30 ilə yaxın işğal dövründə Ermənistanın torpaqlarımızda talançılıqla məşğul olması, mədəniyyət abidələrimizə qarşı törətdiyi vandalizm barədə Azərbaycan dəfələrlə UNESCO-ya müraciətlər ünvanlayıb. Çox təəssüflər olsun ki, bu müraciətlər cavabsız qalıb. Görəsən mədəniyyət sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan UNESCO fevralın 20-də İrəvanda ermənilərin Qarabağdan oğurladıqları xalçaların sərgisi ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatına necə münasibət bildirəcək? Axı, 2010-cı ildə Azərbaycan xalçası UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs kimi tanınmışdır.
Bəyanatda qeyd olunub ki, tarixən ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olub, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan məlumatları dünyaya yaymağa cəhd ediblər: "XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yeri tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır.”
Şuşa şəhəri erməni faşistləri tərəfindən işğal edilən zaman xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələrimizlə yanaşı, xalçalarımız da Ermənistana, oradan da xarici ölkələrə, hərraclara daşındı. Ermənilər Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri XIX əsrin ikinci yarısına – XX əsrin ortalarına aid çoxlu sayda xalça və xalça məmulatlarını baha qiymətlə hərraca çıxarırdılar. Məsələn, ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası Los-Ancelesdə yaşayan Elşad Tahirov adlı həmvətənimiz hərracların birindən alaraq Bakıya göndərmişdi. Virtual hərracda "Antik Ermənistan - Qarabağ xalçası” adı ilə satışa çıxarılan xalçanın üzərində kiril əlifbası ilə Azərbaycan dilində "Anasından yadigar ad günü hədiyyəsi” sözləri yazılmışdı. Azərbaycan Dövlət Xalça Muzeyində "Sahibini gözləyən Qarabağ xalçası” adı altında nümayiş olunan xalça, mütəxəssislərin fikrincə, XX əsrin ortalarında Zəngilanda toxunmuşdu.
...Bütün dünyaya məlumdur ki, Qarabağ xalçaları Azərbaycan xalqının təfəkkürünün məhsuludur. Başqa xalqın sənət nümunəsini özününküləşdirməyin isə bir adı var – oğurluq. Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda sərgisi keçiriləcək və güya muzeyin qurucusu Vardan Astsatryanın şəxsi kolleksiyasına aid olan xalçalar ötən ilin noyabrın 1-də Şuşa Xalça Muzeyindən çıxarılıb. Təqdim olunan nümunələrin ən qədimi 350 yaşındadır. Şübhəsiz ki, “Arsax” adı ilə nümayiş olunacaq xalçaların hamısı Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələridir.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev “İki sahil” qəzetinə bu barədə açıqlamasında bildirdi ki, əslində Qarabağ xalçaçılığının tarixi Şuşa şəhərinin tarixi ilə müqayisədə çox qədimdir: “Ermənilər Şuşa Xalça Muzeyi eksponatlarının sərgisini keçirəcəklərini bəyan etməklə hamını aldadırlar. Onlar Qarabağdan yağmalanmış xalçalar ola bilərlər, amma muzeyin eksponatları deyil. Məsələ burasındadır ki, Şuşa Xalça Muzeyinin eksponatları şəhərin işğalından əvvəl muzeydəki bir qadının təşəbbüsü ilə Bakıya gətirilib. Yadımdadır ki, bu hərəkətinə görə o qadını çox tənbeh eləmişdilr, sonra isə başına and içirdilər. Hazırda Şuşa muzeyi Bakıdakı Xalça Muzeyinin nəzdində fəaliyyət göstərir. Direktoru da Əlisəfa Nuriyevdir.”
Onu da qeyd edək ki, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışan Ziyadxan Əliyev 40 ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığını ardıcıl araşdırmaları ilə yerli və xarici ölkələrin mətbuatında təbliğ edir.
Xalçaçı - rəssam Aydın Rəcəbovun fikrincə, xalçaçılıq sənətində müxtəlif rəmzlər - buta, budaq, gül, damğalar və sair hamısı dil açıb danışır. Azərbaycan xalçasının dünyada analoqu yoxdur: “Buna kifayət qədər sübutlarımız var. Ermənilər nə qədər çığır-bağır salsalar da, yalandan dünyanın müxtəlif ölkələrində xalça sərgiləri təşkil etsələr də iddialarının heç bir əsası yoxdur. Erməninin xalçaçılıq sənəti yoxdur, bu, əslində ruh məsələsidir, zorla nə isə qondarmaq olmaz. Dünya da bunu gözəl bilir, amma boynuna almır... Erməninin Lətif Kərimov kimi xalçaçı rəssamı yoxdur. Xalçaçılıq başdan-ayağa fəlsəfədir: erməni xalçaçılıqda bircə ornament göstərsin ki, bu, məhz onundur. Xalça kodlaşdırılmış sistemdir. Azərbaycan - Türk xalçaçılığındakı koloritlərin hamısı özümüzünküdür. Xalçaçılıqda elmi araşdırmaların dərinliyinə getdikcə adam böyük sirlərlə üz-üzə qalır...”
Bəli, sənətşünasların, görkəmli xalçaçı - rəssamların dediklərindən bu qənaətə gəlmək olar ki, xalçaçılıq Azərbaycan xalqının qırılmaz ənənəyə çevrilmiş qədim sənət sahəsi, xalça toxumaq isə onun genetik bacarığıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir."
Nurəddin Muğanlı, “İki sahil”
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?