Günorta hava tutulmağa başladı. Yağış yağacağı ehtimalı vardı. Əraziyə perimetr üzrə döyüşçülərimiz nəzarət edirdi.
Kapitan-leytenant Orxan Qədirovun məruzəsindən az sonra komandirləri ora gəldi, vəziyyətlə yerində tanış oldular. Sən demə, qrupa yeni tapşırıq veriləcəkmiş...
Kapitan-leytenant Orxan Qədirovun qrupu Şükürbəyli – Cəbrayıl yolunun müdafiəsinə, Sirac Siracovun başçılıq etdiyi qrup isə Şükürbəyli-Sultanlı yolunun müdafiəsinə göndərilirdi. Həmin anlarda yağış başladı. Döyüşçülərdən biri pıçıltıyla “Yağış yağar yer doymaz...” – dedi. Bu bircə misra könüllərdə gözəl bir titrəyiş, xoş ovqat yaratdı. Orxan Qədirovun qrupu bu xoş ovqatın müşayiətiylə Şükürbəyli – Cəbrayıl yolu istiqamətində yola düşdü.
Tut ağacı, ona çırpılmış “ZİL” markalı yük maşını, yolun sol tərəfində aşmış başqa bir yük maşını, yoldan çıxıb xarabalıqda qəzaya uğramış yanacaq daşıyan maşın, döyüşçülərimizin vurduğu VAZ - 07 markalı maşın var idi. Yolun Cəbrayıl istiqamətində, sağ tərəfdə elə yerdə mövqelənməyi qərara aldılar ki, atış açası olsalar güllələri Sirac Siracovun qrupunun mövqesinə çatmasın.
Vaxt keçir, hava soyuyur, yağış güclənirdi.
İki-iki ağacların altında bir xətt boyunca, üzləri yola sarı maskalanaraq mövqeləndilər. Komandanlığın döyüşçülərə göndərdiyi ərzaqdan Sirac Siracov onlara da çatdırdı. Döyüşçülər qaynadılmış əti və peçenyeni iştahla yedilər.
Hava qaralırdı, soyuq yağış damlaları üz-gözlərinə səpələnirdi. Yorulmuşdular. Belə qərara aldılar ki, növbətçiliyi səmərəli təşkil etmək üçün döyüşçülər mövqeni tərk etmədən müəyyən müddətdə cüt-cüt istirahət etsinlər. Ağır silah mütəxəssisi olan çox cüssəli döyüşçü Rüfət Musayev Orxangildən ən solda qamışlıqda mövqelənmişdi.
Gecə saat 3, soyuq hava, yağışdan sonra hamısı su içində. Tərpənmirdilər ki, müşahidə aparan düşmən yerlərini bilər, xüsusi təyinatlılarını bura göndərər.
Bu anlarda Vüsal Kamilzadə Orxan Qədirova məruzə etdi ki, xarabalıqdan Cəbrayıl istiqamətində, yolun solunda qaraltı görünür. Qaraltı təbbi qaraltı, mal-heyvan ola bilməzdi; neçə gündən bəri mərmi, güllə səsləri onları yəqin ki, buralardan uzaqlaşdırıb. Vüsal bir döyüşçü ilə (xüsusi təyinatlı qüvvələrdə buna “badi” deyilir) oranı yoxlamağa göndərildi. Müəyyən mənada, kəşfiyyat üçün.
Vüsalgil yolu keçdi. Qaraltı görünmüş xarabalığın içində yarı sökülmüş tikilinin qapısına yaxınlaşdılar. Bu anlarda onları müşahidə edən döyüşçülər silahın qoruyucusunu açmışdı, barmaqları tətikdə gözləyirdi. Hər an rabitəylə Orxan Qədirova məruzə edilirdi. Nəsə olsaydı, həmin anlarda digər yarımqrup soldan həmlə edəcəkdi. Orxan Siraca məlumat verdi ki, şübhəli məqam var, onu yoxlayırıq.
Vüsal xarabalıqdaydı. Tam uçub-dağıdılmamış evlərin birinin qapısının ağzında olanda içəridən rabitə səsi gəldiyini eşitdi, onu da dəqiqləşdirdi ki, erməni dilində danışırlar. Bu haqda Orxan Qədirova məruzə etdi. Məruzəsini bitirər-bitirməz atışa hazırladığı əl qumbarasını ləngimədən evin içinə atdı. Partlayışla birlikdə içəridən zarıltı da eşidildi. Vüsalgil evə taktiki giriş etdilər. İçəridən 3-4 atış səsi gəldi. Onların bundan sonra xarabalıqda ləngimələri təhlükəli olardı. İçəridəkilərin məhv edildiyinə şübhələri qalmamışdı. Yəni xarabalıqda bir təhlükə mənbəyi məhv edilmişdi.
Orxan Qədirov Vüsalgilə geri qayıtmalarını, digər döyüşçülərlə bir xəttə öz mövqelərini tutmalarını tapşırdı.
Hava açılar-açılmaz Rüfət Musayev bildirdi ki, sol tərəfdən maşın səsi gəlir.
Sol istiqamətdən iki sanitar maşını, bir 6 təkərli “kvadrasikl” gəlirdi. “Kvadrasikl” yalnız xüsusi təyinatlı bölmələrdə olur. Səbrlə gözlədilər. Pusqu qurmağı qərara aldılar. Bu an Rüfət bildirdi ki, gələnlər bizimkilərdi. Maşındakılar döyüşçülərimizin orada olduğunu görməmişdilər. Onlar döyüşçülərimizin qarşısından keçib üzü Cəbrayıla tərəf getdilər. Bir qədərdən sonra dayandılar. Döyüşçülərimiz onları tanıdılar. Digər bölmədən olan döyüşçülər idi...
Niyəsə maşınları geri döndərdilər...
Səhər açılmışdı. Yağış kəsmişdi, xırdaca çisgin vardı. Mövqelərdən çıxdılar. Taktiki yürüş edərək gecə Vüsalgilin əməliyat icra etdiyi tikiliyə yaxınlaşdılar. Orxan Qədirovun əmri ilə tikilini iki istiqamətdən mühasirə səviyyəsində nəzarətə götürdülər, içərini yoxlamaq Vüsalla Xəyyama tapşırıldı. Təlimlərdə binanın yoxlanması üsullarını dəfələrlə icra etmişdilər, bunun metodlarını mükəmməl mənimsəmişdilər. Yoxladılar, dəqiqləşdirdilər ki, içəridə kimsə yoxdu. Vüsalın atdığı qumbara ordakı düşmənlərin ikisini də öldürüb.
Sanitar maşınlarına yaxınlaşdılar. Hara getdiklərini soruşdular. Öyrəndilər ki, Cəbrayılda əməliyyat uğurla tamamlanıb. Onlar ordakı yaralıların təxliyyə etməlidirlər.
Cəbrayıl işğaldan azad edilmişdi.
Saat səkkiz radələrində 3-cü dərəcəli kapitan Babək Şirinovun və baş leytenant Alik Yusifovun qrupları Orxangilin yanına gəldi. Hamı sevinirdi. Hamı bu Qələbəyə, bundan sonra qazanılacaq qələbələrin ruhuna köklənmişdi.
Orxan Qədirovla Sirac Siracovun qrupları Şükürbəylinin mühafizəsini perimetr üzrə təşkil etdikdən sonra Soltanlı kəndinə tərəf hərəkətə başladılar. Babək Şirinovun qurupu təpələrdən, Alik Yusifovun qrupu Şukürbəyli - Soltanlı yolu istiqamətində hərəkət etməliydi. Bu qrupa tapşırığın icrası üçün zirehli maşın da verilmişdi.
Qruplar Şükürbəylidə aldığımız hərbi hissəyə toplandı. 1 saat keçmişdi ki, düşmən Şükürbəylini artilleriya atəşinə tutdu. Döyüşçülər dərhal tikiliyə girdilər. Tikililərin qalın divarları vardı, elə bil mühəndis maneələri idi. Bura artilleriya atışlarından müdafiə olunmaq üçün nisbətən təhlükəsiz idi. Düşmən atışa ara verən kimi Emil Ahəngari ilə Dövran Dadaşov Azərbaycan bayrağını hərbi hissənin ərazisindəki rabitə dayağına asdılar.
Heç kim tamam su içində olduğuna məhəl qoymurdu. 28 il doğma nəfəsə tamarzı qalan torpaqda ağacların barını görüncə bir qədər kövrəldilər də. Bu kövrəklik sonrakı döyüşlərin qələbə ruhuna qarışacaqdı...
Yorulmuşdular. Yuxusuzuydular. Dinclərini almağa macal tapmamış binaya artilleriya mərmisi düşdü. Az sonra qrupları daşımaq üçün təyin olunmuş yük maşınına da mərmi düşdü. Sirac Siracov şəxsi heyəti bir yerə topladı. Orxanla Fuad maşının yanına tələsdi. Maşın yanırdı. Öyrəndilər ki, mərmi düşəndə sürücü maşında olub, partlayışın gücündən maşının qapıları açılıb, yerə düşən sürücü yüngül qəlpə yarası alıb. Onu təxliyə etdilər.
Düşmən artilleriya və reaktiv sistemlərdən atışı davam etdirirdi. Orxanla Fuad dairəvi, əyri-üyrü olmaqla özlərini hərbi hissəyə çatdırdılar. Orada iri bir it vardı. Ermənilər qaçanda burda qoyub getdikləri itin ulartısı uzaqlardan da eşidilirdi...
Şükürbəyli işğaldan azad edildi...
Düşmənin çarəsiz atdığı mərmilər Azərbaycan Ordusunun döyüş əzminin, qələbə ruhunun müqabilində çox gücsüz idi...
Rəşid Faxralı