Vətən müharibəsində şücaətlə döyüşərək yaralanan qazilərimizdən biri də Şahin Şəmsəddin oğlu Səfərovdur. 1989-cu ildə Zaqatala rayonunun Gözbarax kəndində dünyaya göz açan qazi “İki sahil”ə müsahibəsində qeyd edib ki, evin tək oğlu və ailəli olduğu üçün valideynləri onun müharibəyə könüllü getməyini istəməyiblər: “Valideyinlərim deyirdilər ki, çağırış olsa gedərsən, ailəlisən iki övladın var, könüllü getmə. Hətta hərbi biletimi və şəxsiyyət vəsiqəmi gizlətmişdilər. Amma mən getməkdə qərarlı idim. Valideynlərimlə danışıb bildirdim ki, onsuz da kənddə işləyirəm. Evimiz Zaqatala-Balakən avtomobil yolunun yaxınlığındadır, yəni yol kənarında oluram, maşınlar sürətlə şütüyür bu yolda. Əgər qismətimdə ölüm varsa burda da olacaq, orda da. Daha yaxşı olar ki, torpaqlarımızın azadlığı, Vətənin müdafiəsi yolunda şəhid olum. Nəhayət ki, razılaşdılar, xeyir-dua verdilər. Yoldaşım və uşaqlarımla da danışıb halallıq aldım. Evin razılığını almaq vacib idi, əgər başıma bir hadisə gəlsə deməsinlər ki, razılıq verməmişdik”.
Taleh Bağırov, “İki sahil”