21 aprel 2021 20:02
1399

“Şərqin Muğam Sədası” festivalı keçirilib

“Azərbaycan Mədəniyyəti” sosial platformasının təşkilatçılığı ilə “Şərqin Muğam Sədası” festivalı keçirilib. Festival aparıcıların “Azərbaycan Mədəniyyəti” sosial platforması haqqında məlumat səsləndirməsi ilə başlayıb.

"İki sahil" xəbər verir ki, bildirilib ki, artıq 4 ildir Nicat Müslümovun rəhbərliyi ilə “Azərbaycan Mədəniyyəti” platforması korifeylərimizin, ustadlarmızın, sənətkarlarımızın təbliğində böyük uğurlar qazanıb. Məqsəd gənclərə, həmvətənlərimizə, həmçinin də əcnəbilərə Azərbaycan muğamını, mədəniyyətini sevdirmək və tanıtmaqdır. Layihə rəhbəri Nicat Müslümov bu günədək layihənin tanınması uğrunda çoxsaylı tədbirlər həyata keçirib.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq Azərbaycan mədəniyyətinə dövlət tərəfindən böyük qayğı göstərilib, bu gün də həmin missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva davam etdirərək muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır.

Daha sonra isə festival ifaçıların mahnıları ilə davam edib. Ülkər Orucova – “Getmə, getmə, gəl”, Nərmin Mirzəyeva- “Qarabağ şikəstəsi”,  Türkan Səfərova – “Qarabağ”, Günel İsgəndorava- “Yaşa Azərbaycan” mahnılarını səsələndiriblər.

İfaçıların ardınca festivalın media üzrə koordinatoru Nigar İmaməliyeva çıxış edərək, “Azərbaycan Mədəniyyəti” platformasına muğam ilə əlaqədar belə festivalın həyata keçirilməsinə görə təşəkkürünü bildirərək, muğamın, mədəniyyətimizin təbliği yolunda uğurlar arzulayıb.

Çexiyadan olan fəxri qonaq Sabina xanım Vankova Azərbaycan musiqisinə, muğama sevgisini ifadə edərək, layihə rəhbərinə təşəkkürünü bildirdi.

Növbəti fəxri qonaq isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari xanım Fətəliyeva olub. Mirvari xanım da platforma rəhbəri Nicat bəyə təşəbbüsə görə minnətdarlığını bildirərək, “Şərqin Muğam Sədası” festivalının təşkil olunmasını yüksək qiymətləndirib.

“Şərqin Muğam Sədası” adlı beynəlxalq festivalda bir neçə ölkədən əcnəbi vətəndaşlar, çox dəyərli qonaqlar və dəyərli jurnalistlər də iştirak edib. Sağlam qidalanma üzrə mütəxəssis, Azərbaycan Türkiyə Qida Təhlükəsizlik İctmai Birliyin sədri Məhsəti xanım Hüseynova, Türkiyədə Bengü Türk Tv'de yayımlanan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı, ictimai fəal Səidə Ömər, Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova da festivala qatılan fəxri qonaqlar arasında idi.

Qeyd edək ki, festival iki dildə - Azərbaycan və ingilis dillərində təşkil olunub, “Şərqin Muğam Sədası” festivalında Türkiyə, Pakistan və digər xarici ölkələrdən də dinləyicilər qatılıb.