Sevda Qurbanzadə: “Türk marşı" ilə Beynəlxalq müsabiqədə qalib adını qazanmağımız rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbəsinə töhfəmiz oldu
Əziz oxucularımız, ümidvarıq ki, hazırlayarkən hər sözündən, cümləsindən zövq aldığımız bu müsahibə sizin də könlünüzcə olacaq.
Çünki “İki sahil”in budəfəki həmsöhbəti musiqinin ecazkar qüvvəsini, müəllimliyin müqəddəs missiyasını özündə birləşdirən peşədə illərdir fəaliyyət göstərən Sevda Qurbanzadədir.
Əvvəla, sizi müsahibimlə tanış etmək istərdim. Sevda Qurbanzadə 1981-ci ilin iyunun 29-da Yevlax şəhərində ziyalı ailəsində anadan olub.1987-ci ildə Yevlaxdakı 15 nömrəli dəmiryol orta məktəbinin rus bölməsinin 1-ci sinifinə daxil olub. Valideynləri onu 1990-ci ilin yanvarında, 3-cü sinifdə oxuyarkən Sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar faciəsinə etiraz əlaməti olaraq rus bölməsindən çıxarıb Azərbaycan bölməsinə keçiriblər. Məktəbdə oxuyan zaman paralel olaraq Yevlax Şəhər Musiqi Məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alıb. 1996- cı ildə 9-cu sinfi bitirdikdən sonra Şuşa Musiqi Texnikumunun fortepiano şöbəsinə qəbul olunub. Texnikumda musiqi təhsili almaqla yanaşı, həm də orta təhsilini tamamlayıb. 2000-ci ildə texnikumu bitirdikdən sonra Bakı şəhər Süleyman Ələsgərov adına 1saylı uşaq incəsənət məktəbində öz ixtisasına uyğun olaraq pianino müəlliməsi kimi əmək fəaliyyətinə başlayıb. 20 ildən artıqdır ki, bu sahədə çalışır.
- Sevda müəllimə, necə oldu ki, bu sənəti seçdiniz?
- Mən humanitar sahədə fəaliyyət göstərən ailədə böyümüşəm. Necə deyərlər, gözümü açandan müəllimlik sənətinin necə hörmətli, müqəddəs bir peşə olduğunu görmüşəm. Uşaqlıqdan musiqinin vurğunu olduğumu desəm, səmimiyyətimə inanın. Körpə vaxtı çox ağlağan olmuşam. Anam deyir ki, səni yalnız musiqi ilə ovundura bilirdik. Musiqi məktəbinə ayaq basdığım ilk gündən, xüsusilə barmaqlarım pianinonun ecazkar dillərinə toxunan andan isə bu həvəs qarşısıalınmaz prosesə çevrildi.
Müsahibimiz sualımızla bağlı xatırladığı bir epizodu da bizimlə bölüşməyi unutmadı:
-8 yaşımda olarkən, daha doğrusu, 1989-cu ilin yayında ailəlikcə Rusiyanın Yessentuki kurort şəhərində istirahət edərkən yaddaşıma həkk olunan bir epizod bu qənaətimi daha da möhkəmləndirdi. Həmin gün valideynlərim məni və məndən 1 yaş böyük qardaşımı özləri ilə Yessuntikidəki Fyodor Şalyapin adına Teatr-Konsert Kompleksinə konsertə aparmışdılar. Konsertin başlamasına xeyli qalmışdı və tamaşaçılar kompleksin geniş foyesində dəstə-dəstə dayanıb söhbət edirdilər. Birdən diqqətimi foyenin ortasındakı pianino cəlb etdi. Dərhal qardaşımla ora qaçdıq. Pianinonun qapağını qaldırıb Ukrayna xalq mahnısını çalmağa başladıq. İfanı bitirib başımızı qaldıranda ətrafimızdakı müxtəlif millətlərə mənsub insanların bizi alqışladıqlarını gördük. Uşaq olsam da başa düşdüm ki, əsl musiqiçinin dili olmur və musiqinin açdığı qapını heç bir qüvvə bağlaya bilməz.
Bu işdə bəzi özəl televiziya kanallarının vasitəçi olmasını qətiyyən təqdir etmirəm
- Musiqi qəlb oxşayan səslər xəzinəsidir. Sizcə, bu xəzinədən yetərincə qədər istifadə edə bilirikmi?
- Artıq 20 ildir ki, bu sahədə çalısan, gələcəyimiz olan uşaqlara bu sirli, sehrli dünyanın incəliklərini öyrətməyə səy göstərən müəllimə kimi yuxarıdakı fikirlərinə onu da əlavə etmək istəyirəm ki, musiqi dili dialoq dilidir, insanları ülviyyətə, humanizmə, barışa, ünsiyyətə səsləyən universal bir dildir. Bu gün Azərbaycanda əvəzsiz mənəvi sərvətimiz olan musiqimizin, o cümlədən zəngin klassik musiqi nümunələrimizin, xüsusilə əsrlərin dərinliklərindən süzülüb gələn muğam sənətimizin təbliği sahəsində misilsiz işlər görülür. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramli səfiri Mehriban xanım Əliyevanın xidmətləri ölçüyəgəlməzdir. Məhz Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Azərbaycan klassik musiqisi, xüsusilə ölməz muğam sənətimiz UNESCO-nun dünya maddi və mədəni irs siyahısına daxil edilib. Bu tükənməz mənəvi sərvətimizdən yetərincə yararlana bilib-bilməməyimizə gəlincə, hesab edirəm ki, öyünməli nümunələrimiz çox olsa da, bu xəzinədən yetərincə yararlana bilmirik. Xüsusilə bir pedaqoq kimi bugünkü gənclərimiz arasında heç bir məna kəsb etməyən, milli-mənəvi dəyərlərimizə bağlılığı olmayan, bayağı, zövqümüzü korlayan, necə deyərlər, şit musiqi nümunələrinə marağın artması məni çox narahat edir. Bu işdə bəzi özəl televiziya kanallarının da “iştirakını”, başqa sözlə desək vasitəçi olmasını qətiyyən təqdir etmirəm.
- Şagirdləriniz arasında gələcəyinə böyük ümid bəslədiyiniz uşaqlar varmı?
- Bəli, kifayət qədər var. Onlardan Dəniz Məmmədlinin və Rəmzi Əhmədzadənin adlarını xüsusi qeyd etmək istəyirəm. Adına uyğun olaraq istedadı dəniz kimi çağlayan, dalğa kimi şahə qalxan, son dərəcə məsuliyyətli qız olan Dəniz Məmmədli ötən ilin fevral ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 10-11 yaş qrupunda respublika üzrə 60 nəfər uşaq arasında "Ümid- 2020" Beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində 3-cü nəticə göstərib. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, bu ilin yanvar ayında "Ümid-2021" Beynəlxalq müsabiqəsinə mənim fortepiano sinfimdən 2 sagird -haqqinda yuxarıda bəhs etdiyim Dəniz Məmmədli və Rəmzi Əhmədzadə qatıldılar. Sevindirici haldır ki, hər iki yetirməm 3 ifada ən yüksək nəticə göstərərək 1-ci yerə layiq görüldülər. Beynəlxalq müsabiqədə Rəmzi Əhmədzadəyə birincilik qazandıran dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın məşhur "Türk marşı"(Türk axını) əsərinin üzərində xüsusi dayanmaq istəyirəm.
- Bunun 44 günlük Vətən müharibəsi ilə bağlılığı var, yoxsa…?
- Bəli, var. Biz ötən ilin sentyabr ayının sonunda Vətən müharibəsinin ilk günlərindən çox böyük həvəslə Motsartın "Türk marşı"əsəri ilə işləməyə başladıq. Müharibənin ilk günləri olmasına baxmayaraq savaşın böyük Zəfərimizlə bitəcəyinə inandığımıza görə müsabiqəyə türkün yenilməz döyüş ruhundan bəhs edən bu məşhur əsərlə qatılmaqla ümid edirdik ki, qaliblər cərgəsində olacağıq. İlk gündən bütün qüvvə və bacarığımızı sərf etdik ki, bu məşhur əsərlə müsabiqənin qalibi adını qazanaq və bu, bizim Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbəsinə töhfəmiz olsun. Allaha çox şükürlər olsun ki, arzumuza çatdıq. Həm Azərbaycan 30 il erməni işğalı altında olan Qarabağı azad etdi, həm də bu ilin yanvar ayında Rəmzi və Dəniz möhtəşəm ifaları ilə Beynəlxalq müsabiqədə 11-12 yaşlı ifaçilar arasında qalib oldular. Onu da xüsusi vurğulamaq istəyirəm ki, müsabiqədə "Türk marşı"nı ifa edən Rəmzinin geyiminin üstündə - sağ qolunda Türkiyə, sol qolunda isə Azərbaycan bayraqlarını həkk etdirmişdik. Bununla bir daha bütün dünyaya bu mesajı ünvanlayırdıq ki, türkün hərbi,siyasi və mənəvi ruhu yenilməzdir, heç bir qüvvə Azərbaycan- Türkiyə birliyinə, həmrəyliyinə, qardaşlığına kölgə sala bilməz.
Həmsöhbətimiz müsahibəmizin bu məqamında təşəkkürlərini də çatdırdı:
-Yeri gəlmişkən,mənə yaratdığınız bu imkandan istifadə edərək "İki sahil" qəzeti vasitəsi ilə müsabiqədə iştirakımıza hərtərəfli şərait yaradan,ilk gündən bizi qələbəyə ruhlandıran, diqqətini,qayğısını əsirgəməyən məktəbimizin direktoru Vaqif Abbasova minnətdarlığımı çatdırmaq istəyirəm. Onu da xüsusi qeyd etmək istəyirəm ki, Vaqif müəllim son dərəcə tələbkar,eyni zamanda, qayğıkeş, bütün müəllim və şagird kollektivinə həssas münasibət bəsləyən rəhbərdir.
- Şagirdlərinizə nələri tövsiyə edirsiniz?
- Belə bir deyim var: “Musiqi ruhun qidasıdır.” İnsanın bioloji mövcudluğu üçün qida məhsulları nə qədər önəmlidirsə, ruhun yaşaması üçün də musiqi bir o qədər vacibdir. Bu baxımdan, musiqi təhsili almaq, hər hansı musiqi alətində yaxşı ifa etmək o demək deyil ki, sən gələcəkdə hökmən musiqiçi olacaqsan. Əvvəlki suallarınızdan birinə cavabımda beynəlxalq müsabiqənin qalibləri Dəniz və Rəmzinin fitri istedadlarından bəhs etdim. Ola bilər ki, gələcəkdə onların heç biri bu sənəti seçməsin. Amma onların hər ikisi çox gözəl musiqi duyumları ilə həm özlərinin mənəvi qidasını təmin edir, həm də cəmiyyətə xoş ovqat bəxş edirlər. Ona görə də şagirdlərimə həmişə tövsiyə edirəm ki, başladığınız hər bir işi uğurla başa çatdırmağa çalışın. Heç vaxt məsuliyyət hissinizi unutmayın. Hansı peşəni seçsəniz, o sahənin kamil bilicisi olun. Bununla yanaşı, daim onlara bu həqiqəti xatırladıram ki, klassik və müasir dünya, eyni zamanda, Azərbaycan bəstəkarlarının yaradıcılıqlarına, xüsusilə klassik musiqi əsərlərinə yaxından bələd olmadan uğur qazanmaq mümkün deyil.
Yaqut Ağaşahqızı, "İki sahil"
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?