30 mart 2021 20:00
1281

Elşad Qoqayev: Ermənilərin təxribatçı müraciətlərinə hər zaman cavab verəcəyik - VİDEO

Ordumuzun parlaq Qələbəsi ilə başa çatan II Qarabağ müharibəsi Azərbaycanda yaşayan xalqların bir yumruq ətrafında sıx birləşdiyini, Ali Baş Komandanımız İlham Əliyevə dam dəstək olduğunu bir daha göstərmiş oldu. Müxtəlif icmalar, ictimai birliklər bəyanatlar yayaraq haqq davamıza öz töhfələrini verdilər. 

Ölkəmizdə kifayət qədər aktiv olan Azərbaycan-Avar İctimai Birliyi də müharibə zamanı xeyli fəallıq nümayiş etdirdi. Sözügedən İctimai Birliyin sədr müavini Elşad Qoqayev “İki sahil”ə müsahibəsində bildirdi ki, son dövrün hərb tarixində ən güclü döyüşlərdən biri olan Vətən müharibəsi ordumuzun parlaq qələbəsi ilə başa çatdı: “Bu nailiyyətin kökündə şübhəsiz ki, Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi uğurlu siyasət dayanır. Bu müharibədə biz bir daha şahid olduq ki, dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bir fikir, bir ideya ətrafında sıx birləşərək dəmir yumruq ola bildi. Məhz bunun nəticəsidir ki, 30 illik Qarabağ həsrəti sona yetdi. Təbii ki, müharibə varsa qan tökülür, qan da tökülürsə şəhid olur. Mən İctimai Birliyimiz adından bütün şəhid analarının əlindən öpürəm, Allah şəhidlərə rəhmət eləsin, yaralılarımıza tezliklə şəfa versin”.

E.Qoqayev qeyd etdi ki, müasir zamanda müharibə təkcə ön cəbhədə deyil, eyni zamanda arxa, cəbhədə də yaşanır: “Bu xüsusda vurğulamaq istəyirəm ki, Azərbaycan-Avar İctimai Birliyi Məhəmməd Nooyevin rəhbərliyi altında mətbuat vasitəsi ilə dəfələrlə müxtəlif bəyanatlar verərək öz mövqeyini nümayiş etdirdi. Hər zaman olduğu kimi, bu müharibədə də avar xalqı cənab Prezidentimiz İlham Əliyevin yanında olaraq Onun siyasi kursunu tam dəstəklədi. Bildiyiniz kimi mənfur düşmənlərimiz 44 gün ərzində ölkəmizdə yaşayan etnik xalqlar arasında nifaq toxumu əkmək istəyirdilər. Hətta bununla bağlı etnik qruplara müraciətləri belə olmuşdu. Biz ermənilərin bu tipli təxribatçı müraciətlərinə bir neçə dildə tərcümə olunmaqla mətbuat vasitəsilə cavab vermişik, hər zaman da verəcəyik. Hər kəs bilsin ki, avar xalqı da digər etnik qruplar kimi, dövlətçiliyə sadiq olaraq cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib”.

Taleh Bağırov, “İki sahil