Aşıq Ələsgər – 200
Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca zirvəsi sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı hamımız üçün əziz və doğmadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 fevral 2021-ci ildə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar olaraq Sərəncam imzalamışdır: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir”.
Fikrimizcə, Aşıq Ələsgərin sənətkar xoşbəxtliyinin özülündə iki amil dayanır: onun biri qədim yurd yerimiz olan Ulu Göyçənin qoynunda, ədəbi mühitində doğulub – yaşamasıdırsa, digəri anamız Azərbaycanın doğma dilində nümunəvi poeziya yaratmağıdır. Aşıq Ələsgər təbiətdən yazanda doğma təbiətin dili ilə danışır, təbiəti şairin Göycə ləhcəsində danışdırır. Bu yaradıcılıq prosesində doğma ana dilimizin misilsiz bədii hüsnü nümayiş etdirilir. Onun hər bir deyimi sanki bədii kəşf səviyyəsinə qalxır. Aşıq Ələsgərin şeir yaradıcılığını böyük bədii dil hadisəsi kimi dəyərləndirən professor Məhərrəm Hüseynov yazır: “Aşıq Ələsgərin şeir yaradıcılığı hər şeydən öncə möcüzəli bir sənət dünyasıdır, sirri tam yozulmamış fərdi üslubun təkrarolunmazlığıdır. Öz coşqunluğu, üsyankar ruhu, həzinliyi, zərifliyi ilə seçilən, lirizmi ilə oxucularını və dinləyicilərini heyran qoyan Aşıq Ələsgər daha çox dil zənginliyinə, lüğət tərkibindən koloritli istifadəsinə, qrammatik ifadə vasitələrinin çevikliyinə görə sevilib-seçilir, dinləyicinin ürəyinə işıq saçır”.
Aşıq Ələsgər irsinin toplanıb üzə çıxarılmasında, ustada layiq şəkildə xalqa çatdırılmasında görkəmli alim və şairlərimizin – Hümbət Əlizadənin, Əhliman Axundovun, İslam Ələsgərlinin, Həmid Araslının, Mürsəl Həkimovun, Səttar Axundovun, Osman Sarıvəllinin, Hüseyn Arifin, Məmməd Aslanın, İlyas Tapdığın, Vaqif Vəliyevin və b. böyük və danılmaz xidmətləri olmuşdur. Xüsusən, Aşıq Ələsgər irsinin geniş şəkildə araşdırılmasında, öyrənilməsində, tədqiqində Hümbət Əlizadənin daha çox xidməti olmuşdur.
Aşıq Ələsgərin duyğu və düşüncələri daha çox həyatla, sosial gerçəkliklərlə, təbiətə ünsiyyətdə ifadə olunur, bu ünsiyyət və təmasdan doğan xitablar lirik duyumu zənginləşdirir. Müəllifin həyata, zamana, dünyaya poetik baxışlarının çoxcəhətliliyi açılır. Aşıq Ələsgərin dilində bədii xitabların hamısı, demək olar ki, estetik hadisəyə çevrilir. Onun şeirlərinin çox mühüm hissəsinin rədiflərinin xitab sözlərdən və tərkiblərdən ibarət olması faktı da bu amillə izah olunmalıdır: “Ya Əli”, “Dəli Alı”, “Dağlar”, “Yaylaq”, “Sarı köynək”, “Telli”, “Güllü”, “Gülpəri”, “Şapəri” , “Pəri”, “Gözəl”, “Mələk”, “Xurşid”, “Gəda”, “Yazıq”, “Şah dağ” və s. bu rədif xitablar şeir dilinin musiqisinin bütün notlarını tənzimləyir və dinləyəni öz sirli-sehrli dünyasına qərq edir. Ana dilindən daha səmərəli faydalanmaq istiqamətində inkişaf Aşıq Ələsgərin yaradıcılığında xüsusi intensivlik qazandı və nəticədə onun əsərləri mükəmməl poetik hadisəyə çevrildi, poetik üslubun nüfuzu artdı. Aşıq Ələsgərdən bəri aşıq şeirində hər hansı bir nəsnəyə xitab edərkən deyim boyatlığına rast gəlmirik, əksinə şablonlaşmış obrazlı söz və ifadə sistemininə yeni çalarlar, yeni poetik ovqat gəldiyinin şahidi oluruq: “Abi-Kövsər kimi axır, Ceşmən, bulağın, Şah dağı”. Aşıq Ələsgərin dilində xitabların müraciət bildirən nidalarla qoşa işlənməsi isə daha mükəmməl üslubi əlamətləri nəzərə çarpdırır. Bu və ya digər fiqurların fəallaşması da xitabların şeir dili vahidinə çevrilməsi amili ilə əlaqəlidir. “Dad sənin əlindən, a qanlı fələk, Könül həsrət qaldı yara dəyməmiş”.
Aşıq Ələsgərin poeziyasının dil-üslub məziyyətlərini təhlil edərkən, əsərlərin dilinə nəzər saldıqda ismi birləşmələr sisteminə daxil olan qeyri-təyini ismi birləşmələrin özünəməxsus sabit forma və modellərindən istifadə etdiyini müşahidə edirik. Aşıq Ələsgərin yaradıcılığı təyini söz birləşmələri qədər olmasa da, qeyri-təyini ismi birləşmələrlə də zəngindir. Bu, istər-istəməz qeyri-təyini ismi birləşmələrin formalarının müxtəlifliyinə təsir göstərir. Həqiqətən də, bu birləşmələrdən istifadə şairin bədii duyum, poetik düşüncə, mövzu arealı, ideyası və s. ilə bağlıdır. Biz buna görə də Aşıq Ələsgərin yaradıcılığında qeyri-təyini ismi birləşmələrin işlənmə tezliyinin statistikasını araşdırarkən şairin səciyyəviliyi kimi dəyərləndiririk.
Aşıq Ələsgər şeirlərindəki qeyri-təyini ismi birləşmələrin forma elementlərinin deyim tərzi məzmunlu anlayışdır və bu, qüdrətli söz ustadının yaradıcılığında spesifik tərzdə meydana çıxır. Məzmunun imkan verdiyi dərəcədə qeyri-təyini ismi birləşmələrdən istifadə etməklə sözə qənaət meyarlarının bütün prinsiplərin diqqət mərkəzində saxlayır. Təsirləndirmək keyfiyyəti də məhz forma gözəlliyindən, forma bədiiliyindən doğur. Bədii fikrin ahəngi, poetik ovqatın vüsəti özündə dərin məzmun ehtiva edən yığcam forma qəliblərindən güc alır.
Göründüyü kimi, dilimizin XIX əsrə qədərki inkişaf tarixində olduğu kimi, Aşıq Ələsgər şeirlərinin dilində də bu birləşmələrin müxtəlif formalarından yüksək səviyyədə istifadə olunub və məzmun baxımından ən mükəmməl örnəkləri yaranıb. Ümumi mənzərə qaynağını ümumxalq dilindən alan bu birləşmələrin Aşıq Ələsgər yaradıcılığında işlənmə tezliyinin təhlilə cəlb olunması həmin birləşmələrin əhatə arealının, fəallıq dərəcəsinin geniş səviyyədə olduğunu göstərir.
Aşıq Ələsgər poetikasının frazeoloji birləşmələrlə də olduqca zəngindir. Aşıq Ələsgər sözünün kəsəri elə ondadır ki, onun əsasında xalqın mənəviyyatına güzgü tutan, xalqın düşüncə tərzinin əks-sədası olan dərin xalq hikmətli frazeoloji dil materialı dayanır. Bu, sənətkarın obrazlı düşüncəsini milli kökə bağlayır. Bədiiliyin əsas xüsusiyyətləri öz ifadəsini frazeologizmlərdə tapır: “Ələsgərəm, hər elmdən halıyam, Dedim: Sən təbibsən, mən yaralıyam, Dedi: nişanlıyam, Özgə malıyam, Sındı qol-qanadım yanıma düşdü”. “Sındı qol qanadım yanıma düşdü” misralarında Aşıq Ələsgər “qol-qanadım” komponentinin işləndiyi iki frazeoloji vahidi böyük ustalıqla birləşdirmişdir: “qol-qanadım sındı”, “qol-qanadım yanıma düşdü”. Xalq dilinin nəfəsi Aşıq Ələsgər poeziyasının mayasındadır. Aşıq Ələsgər poeziyasında Azərbaycan dilinin təravəti, orijinal ifadə vasitələri, həm xalq ünsiyyət dilinin, həm də xalq təfəkkürünün bədii estetik zənginliyi təcəssüm olunmaqla yanaşı, ana dilinin qüdrəti, ahəngdarlığı, musiqisi nümayiş etdirildi. Xalqla onun özünün dili ilə bədii ünsiyyət Aşıq Ələsgər şeirinin ayrılmaz özəyi kimi təsdiqini tapdı. Sadə danışıq dilinin xalq mənəviyyatının tərcümanına çevrilə bilməsi məqamında istedadın rolu məsələsi aşkarlandı. Aşıq Ələsgərin dili Azərbaycan dilinin gözəlliyidir və öz təntənəsi, təbiiliyi, dəbdəbəsi və səmimiyyəti ilə gözəlliyin dilidir. Bu dilin sanbalı ondadır ki, o, dərin fəlsəfi fikirlərlə müdriklik və zəngin bədii qayə ilə həyati mətləbləri açmağa qadirdir. “Namus qədri bilib namus gözləyən, İnşallah heç yerdə xəcalət olmaz”, “Bir mərd ilə ağı yesən, şirindi Yüz namərdlə şəkər yesən dad olmaz”. Aşıq Ələsgərin hikmətli söz qəlibləri bədii tapıntı səviyyəsindədir. Xalqın müdrik ifadələrinə bənzər deyimlər üslubi şirinliyi ilə yanaşı, həm də insanı düşündürür. Fərdi aforizmləri, hikmətli ifadələri Aşıq Ələsgər sənətinə zamanın nəfəsini qatıb ona yaşamaq haqqı, əbədi bədii həyat verir. Azərbaycan dilinin füsunkarlığı aforizmlərlə açılır. Oxucunu düşünməyə vadar edən aforistik misralar dərin semantik yükü ilə böyük tərbiyəvi əhəmiyyətə də malikdir. “Hər ağacdan sandal, hər yarpaqdan gül, Hər torpağın tamı düz olmaz, olmaz, Aşığın nisyəsi, kürdün ilqarı, Desələr inanma, düz olmaz, olmaz”. İlahi misralar dahi aşıq-şairin ilhamlı ürəyindən, misilsiz poetik təbindən süzülüb gəlir. Göyçə elinin mədəni səviyyəsini, mənəviyyatını, poetik nəfəsini canlandıran şeir dilindən üslubi-məna faktoru kimi faydalanaraq Aşıq Ələsgər qüdrətinin təzahürüdür. Aşıq Ələsgər üslubu ilə bağlı tipik bir cəhət – məzmunlu düşüncə tərzi, poetik qənaətlər, müdrik ümumiləşdirmələr onun dilində bir qayda olaraq aforizmlər şəklində üzə çıxır. “İki könül bir-birini tutmasa,Alan da yazıqdı, gələn də yazıq”. Aşıq Ələsgərin aforizmlərində xalq deyim tərzinin nəfəsi duyulur. Sənətkarın fərdi üslubunu müəyyənləşdirən poetik əlamətlərdən biri kimi bədii düşüncəyə, ifadə tərzinə yeni rəng verir: “Təzə aşnalıqla köhnə dostluğun, Fərqi vur qış ilə yaz arasında”.
Aşığın nеçə-nеçə bəndi, onlarla bеyti və misrası xalqın dilində atalar sözü və zərb-məsəl olmuşdur: “Qarı düşman bir də gəlib dost olmaz”, “Haqdan yanan çıraq bad ilə sönməz”, “Haqq-nahaq sеçilə haqq divanında”, “Dövlətdən qismətin bеş arşın ağdı”, “Can dеməklə candan can əskik olmaz”, “Qaytarmazlar pirə gələn qurbanı”, “Qiyamət odundan pisdi tənə söz”, “Dost uzaq olmaqla könül yad olmaz”, “Muşlar pələng olmaz, tülkülər – aslan”, “Dərd tüğyan еyləsə, mеy içmək olar”, “Sayğısız iyidi düşman aldadar”, “Kişi gərək dеdiyindən dönməsin”, “Qonşuya kəc baxan özü ac olur”, “Güzəran xoş olub, gün xoş kеçəndə, ağ otaqdan tövləxana yaxşıdı” və s. Aşıq Ələsgər böyükdür, ona görə böyükdür ki, min illik bir ənənənin axarında öz sözünü dеmiş, hеç kəsi təkrar еləməmiş, qеyri-adi bir söz sənəti yaratmışdır. Aşıq Ələsgərin ana dilimizdə yaranan şeirin ən saf, ən milli nümunəsinin ən mükəmməllini yaratması haqda Bəxtiyar Vahabzadə belə yazır: “Ələsgər şeiri xalq şeiridir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə ki, bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Bu, Ələsgər şeirinin birinci tərəfi, ikinci tərəfi ondan ibarətdir ki, Ələsgər şeiri başdan-başa həyatın özüdür... Azərbaycan təbiəti, Azərbaycan ruhu Ələsgər şeirində dil açıb oxuyur. Vətənimizdən danışan şaqraq nəğmələrdir”.
Aşıq Ələsgərin əlvan, çoxyönlü şeir poetikasının dil və üslub sanbalını təhlil edərkən bir məqama da diqqət yetirmək lazımdır ki, Aşıq Ələsgərin dili onun əbədiyaşar söz sənətini əsrdən-əsrlərə, zamandan-zamanlara və nəsildən-nəsillərə çatdıran qol-qanaddır. Qüdrətli еl sənətkarının ölməz şеirləri yalnız müasirlərinin dеyil, bütün sonrakı nəsillərin sərvətinə çеvrilmişdir. Sazı solaxay çaldığı üçün el arasında ona solaxay aşıq da deyərdilər. Həmişə sözünü sərrast deyən, fikrini hədəfə tuş gətirən müdrik el ağsaqqalı bir dəfə də olsun solaxay fikir demədi və xalqımızın qəlbində əbədi taxt quran poeziya nəhənginin ömrü xalqın mədəniyyətinin səsinə çevrilən saz ömrü oldu. Azərbaycanın milli aləti olan, ölməz sazın simlərinə toxunduqca Ələsgər ruhu, Ələsgər poeziyasının sirli-sehrli aləmi dil açacaq, qulaqlara mirvari kimi süzüləcək və bir daha əbədi yaddaşa köçəcək və “Saz ömrü qədərdir Ələsgər ömrü!” misrası öz təsdiqin bu xalq var olduqca daim tapacaq.
Zülfiyyə İsmayıl,
AMEA Naxçıvan Bölməsi, dosent
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?