Səbəbini bir sözün, bir cümlənin, bir şeirin, bir romanın, bəlkə də bir dastanın tutacağı söz tərkibi belə yetməz izah etməyə bu sənətə olan marağımı və sevgimi. Saysız-hesabsız, biri-birindən rəngarəng, maraqlı, yararlı, əvəzsiz sənət sahələri var xalqımızın min illər boyu məşğul olduğu. Min illər boyu yaşadığı ərazinin flora və faunasından səmərəli istifadə edərək, zəngin milli mənəvi dəyərlər və təkrarolunmaz mədəniyyət yaratmışdır bu xalq. Sadalamaq istərdim bu sənət sahələrini, amma, ondan bəhs etməyə yer az qalar dedim: xalqımın toplu sənət sahəsi olan “Xalçaçılıq”dan. Bəlkə də bir qədər qəribə səslənir, çoxları qəribsəyər bəlkə də bu sözümü “toplu sənət sahəsi”. Çox araşdırdım, oxudum, sorub-soruşdurdum bu sənət sahəsi qədər sözün əsil mənasında geniş yayılan, həmən-həmən zamanında hər elin hər evində ərsəyə gələn ikinci bir sənət nümunəsinə rast gəlmədim. Zərgəri, dülgəri, misgəri, xarratı və digər sənətkarları bəlli yerlərdə, bəlli saylarda olardı. Amma, xalçaçısı hər evdə olub bu xalqın. Analarımızın, nənələrimizin gözlərinin nurundan, qəlblərinin sevgisindən, beyinlərinin səbir kəsasından, təxəyyüllərinin incə nöqtəsindən, iplərin pardaqladığı barmaqlarından ilmə-ilmə ərsəyə gəlib xaçalarımız. Aylarla yorulmadan, usanmadan, bir gün belə şikayət etmədən yaratmışlar bu əsrarəngiz sənət nümunələrini, bu oğlumun, bu qızımın, bu evimin, bu elimin deyərəkdən. Soyuqda isitmək, qızmar günəşdən qorumaq, boş olanı doldurmaq, dolu olana gözəllik qatmaq üçün, bir sözlə gündəlik həyat tərzlərinə həyat eşqi qatmaq üçün yaradıb Azərbaycan qadını öz xalçalarını. Ərsəyə gətirənə kimi hər millimində öz əməyi, hər çeşnisində öz xəyalı, hər rəngində öz rəng dünyasının çalarları yer alıb cəfakeş analarımızın.
Qarşısında durub saatlarla tamaşa edərsən, çözmək üçün fikri fikrə calayarsan görəsən nə demək istəyib bu xalçanı toxuyan ana? Hansı ruh-əhval ilə toxuyub bu möhtəşəm sənət əsərini? Bəli əsərini, özü də bilmədən nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə yadigar olan xalçasını. Çeşid-çeşid naxışından, əlvan-əlvan rənglərindən, ölçüsündən, xovunun qalınlığından nələrisə təxmin etmək istərsən, amma bu sadəcə təxmin olaraq qalar. Həqiqətsə yaradana agahdır.
Tarixinə nəzər yetirsək eradan əvvəli göstərir, məkanını araşdırsaq odlar yurdu Azərbaycanımızın hər addımını. Əsrlər boyu formalaşa-formalaşa, özünə məxsus xarakter və keyfiyyətləri zənginləşdirə-zənginləşdirə bu günümüzə qədər gəlib çıxmışdır xalçaçılıq. Özündə bir evin, bir elin həyat tərzini, adət-ənənəsini, milli mənliyini qoruyaraq gəlmişdir. Hər naxışında bir məna, hər mənasında bir inanc sığdıraraq, ilmə-ilmə toplanaraq, uzun yoldan yollanaraq gəlmişdir xalça. Əsrləri geridə qoysa da nə keçmişinə dönük çıxmamış, nə də gələcəyindən əl çəkməmişdir bu sənət sahəsi. Qədimi qorumuş, yeniyə qucaq açmışdır. Türlü-türlü çeşidlənmiş, bir ad altında birləşmişdir “döşənək”: keçəsi, cecimi, palazı, kilimi, vərnisi, zilisi, şəddəsi, ladısı, buryası, sumağı, xalısı, xalçası, gəbəsi. Xovsuzundan ilham alan xurcunu, məfrəşi, heybəsi, çulu, duz torbası, daha nələri ömür, gün yoldaşı olub ulularımızın. Daim yaşayış yerlərində, köç zamanı yanlarında, xeyir və şərlərində hər zaman əllərindən tutub, əlləri ilə yaratdıqları. Ona görə də sevgi ilə yaratdıqları kimi, qayğı ilə də qoruyub saxlayıb, bizə əmanət ediblər. Əmanət edərkən də xeyir duasını veriblər. Kim bilir bəlkə də elə bu xeyirdualar, bu alqışlar bu sənəti yaşadır. Bəlkə də “əmanətə xəyanət etmək olmaz” deyən xanımlrımız. Ya da tək bir ilməsini belə vura bilməyən, lakin sadəcə sahib olduğu üçün sevənlər, dəyər verib qiymətləndirənlər. Ata-anadan oğula, qıza, nəvə-nəticəyə miras qalan əl əməyi, göz nuru olan xalçalarımız əsrlərdir ki, dünya mədəniyyətinin diqqət mərkəzindədir özlərinin təkrarolunmaz bədii tərtibatı, toxunma texnikaları ilə. İnsan təxəyyülünün bəhrəsi olan xalçalarımız yalnız sənətlə yoğrulan bir xalq tərəfindən ərsəyə gətirilə bilər. Yəni Azərbaycan xalqı tərəfindən.
Sevinc Səbzəliyeva,
Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?