Şuşa gələcəkdə dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınacaq. Fikrimi isə dövlətimizin başçısının bu sözləri ilə yekunlaşdırmaq istərdim: “Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz.” Prezidentimizin isə sözü ilə əməlinin vəhdət təşkil etdiyini butün dünya yaxşı bilir.”

Qvami Məhəbbətoğlu, “İki sahil”