19 mart 2021 16:12
1100

Könül Nurullayeva səyyar qəbulları davam etdirir: “Şəhid bulağı” qısa zamanda bərpa ediləcək

Mütəmadi səyyar qəbullar keçirən Milli Məclisin deputatı Könül Nurullayeva, bayram öncəsi M. X. Şərifli küçəsi 94B ünvanında yerləşən mərasim evinin qarşısında Şərifli küçəsi 94B, 94V, 96, 98, 100, 102 və Rüstəmov 47 küçələrində yaşayan Nizami rayonu sakinləri ilə görüş keçirib. Səyyar görüşdə şəhidlərimizin  əziz xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, səyyar qəbul zamanı Rüstəmov 47 küçəsində yaşayan sakinlər Bakı şəhəri Nizami rayonundan olan gənc şəhid Məmmədov Zəbiyullanın əziz xatirəsinin “Şəhid bulağı” vasitəsilə əbədiləşdirilməsini xahiş ediblər.

 “Nizami rayonundan seçilmiş millət vəkili olaraq, bulağı qısa zamanda bərpa edilərək, şəhidimizin adının əbədiləşdiriləcəyinə söz verirəm. Bayram müddətində bulaqda təmir-bərpa işlərinə start veriləcək”-  deyən K.Nurullayeva bulaqda abadlıq işlərinin aparılması və şəhid adının əbədiləşdirilməsini öz üzərinə götürüb.

Millət vəkili həmişə olduğu kimi, sakinləri narahat edən məsələlərlə də maraqlanıb, problemləri müvafiq qurumlara qısa zamanda ünvanlamaq məqsədilə qeydiyyata götürüb.

Sakinlərlə söhbət zamanı K. Nurullayeva hər kəsi bayram münasibətilə təbrik edib, bu əbədi baharı bizə qazandıran, vətənimizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.