08 may 2021 00:15
1414

Qədim əlyazmalarda Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti

Orta əsrlərdən başlayaraq Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyətinə maraq müasir günümüzdə də öz aktuallığını bir daha büruzə vermişdir. Vaxtilə Şərqin kitabxanalarını bəzəyən, zənginləşdirən Naxçıvan alimlərinin əlyazma kitabları zaman-zaman dövlətimizin göstərdiyi diqqət və qayğısı nəticəsində alimlərimız tərəfindən tədqiqata cəlb edilmiş və onlar üzərində filoloji və tekstoloji araşdırmalar aparılmışdır. Naxçıvana dair əlyazma mətnləri, kitab və kitabxana mədəniyyətinin yaranması, onların yaşamasını zəruri edən, dini ocaqlar, məscidlər və xüsusən də mədrəsələrdə dərsliklərin, Azərbaycan, türk, ərəb və fars dillərində bir çox kitablar, toplular, cünglər, təzkirələr əlyazma kitabları şəklində köçürülüb çoxaldıldığı haqqında məlumat verilmişdir. Həmçinin islami dəyərlərlə başlı dünyanın bir çox ölkələrinin müzey və kitabxanalarında saxlanılan qiymətli əlyazma əsərləri, xüsusən Azərbaycanın ən qədim əlyazması hesab edilən “Qurani-Kərim”in orta əsrlərdə yazılmış nüsxəsi Azərbaycanın Atabəylər dövləti hakimiyyəti illərində Naxçıvanda üzü köçürülmüş qiymətli sənət əsəri Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti abidələrinin zəngin xüsusiyyətlərindən xəbər verir. 2018-ci il üçün Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir. Mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır”.

Məhz bu baxımdan da islami dəyərlərdə ilk olaraq “oxu!” əmr edilən “Qurani-Kərim”in bəşəriyyətə buyurduğu söz, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixi Sərəncamı ilə bir daha aktuallaşmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” bir daha təsdiq edir ki, Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti fəlsəfəsi anlayışı nə qədər dərin və zəngindir. Tövsiyə olunan kitablar arasında haqlı olaraq Naxçıvan mühitinin yetirdiyi görkəmli şəxslər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Nəsirəddin Tusi, Hüseyn Cavid, Mirzə Cəlil, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi kimi tanınmış simaların əsərləri öz layiqli yerini tapır.

Eyni zamanda, ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi Sərəncama əsasən Respublikanın bütün bölgələrində kitabxana sisteminin yenidən elektron formada hazırlanması mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Sərəncamında deyilir: “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılsın”... Bu Sərəncam ölkəmizdə kitab və kitabxana mədəniyyətinə verilən ən yüksək dəyərin aşkar nümunəsidir.

“Qədim əlyazmalarda Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti” anlayışı Naxçıvan mədəniyyət və ədəbiyyat tarixinin tərkib hissələrindən biridir. Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ictimaiyyətinin özünəməxsus çox qədim və zəngin bir mədəniyyəti olmuşdur. Bu mədəniyyət tariximizin çox erkən dövrlərində yaranmış, tədricən inkişaf edib təkmilləşmiş, dünya mədəniyyətinin nailiyyətlərindən istifadə edərək zənginləşmişdir. Naxçıvan mədəniyyəti dünyanın sivil xalqlarının mədəniyyətindən bəhrələndiyi kimi, yeri gəldikcə Naxçıvan əhalisinin mədəniyyətindən dünya xalqları da bəhrələnmişlər. Məhz buna görədir ki, xalqımızın mədəniyyəti milli olmaqla həm də ümumbəşəri əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin mühüm tərkib hissələrindən biri kitab və kitabxana mədəniyyətidir. Yazının meydana gəlməsi, əlifbanın yaranması, kitabın təşəkkülü və inkişafı, kitabxanaların yaranması xalqımızın mədəniyyət tarixinin inkişafında və formalaşmasında xüsusi yer tutur. Azərbaycan xalqının qədim tarixini vərəqləyərkən belə bir tarixi həqiqət ortaya çıxır ki, bu xalq hələ tarixin erkən çağlarından başlayaraq təhsilə, elmə, kitab və kitabxanalara çox böyük dəyər vermiş, onu qoruyub saxlamış, elm və mədəniyyətin inkişafı üçün əlindən gələni etmişdir. Dünya sivilizasiyasının başlanğıcı olan Şumerlərlə qonşu olmaq, onlarla mədəni əlaqələr yaratmaq erkən qədim Azərbaycan dövlətlərində elmin, mədəniyyətin inkişafına olduqca böyük müsbət təsir etmiş, yazı, kitab və kitabçılıq işinin əsası qoyulmuş, xalqımıza məxsus kitablar və kitabxanalar meydana gəlmişdir. Məhz buna görədir ki, Azərbaycanın ən qədim insan məskəni olan Naxçıvan çox qədim və qiymətli kitabları, zəngin kitabxanaları olan bir ölkə kimi tarixdə silinməz izlər qoymuşdur. Bu izlər bizi çox qədimlərə aparmaqla yanaşı eyni zamanda, qədim əlyazmalarda Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti dünya şöhrətindən soraq verir. Xalqımızın yaratmış olduğu, bəşəri kitab xəzinəsinin bəzəyi olan “Avesta”, “Kitabi-Dədə Qorqud” və s. kitablar göz önünə gəlir. Belə ümumbəşəri əhəmiyyətə malik kitabları yaratmış xalqın ölməzliyi və müdrikliyi insanı valeh edir. Orta əsrlərdə də Naxçıvan mühitinin yaratdığı kitab mədəniyyəti böyük nailiyyətlər əldə etmişdir. Xalqımız bəşəriyyətə N.Gəncəvi, İ.Nəsimi, Ə.Tusi, Q.Təbrizi, Əkmələddin Naxçıvani, Hinduşah Naxçıvani, Nemətullah Naxçıvani kimi yüzlərlə böyük mütəfəkkir şairlər bəxş etmişdir ki, onların əsərləri bəşər mədəniyyətinin inciləri sırasına daxil edilmiş və bir neçə yüzilliklərdir ki, bəşəriyyətə xidmət edir. Xalqımızın yaratmış olduğu bu qiymətli tarixi, ədəbi-bədii, elmi, fəlsəfi yadigarların, milli sərvətimiz olan kitabların toplanıb saxlanılmasında, nəsildənnəslə çatdırılmasında kitabxanalarımız əvəzsiz rol oynamışdır. Gil lövhələrindən ibarət olan kitabları, papirus kitabları, perqament kitabları və nəhayət, kağız üzərində yazılmış kitabları öz fondunda toplayıb saxlayan kitabxanalarımız böyük tarixi yol keçmiş zəmanəmizə qədər gəlib çıxmışlar. Naxçıvan ərazisində kitabxanaların təşkili çox qədim zamanlara gedib çıxdığından ilk kitabxananın nə vaxt və harada yaranması haqqında məlumat vermək çətindir. Naxçıvan ərazisində orta əsrlərdə hökmdarların saraylarında, dini tədris müəssisələrində zəngin kitabxanaların yaranması və fəaliyyəti haqqında, həmçinin görkəmli alimlərin şəxsi kitabxanaları haqqında qiymətli faktlar vardır. Bıı kitabxanaların tarixinin tədqiq edilib öyrənilməsi mədəniyyətimizin daha da zənginləşməsinə səbəb olan amillərdəndir. Məhz buna görədir ki, milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan kitabxana tarixinin tədqiq edilib öyrənilməsi mədəniyyət və kitabxana tarixçilərimizin qarşısında duran mühüm vəzifələrdəndir. Kitabxana tarixi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsi olduğu kimi kitabxanaşünaslığın da strukturuna daxildir. Ona görə də kitabxana tarixi həm mədəniyyət tarixçiləri tərəfindən ümumi planda, həm də kitabxana tarixçiləri tərəfindən xüsusi, daha geniş həcmdə tədqiq edilib öyrənilir. Bu gün böyük məmnuniyyətlə xalqımızın tarixinə və mədəniyyət tarixinə dair qiymətli əsərlər yazmış, xalqımızın tarixini yaratmış bu unudulmaz insanlara, elm və mədəniyyət xadimlərinə öz dərin minnətdarlığımızı bildirməliyik. Bildiyiniz kimi, VIII əsrin birinci yarısında Azərbaycanın digər bölgələri kimi, Naxçıvanda da ictimai-siyasi münasibətlər, mədəni həyat kökündən dəyiş­məyə başladı. Ərəb xilafətinin hakimiyyəti və İslam mədəniyyətinin yayılmasından sonra başqa əqidələr tənəzzülə uğradı. ­XX əsrin əvvəllərinədək Naxçıvanda ən geniş yayılan əlyazma kitablar müqəddəs “Qurani-Kərim” və onun izahları, təfsirləri oldu. XII-XIII əsrlərdə, Naxçıvan Atabəylər dövlətinin 30 illik dövrdə mərkəzi olan zaman Azərbaycan xəttat və sənətkarlarının hazırladığı “Qurani-Kərim”in təfsiri indi Paris Milli Kitabxanasında saxlanılır. Bu təfsiri Naxçıvanda məşhur tarixçi Məhəmməd ibn Cərir Təbəri 1220-1225-ci illərdə yazmışdı. Həmin kitab nəinki Naxçıvan, ümumiyyətlə, Azərbaycan əlyazma kitab mədəniyyətinin ilk nəfis nümunəsidir. Digər bir əlyazma kitabı haqqında isə K.İ.Çaykin məlumat verir: “Əli bin Əhməd əl-Əsədi ət-Tusi (hicri 456-458/miladi 1064-1066-cı illər ərzində) Naxçıvanda vəzir Məhəmməd bin İsmail Hüsninin və onun qardaşı İbrahimin sifarişi ilə “Gərşaspnamə” adlı bir poema yazmış və onu buranın hakimi Əmir Əbu Duləf Dəyraniyə təqdim etmişdi”. XIII əsrdə elmi əsərlər yazıldığı halda, XIV əsrdə həm də ədəbi-bədii əsərlər yazılır. XIV əsrin əvvəllərində Naxçıvanda elmi şəhərcik yaradılaraq onun içində müalicə mərkəzi, elmi idarələr, rəsədxana, zəngin kitabxana fəaliyyət göstərib. Həmin dövrdə öz yaradıcılıq istedadı ilə bütün Şərq dünyasında tanınan görkəmli alim Məhəmməd Naxçıvani yaşamışdır. Onun ədəbi-bədii yaradıcılıq intibahı hesab edilən “Dəstur əl-katib fi təyin əl-məratib” əsəri bütün Şərq aləmində Məhəmməd Naxçıvaniyə böyük şöhrət qazandırmışdır. XIV əsrdə kitabların Azərbaycan dilində yazılması nəinki Naxçıvan üçün, həm də bütün Azərbaycan üçün əhəmiyyətli idi.

Nəticə etibarilə qədim əlyazmalarda Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti, həmçinin mətnşünaslıq nümunəsi kimi İslam mədəniyyətinin yaradılmasında ərəb xilafətinə daxil olan xalqlar, o cümlədən Azərbaycan və başqa türkdilli xalqlar böyük xidmətlər göstəriblər. Bu həqiqəti ərəb alimi ibn Xəldun qeyd edib. Müsəlman xalqlarının ziyalıları, o cümlədən Naxçıvan mütəfəkkirləri ərəb alimləri ilə yanaşı, apardıqları məhsuldar elmi və ədəbi fəaliyyəti nəticəsində çoxtərəfli zəngin mədəni irs yaradılıb. Bu zəngin irsin yaradılmasında Naxçıvanın elm-sənət adamlarının da xüsusi əməyi olub.

Dahilərimiz yaxşı deyib kitab həyat kimidir. Çünki kitabın içində həqiqətləri yaşayırıq, doğrunu və çatışmamazlığı ayırd edə bilirik. “Öz kitabxananı ancaq çoxlu kitab sahibi olmaq üçün deyil, əqlini maarifləndirmək, ürəyini gözəlləşdirmək, ruhunu böyük dahilərin yaradıcı əsərləri ilə yüksəltmək üçün çoxaltmalısan”.

Səbuhi İbrahimov,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi

[email protected]