Vətən müharibəsinin iştirakçısı, Ağdaş rayonunun Binələr kənd sakini, qazi Səfərov Murad Gülyar oğlu döyüşlər zamanı komandiri Zamanovun şəhid olma anını “İki sahil”ə danışıb.
O bildirib ki, mayor Zamanov əl qumbarası ilə düşmən üzərinə gedərək bir neçə canlı qüvvəni məhv edib, özü isə qəhrəmancasına şəhid olub: “Hər yer minalanmışdı, sıx duman idi, gah meşəlik, gah da dağlıq ərazilərlə gedirdik, hərəkət etmək çətin olduğu üçün yavaş və səssiz davranırdıq. Bir neçə kilometr getdikdən sonra qarşıda yol dönürdü. Ərazini yaxşı tanımırdıq, sən demə yolun dönəcəyində erməni postu var imiş. Düşmən tam hazır vəziyyətdə bizi dönəcəkdə gözləyirdi, məsafə isə 30 metrə olardı ki, atışma başladı. Bizim olduğumuz yer maskalanmağa əlverişsiz idi, onlar isə səngərlərdə idilər, düşmənlə açıq sahədə üzü-üzə gəldik.
Komandirimiz mayor Zamanov orada əsl qəhrəmanlıq nümayiş etdirdi. Əl qumbarasının fitilini çəkərək düşmən üzərinə yüyürdü və qumbaranı düz onların yanına atdı. Təbii ki, düşmən tərəfi də avtomat silahla Zamanova ardıcıl atəş açdı. Komandirimiz elə yerindəcə şəhid oldu, üç uşağı isə Vətənə əmanət qaldı. Hər iki tərəf itki vermişdi, o anda atışma bir neçə dəqiqəliyə dayandı. Tez hərəkətə keçib Zamanovun nəşini döyüş sahəsindən çıxararaq geri çəkildik. Zamanovun şəhid olması şəxsi heyəti çox sarsıtdı”.
Taleh Bağırov, “İki sahil”