22 fevral 2021 18:44
989

Cənubi Qafqazın təhlükəsizliyinin real təminatçısı VİDEO

Ədalət Verdiyev: Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazın təhlükəsizliyinin real təminatçısına çevrilə bilər

«Türkiyədə son illərdə yaradılan müasir müdafiə sənayesi, o cümlədən yerli və milli pilotlu/pilotsuz aviasiyanın, zirehli vasitələrin, radioelektron avadanlıqların, minatəmizləmə qurğularının, «ağıllı» sursatların, raketlərin və s. istehsal edilməsi Azərbaycanın da bu sahədə yeni nailiyyətlər əldə etməsinə geniş imkanlar yaradacaq. Azərbaycan zirehli və zirehsiz vasitələri, silah sistemləri və avadanlıqları birgə yaradılan müəssisələr tərəfindən modernləşdirilməsi də mümkün olacaq. Dünyanın 5 ölkəsində mövcud olan stels texnologiyanın Azərbaycana transferi rəsmi Bakıya ciddi dividendlər qazandırmaqla onu silah bazarının aktiv oyuncularından birinə çevirə bilər.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ə.Verdiyev qeyd edib ki, iki ölkə arasında 1992-ci ildə imzalanan «Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında» müqavilə ilə bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlı hərbçi təhsil alıb: «Hazırda azərbaycanlı hərbçilərin bir qrupu qardaş ölkənin təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində fərqlənən bir çox zabitlərinin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin məhz Türkiyənin Hərbi Akademiyasının məzunu olması da diqqətəlayiq faktdır. 2005-ci ildən sonra Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı daha üstün bir səviyyəyə yüksəlib. Müstəqil ekspertlərin mütləq əksəriyyəti  Azərbaycan-Türkiyə hərbi əlaqələrinin perspektivlərini daim yüksək dəyərləndirib. Hər iki ölkənin kosmik sahədə əməkdaşlığa dair razılaşma əldə etməsi, Türkiyənin yüksək dəqiqlikli, 250 km-dən çox atəş məsafəsinə malik və son nəsil F-35 qırıcıları üçün hazırladığı SOM qanadlı raketlərinin Azərbaycana çatdırmasına dair müqavilə imzalaması, hər iki ölkənin müdafiə sənayesi sahəsində gələcək əməkdaşlığının intensiv templərdə həyata keçirməkdə qərarlı olduğunu nümayiş etdirir. Hesab edirəm ki, real bir güc mərkəzinə çevrilən Türkiyə-Azərbaycan əməkdaşlığı getdikcə regionun təhlükəsizliyi və inkişafı baxımından daha da böyük əhəmiyyət kəsb edəcək. Region dövlətlərinin də bu əməkdaşlığa səmimi və mehriban qonşuluq prizmasından pozitiv yanaşması Azərbaycan-Türkiyə birliyinin Cənubi Qafqazın həm təhlükəsizliyinin, həm də regionun parlaq gələcəyinin real təminatçısına çevirə bilər.»

Ə.Verdiyev vurğulayıb ki, Azərbaycanın Türkiyədən əldə etdiyi SOM qanadlı raketi (Səthə Atılan Orta Mənzilli Sursat) Türkiyənin Müdafiə Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən layihələndirilib. Raketin istehsalı və xarici dövlətlərə satışı məsələləri ROKETSAN şirkətinə həvalə olunub. Uzunmənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən raket həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Quru, dəniz və hava platformalarından buraxıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raketdir. 2018-ci ildən etibarən Türkiyəyə təhvil verilməli olan 116 ədəd F-35 döyüş təyyarələrinin daxili sursat bloku 4 ədəd SOM-J qanadlı raketləri ilə təchiz olunmalı idi, lakin proses hələ də ABŞ tərəfinin etirazları səbəbindən həyata keçirilmədi. Azərbaycanın da məhz raketin SOM-J versiyasını əldə etdiyi və onları hücum aviasiya vasitələrinə inteqrasiya edəcəyi ehtimal olunur.

Şəmsiyyə Əliqızı, «İki sahil»