“Martın 17-də baş tutan səfər təkcə Ağdama edilən səfər deyildi. Bu səfər sanki Ağdamın timsalında işğaldan azad olunmuş dədə-baba yurdlarımıza dönüşün başlanğıcı oldu.”
Bu fikirləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu səfərlə bağlı təəssüratlarını “İki sahil”ə şərh edərkən söyləyib.
Partiya sədri qeyd edib ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev cənabları və ailə üzvləri mütəmadi olaraq Qarabağa, Şuşaya, işğaldan azad olunan digər guşələrimizə səfərlər edib. Bunun ardınca müxtəlif yönlü siyasi partiya nümayəndələrinin işğaldan azad edilmiş bölgələrə səfərinin təşkil edilməsi milli həmrəyliyin bundan sonra da möhkəmlənəcəyinə, inkişaf edəcəyinə işarədrir : “Eyni nəqliyyat vasitəsində iqtidar və müxalif partiyaların nümayəndələrinin birlikdə işğaldan azad olunan yurdumuza səfər etməsi milli birliyin göstəricisi olmaqla yanaşı, Qarabağ mövzusunda Azərbaycanda iqtidar-müxalifətin ayrımının olmamasını bütün dünyaya göstərmiş oldu".
Həmsöhbətimiz səfər zamanı keçirdiyi qarışıq duyğulardan da bəhs edib: “Ağdama səfərimiz zamanı bir neçə qarışıq hiss keçirdim. Həm sevinc, həm də kədər və niskil var idi...
Sevinirdim ona görə ki, uzun illərdən sonra dədə-baba yurdlarımıza ayaq basmaq nəsib oldu. Kədərlənməyimin əsas səbəbi gördüyüm mənzərə idi. Düşmənin bizim ərazilərimizi necə dağıtmasının, viran qoymasının canlı şəkildə şahidi olduq. Vətən torpağı o vəziyyətdə belə, bizim üçün əzizdir. Erməni vandalizmini gördükcə təcavüzkarların Azərbaycana qarşı nə qədər düşmən münasibət bəsləsməsi bir daha göz önündə canlanırdı. Ağdamdakı mənzərini, erməni vandallığının görəndən sonra onların vəhşi millət olduğunu deməkdən özümü saxlaya bilmirəm. Ermənistan tərəfi qəbul etməsə də torpaqlarımızla özgə malı kimi davranıb. Biliblər ki, bu yurd onların deyil və onlara qalmayacaq. Ərazilər nə zamansa sahiblərinə qayıdacaqdı. Ona görə də bacardıqları qədər dağıdıblar".
A.Şakiroğlu əlavə edib ki, Birinci Qarabağ savaşı vaxtı yaşı az olduğundan o dövrü o qədər də xatırlamır. Amma Vətən müharibəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi tarixinin canlı şahidi olmaq böyük qürurdur. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 gün davam edən müharibə nəticəsində tarixi Zəfər qazandı. Bundan sonra görüləcək çox iş var. Dağıdılmış bölgələrin bərpası, minaların təmizlənməsi, böyük qayıdışın reallaşdırılması böyük miqyaşlı işlərdir. Həm böyük zaman, həm də zəhmət tələb edir. Əminəm ki, dövlətimiz bu işin öhdəsindən ən yüksək səviyyədə gələcək.
Yaqut Ağaşahqızı, “İki sahil”