Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi sözsüz ki, hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Onların və digər döyüş iştirakçılarının sayəsində biz bu gün “30 illik Qarabağ həsrəti sona çatdı” deyə bilirik. Hər kəs bacardığı formada şəhidlərin xatirəsini yaşatmağa çalışır. Belə şəxslərdən bir də Balakən rayonundan olan milliyətcə avar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutrayevdir.
O, “İki sahil”ə müsahibəsində bildirib ki, müharibədə şəxsən iştirak edə bilməsə də əsgərlərə mənəvi dəstək olub. Rayondan olan bir neçə şəhid və qaziyə şeirlər yazaraq onların şücaətlərini, xatirələrini tarixin yaddaşına köçürüb: “Xalqımız çox böyük qələbə sevinci yaşadı. Şübhəsiz ki, parlaq Qələbəmiz Azərbaycan xalqının, ordunun, əsgərlərimizin birliyi sayəsində əldə olundu. Mən çox xoşbəxtəm ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi, Balakəndən olan oğullar da o qanlı səngərlərdə mərdcəsinə düşmənlə son ana kimi vuruşublar. Torpaqlarımızın azadlığı üçün canlarından keçiblər. Düzdü, müharibədir, burada şəhid də, yaralı da olmalıdır. Bizim Qabaqçöl qəsəbəsindən də dörd şəhidimiz oldu. Amma əsas odur ki, qanı tökülən bütün şəhidlərin qisası alındı, 30 il düşmən tapdağında olan torpaqlarımız geri qaytarıldı. Hər kəs kimi, bizlərin də qəlbində Vətən, dövlət, bayraq sevgisi sonsuzdur. Dünya gördü ki, Azərbaycan xalqı öz Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin ətrafında necə sıx birləşib. Bu birliyimiz bundan sonra da əbədi olacaq. Mən də bir şair olaraq müharibədə kənarda qalmayıb qələmlə mübarizə aparmışam. Ordumuzun qüdrəti, şəhidlərin şəhadəti, qazilərin şücaəti ilə bağlı bir neçə əsər və poema yazmışam. İnşallah, yaxın vaxtlarda əsərlərimi kitab şəklində çap etdirəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, qazilərə şəfa versin”.
Taleh Bağırov, “İki sahil”