15 mart 2021 17:55
2112

Murad Bazarov: Qarabağda bayrağımızı qaldıran əsgərlərlə fəxr edirəm - FOTO/VİDEO

Olimpiya çempionu Vətən müharibəsindən danışdı

Qarabağın azad olunması ilə başa çatan Vətən müharibəsində şanlı ordumuzun qəhrəman əsgərləri adlarını qələbə tarixinə əbədi olaraq həkk etdilər. Sözsüz ki, hər bir Azərbaycan övladı belə bir tarixi hadisədə iştirak etmək, qələbəyə töfhə vermək istəyər. Lakin məlum səbəblərə görə hər kəsin müharibədə iştirakı mümkün deyil. Milli birlik və həmrəyliyimizin nümayiş olunduğu bu müharibədə bir çoxları iştirak edə biməsə də, arxa cəbhədə qələbəmiz üçün əlindən gələni etdi. Kimi əsgərlərə maddi və digər təchizat təminatı apardı, kimilər də mənəvi-psixoloji dəstək verdi.

Belə şəxslərdən biri də milliyyətcə avar olan Balakən rayonunun Meşəşambul kənd sakini, yunan-Roma güləş növü üzrə Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, Avropa və dünya çempionu Bazarov Murad Həmzət oğludur.

“İki sahil”ə müsahibəsində üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırması ilə qürur duyduğunu bildirən M. Bazarov Qarabağda  bayrağımızı qaldıran əsgərlərlə də fəxr etdiyini bildirdi: “Mən fəxr edirəm ki, bu müharibədə avar gəncləri çox fəal iştirak etdilər. Xeyli sayda şəhid və yaralımız oldu. Müharibədə həlak olan hər bir şəhidə Allahdan rəhmət, valideynlərinə səbir diləyirəm, onlar hər zaman bizlərin qəlbində yaşayacaqlar. Yaralılara da şəfa diləyirəm, arzu edirəm ki, nşallah tezliklə əvvəlki sağlamlıqlarına qovuşsunlar. Təbii ki, bu müharibə zamanı bizdə ən böyük ruh yüksəkliyi yaradan Ali Baş Komandanımız cənab İlham Əliyevin çıxışları, səsləndirdiyi fikirlər idi. Biz avar gəncləri və digər etnik xalqlar hamımız bir bayrağın altında birləşərək cənab Prezidentimizin də dediyi kimi, dəmir yumruq olduq və düşmənə sarsıdıcı zərbələr endirdik”.

Taleh Bağırov, “İki sahil”