17 mart 2021 00:39
2396

Azərbaycanın ən qədim sivilizasiya beşiyi - Azıx mağarası

Ermənistan dövlət olaraq vaxtilə işğal etdikləri ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır və buna görə cavab verəcək

 

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Səfər çərçivəsində dövlət başçısı və ailəsi Azıx kəndində və Azıx mağarasında olublar. Prezident İlham Əliyev: “Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik”.

Azıx mağarası Azərbaycanın qədim və zəngin sivilizasiya beşiyi olan Qarabağ bölgəsində azərbaycanlıların doğuluş və yaşam həqiqətlərini özündə ehtiva edən yüzlərlə tarixi abidələrimizdən biridir. Dünya miqyasında qədimliyinə görə bir neçə yaşayış mərkəzləri sırasında yer alan Azıx mağarası xalqımızın maddi-mənəvi mədəniyyət kompleksi olmaqla bərabər, həm də qədim mənəviyyat simvolu, mədəniyyətimizin ilk beşiyidir. Prezident İlham Əliyevin  xatırlatdığı kimi, Azıx mağarası 1960-cı ildə Azərbaycanın görkəmli arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən kəşf edilmişdir. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq bu yaşayış məskənindən 350-400 min illik tarixi olan bir insanın alt çənə sümüyü aşkar edildi. Arxeoloqlar onun 18 yaşlı bir qadına məxsus olduğu qənaətinə gəldilər. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasında araşdırmalar daha da geniş vüsət aldı. Çox keçmədən mağarada Paleolit dövrünə və Mezolit dövrünə aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edildi. Aparılan tədqiqatlar nəticəsində bu əmək alətlərinin 1-1.5 milyon il əvvələ aid olduğu sübut olundu. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü tapıntıdır. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloji tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.

Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km məsafədə olan Quruçay ərazisində yerləşdiyi üçün bu qədim yaşayış kompleksi "Quruçay mədəniyyəti" adlandırılır. Bəzi mütəxəssislərin elmi fikirlərinə görə, ayı bu mağara sakinləri üçün müqəddəs hesab olunduğu üçün, mağaranın adı da bununla əlaqələndirilib, qədim türk dillərində "azıx" - "ayı" adı verilib. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1993-cü ildən etibarən, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi ərazi erməni faşistləri tərəfindən işğal olunub, bu işğal faktından istifadə edən ermənilər Azərbaycanın bu mədəniyyət mərkəzində arxeoloji və mədəni saxtakarlıq həyata keçirərək erməniləşdirmə təşəbbüslərinə cəhd ediblər. İşğaldan sonra Azərbaycan alimlərinin bu mağarada apardığı tədqiqatların qarşısına sədd çəkən ermənilər, hətta Avropa ölkələrindən arxeoloqlar dəvət edərək bu yaşayış məskəninin erməni ünsürlərinə aid olduğunu sübut etməyə çalışıblar. Bununla da azərbaycanlıların ən qədim yerli etnos olma haqqına şərik çıxaraq, ermənilərin Cənubi Qafqazın guya qədim yerli etnos olduğunu sübut etməyə can atıblar.

Qeyd olunduğu kimi, 1999-2001-ci illərdə Azıx mağarasında, ermənilər tərəfindən qanunsuz həyata keçirilən bu qazıntılara xarici ölkə alimləri də cəlb edilmişdi. Qanunsuz qazıntılara ermənilər tərəfindən Ermənistan Milli Elmlər Akademiyasının əməkdaşı Levon Yepiskopyan rəhbərlik etmiş, Avropa ölkələrindən isə Britaniya Təbiət Tarixi Muzeyinin əməkdaşı Piter Endryus bu layihənin elmi məsləhətçisi, İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo, Patrisiyo Dominqes və İzabella Torres, İrlandiyadan isə Con Myurri və digər şəxslər isə bu qazıntılarda iştirak etmişdi. Ermənilər öz xarici elmi havadarları ilə birlikdə Azıx mağarasında bu arxeoloji tədqiqatları sonrakı illərdə də davam etdirərək, hətta 2016-cı ildə "Azokh Cave and the Transcaucasian Corridor - 2016" ("Azıx mağarası və Transqafqaz dəhlizi - 2016") adlı kitabın çapına nail olmuşlar. Nəşr olunan bu kitabda Azıx mağarasında tapılmış bütün arxeoloji maddi və mənəvi mədəniyyət nümunələri saxtalaşdıraraq erməniləşdirilmiş, bu sivilizasiya dünyaya erməni mədəni yaşayış kompleksi kimi təqdim olunmuşdu. Dəfələrlə Azərbaycanın müvafiq rəsmi qurumları tərəfindən beynəlxalq təşkilatların kürsülərindən ermənilərin bu qanunsuz əməllərinə qarşı ciddi etirazlar olunsa da, ermənilər öz riyakar əməllərini davam etdirmişlər. Hətta 2016-cı ilin noyabrında Azərbaycanın Xarici İşlər Nazirliyi Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu, Qarabağ bölgəsinə qanunsuz daxil olduqları üçün "qara siyahı"ya daxil edib.

Qeyd edək ki, Azıx mağarasında aparılan bu qanunsuz tədqiqatlara qarşı Azərbaycanın müvafiq elmi qurumları da hərəkətə keçmiş, istər beynəlxalq səviyyədə, istərsə də regional səviyyədə mövcud elmi sübutlar əsasında ermənilərin və onların havadarlarının bu qanunsuz əməllərini ifşa etmişlər. 2002-ci ildə Beynəlxalq "İNTAS-2000" proqramına uyğun olaraq, Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley olmaqla Bakıya gəlmiş, çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olaraq, bu tapıntıların dünya arxeologiya, paleoantologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qəbul etmişlər.

Məlumdur ki, dövlətimizin ən qürurverici bayramlarından biri olan 9 noyabr Bayraq Günündə Azərbaycanın qədim sivilizasiyasının beşiyi olan Azıx mağarası şanlı Azərbaycan Ordusu tərəfindən düşmən əsirliyindən azad olundu və mədəniyyət mərkəzinə üçrəngli bayrağımız sancıldı. Bununla da uzun illər boyu erməni ünsürlərinin və onların elmi havadarlarının Quruçay mədəniyyət kompleksində, Azıx mağarasında apardığı qanunsuz, saxta tədqiqatlar, bu tədqiqatlar nəticəsində nəşr olunan yüzlərlə elmi əsərlər tarixin arxivinə gömüldü.

Sevinc Azadi, “İki sahil”