Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi müzəffər ordumuzun parlaq Qələbəsi ilə başa çatdı. 30 illik Qarabağ həsrətinin sona yetdiyi bu haqq davasında xalq olaraq mütəşəkkiliyimizi qoruduq, güclü birlik və həmrəylik nümayiş etdirdik. Prezident İlham Əliyevin dediyi kimi bu birlik nəticəsində düşmənin başına elə bir yumruq endirdik ki, uzun müddət özünə gələ bilməyəcək. Bu tarixi qələbəmizə yurdsevər balakənlilər, o cümlədən avarlar da böyük töfhələr verdilər.
“İki sahil”in əməkdaşı Balakəndən olan bir neçə belə şəxslə görüşərək onların fikirlərini təqdim edir.
Rayonun Qabaqçöl qəsəbə sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutrayev müharibədə şəxsən iştirak edə bilməsə də əsgərlərə mənəvi dəstək olub. O, bir neçə şəhid və qaziyə şeirlər yazaraq onların şücaətlərini, xatirələrini tarixin yaddaşına köçürüb: “Xalqımız çox böyük qələbə sevinci yaşadı. Şübhəsiz ki, parlaq qələbəmiz Azərbaycan xalqının, ordunun, əsgərlərimizin birliyi sayəsində əldə olundu. Mən çox xoşbəxtəm ki, bütün xalqlar kimi, Balakəndən olan oğullar da o qanlı səngərlərdə mərdliklə düşmənlə son ana kimi vuruşublar. Torpaqlarımızın azadlığı üçün canlarından keçiblər. Düzdür, müharibədir, burada şəhid də, yaralı da olmalıdır. Bizim Qabaqçöl qəsəbəsindən də dörd şəhidimiz oldu. Amma əsas odur ki, qanı tökülən bütün şəhidlərin qisası alındı, 30 il işğalda olan torpaqlarımız geri qaytarıldı. Hər kəs kimi, bizlərin də qəlbində Vətən, dövlət, bayraq sevgisi sonsuzdur. Dünya gördü ki, Azərbaycan xalqı öz Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin ətrafında necə sıx birləşib. Bu birliyimiz bundan sonra da əbədi olacaq.
Mən də bir şair olaraq müharibədə kənarda qalmayıb qələmlə mübarizə aparmışam. Ordumuzun qüdrəti, şəhidlərin şəhadəti, qazilərin şücaəti ilə bağlı bir neçə əsər və poema yazmışam. İnşallah yaxın vaxtlarda əsərlərimi kitab halında çap etdirəcəyəm. Allah bütün şəhidlərə rəhmət etsin, yerləri cənnət olsun, qazilərə şəfa versin”.
Meşəşambul kənd sakini, yunan-Roma güləş növü üzrə Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, Avropa və dünya çempionu Murad Bazarov Qarabağda bayrağımızı qaldıran əsgərlərlə fəxr etdiyini bildirdi: “Mən fəxr edirəm ki, bu müharibədə avar gəncləri çox fəal iştirak etdilər. Xeyli sayda şəhid və yaralımız oldu. Müharibədə həlak olan hər bir şəhidə Allahdan rəhmət, valideynlərinə səbr diləyirəm, onlar hər zaman bizlərin qəlbində yaşayacaqlar. Yaralılara da şəfa diləyirəm, arzu edirəm ki, inşallah tezliklə əvvəlki sağlamlıqlarına qovuşsunlar. Təbii ki, bu müharibə zamanı bizdə ən böyük ruh yüksəkliyi yaradan Ali Baş Komandanımız cənab İlham Əliyevin çıxışları, səsləndirdiyi fikirlər idi. Biz avar gəncləri və digər etnik xalqlar hamımız bir bayrağın altında birləşərək cənab Prezidentimizin də dediyi kimi, dəmir yumruq olduq və düşmənə sarsıdıcı zərbələr endirdik”.
Sözsüz ki, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı o igidlərin yerində olmaq istəyərdi. Amma yaş məhdudiyyəti ilə əlaqədar olaraq təbii ki, bu, mümkün deyildi. Belə olan halda bəzi şəxslər əlinə silah alıb torpaqlarımızın azad edilməsində iştirak edə bilməsələr də, əsgərlərə maddi və mənəvi dəstək olmaq üçün həyatlarını riskə ataraq cəbhəyə kimi getdilər.
Milliyyətcə avar olan Balakən rayonunun Xalatala kənd sakini, tanınmış iş adamı Qebeyev Şamil Əhməd oğlu da belə şəxslərdən biridir. O, müharibə müddətində bir neçə dəfə şəxsi vəsaiti hesabına 40 min manatlıq müxtəlif təminatlar alaraq öz avtomobili ilə cəbhəyə gedərək əsgərlərimizi ziyarət edib: “Mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibənin nə olduğunu, onun çətinliklərini, risklərini yaxşı bilirəm. O zaman uğur əldə edə bilmədik, torpaqlarımız işğal olundu, dinc sakinlərimiz soyqırıma məruz qaldılar, ona görə də ürəyim hər zaman Vətən üçün, xalq üçün döyünüb. Təbii ki, cəbhəyə getmək böyük riskdir, amma o torpaqlar mənə o qədər əzizdir ki, heç bir risk buna mane ola bilmədi. Fikirləşdim ki, özüm düşmənlə üz-üzə döyüşə bilməsəm də heç olmasa orada döyüşən igid əsgərlərimizə mənəvi və maddi dəstək olum. İlk dəfə oktyabrın 2-də Füzuliyə getdim. Döyüşlərin qızğın vaxtları idi. Ümumilikdə dörd dəfə Füzulidə, bir dəfə də Ballıqaya, Tərtər, Cəbrayıl, Zəngilan və Qubadlıda oldum. Müharibə təzə başlayan zaman su və dəyişik paltara daha çox ehtiyac var idi. Sonradan isə həm su və paltar, həm də yemək və lazım olan hər bir ləvazimatı aparırdım. Hər dəfə gedəndə isə görürdük ki, kənddə heç kim yoxdur, bilirdik ki, əsgərlərimiz irəliyə gediblər. Çox sevinirdik, qürurlanırdıq ki, növbəti kəndlər işğaldan azad olunub. İrəliyə gedib o əsgərləri tapırdıq, oturub birlikdə yemək yeyirdik, çay içirdik, mənəvi dəstək olurduq. Bu hadisələrə şahid olmaq, o tarixi günləri yaşamaq tamamilə ayrı bir hissdir. Çünki biz illər öncə bu torpaqlardan məğlub ayrılmışdıq”.
Həyatını riskə atdığını bildiyini deyən Ş. Qebeyev bir neçə dəfə top atəşinə məruz qaldıqlarını diqqətə çatdırdı: “Biz ön cəbhəyə belə gedirdik. Təbii ki, bunun nə qədər riskli olduğunu çox gözəl başa düşürdüm. Faktiki olaraq Ağdərə və Qubadlıda iki dəfə düşmənin atəşi altına düşsək də ölümdən xilas ola bildik. Maşınımızı top atəşinə tutmuşdular. Qubadlıya gedərkən qarşımızdakı iki maşını vurdular. Buna görə də biz Qubadlının mərkəzinə gedə bilməyərək geri qayıtmağa məcbur olduq”.
Təbii ki, ölkəmizdə digər xalqlar kimi, avarların da ictimai birlikləri fəaliyyət göstərir.
Kifayət qədər aktiv olan Azərbaycan-Avar İctimai Birliyi müharibə zamanı xeyli sayda bəyanatlar yayaraq qələbəyə öz töhfəsini verib. İctimai Birliyin sədr müavini Elşad Qoqayev bildirdi ki, son dövürün hərb tarixində görülən ən güclü döyüşlərdən biri olan Vətən müharibəsi ordumuzun parlaq qələbəsi ilə başa çatdı: “Bu nailiyyətin kökündə şübhəsiz ki, Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin illər öncə həyata keçirməyə başladığı uğurlu siyasət dayanır. Bu müharibədə biz bir daha şahid olduq ki, dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bir fikir, bir ideya ətrafında sıx birləşərək dəmir yumruq ola bildi. Məhz bunun nəticəsidir ki, 30 illik Qarabağ həsrəti sona yetdi. Təbii ki, müharibə varsa qan tökülür, qan da tökülürsə şəhid olur. Mən birliyimiz adından bütün şəhid analarının əlindən öpürəm, Allah şəhidlərə rəhmət eləsin, yaralılarımıza tezliklə şəşa versin”.
E. Qoqayev bildirdi ki, müasir zamanda müharibə təkcə ön cəbhədə deyil, eyni zamanda, arxa cəbhədə də yaşanır: “Bu xüsusda vurğulamaq istəyirəm ki, Azərbaycan-Avar İctimai Birliyi Məhəmməd Nooyevin rəhbərliyi altında mətbuat vasitəsi ilə dəfələrlə müxtəlif bəyanatlar verərək öz mövqeyini nümayiş etdirdi. Hər zaman olduğu kimi, bu müharibədə də avar xalqı cənab Prezidentimiz İlham Əliyevin yanında olaraq Onun siyasi kursunu tam dəstəklədi. Bildiyiniz kimi, mənfur düşmənlərimiz 44 gün ərzində ölkəmizdə yaşayan etnik xalqlar arasında nifaq toxumu səpmək istəyirdilər. Hətta bununla bağlı etnik qruplara müraciətləri belə olmuşdu. Biz ermənilərin bu tipli təxribatçı müraciətlərinə bir neçə dildə tərcümə olunmaqla mətbuat vasitəsilə cavab vermişik, hər zaman da verəcəyik. Hər kəs bilsin ki, avar xalqı da digər etnik qruplar kimi, dövlətçiliyə sadiq olaraq cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib”.
Taleh Bağırov, “İki sahil”