13 mart 2021 09:09
1382

Azərbaycan və Türkmənistan musiqiçiləri konsert verib

2021-ci il 12 mart tarixində Maya Quliyeva adına Türkmənistan Milli Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyilə Türkmənistan Respublikasının Müstəqilliyinin 30 illiyi və Türkmənistanın 2021-ci ili "Beynəlxalq sülh və etimad ili" elan etməsi münasibətilə Bakı Musiqi Akademiyası, Türkmənistan Milli Konservatoriyası ilə online canlı bağlantı və konsert keçirilib.

“İki sahil” xəbər verir ki, konserti Türkmənistan Milli Konservatoriyasının rektoru, Sənətşünaslıq namizədi Rasul Xanqeldiyeviç Amanqeldiyev, sonra SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açıq elan ediblər. Hər iki rektor öz növbəsində iki qardaş ölkənin, xalqın daim həmrəy olduğunu, bir-birini dəstəkləməsini, mədəniyyətimizin və incəsənətimizin yaxınlığını vurğulayıblar. Həmçinin konserti təqdir edərək belə konsertlərin tez-tez, mütəmadi təşkil edilməsini təklif ediblər.

Sonra  konsertin təşkilatçılığı üçün Türkmənistanın Azərbaycandakı Səfirliyinə təşəkkürlərini bildiriblər.

Ardınca söz musiqiyə verilib. Türkmənistan Milli Konservatoriyasının tələbələri Qara Qarayev "Yeddi gözəl" baletindən "Adajio", Nurı Xalmemmedov "Dütarın səsi", Çarı Nurımov "Ekspromt-fantaziya", Nurı Xalmemmedov Simli kvartetin ll hissəsi, Nurı Xalmmedov "Gözəl Şirqazi", Danqatar Ovezov, Adrian Şapoşnikov "Şaxsənəm və Qərib" operasından Şaxsənəmin ariyası əsərlərini ifa ediblər.

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri öz ifalarını təqdim ediblər.

İfaçılar Nurı Xalmemmedov "Ballada"(İfa edir: ll kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Mədinə Ağayeva),  Fikrət Əmirov "Mənim Azərbaycanım" (ifa edir: lV kurs tələbəsi Nigar Əsgərova, müşayiət edir: l kurs magistr tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Rəhimə Qurbanova"), Tofiq Quliyev "Ləzginka" (ifa edir: ll kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatları Ofeliya Dadaşova və Məryəm Məmmədova), Tofiq Quliyev "Sənə də qalmaz" (ifa edir: lV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə, müşayiət edir: Nərmin Rzayeva), Üzeyir Hacıbəyli "Arazbarı" (ifa edir: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının simli alətlər kvarteti).

Konsert iştirakçıların gurultulu alqışları ilə sona çatıb.