Onlar 44 günlük Vətən müharibəsində ən öndə gedərək düşmən mövqelərinə sızıblar. Əldə etdikləri məlumatlarla isə Ermənistan silahlı birləşmələrinə sarsıdıcı, dağıdıcı zərbələr vurublar. Düşmən onları gördükdə “Yaşma, Yaşma” deyərək qaçmağa üz tutub. Bugünkü müsahibimiz erməniləri qorxuya salan həmin “Yaşma” birliyinin hərbçisi, Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu Əfqan Musa oğlu Zaxmayevdir.
Əfqan Zaxmayev 1992-ci ildə Balakən rayonunun Poçtbinə kəndində anadan olub. 2012-ci ildə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətini başa vurduqdan sonra həmin il Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində müqavilə əsasında xidmətə başlayıb. 2019-cu ildə Türkiyədə yüksək rütbəli şəxslərin yaxın qorunması, antiterror əməliyyatının qarşısının alınması kimi kurslarda iştirak edib. 2020-ci ildə isə Müdafiə Nazirliyinin Yaşma qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmətə başlayıb.
“İki sahil”ə müsahibə verən Ə. Zaxmayev bildirdi ki, müharibənin ilk günündən döyüşlərə qatılmışam: “2020-ci ilin avqust ayında bizi Müdafiə Nazirliyinin tabeliyindəki xüsusi təyinatlıların tərkibinə verdilər. Həmin tərkibdə İsmayıllı rayonunda müəyyən döyüş tapşırıqları üzrə intensiv təlimlərə başladıq. Təlimləri başa vurduqdan sonra sentyabrın 24-də toplaşma bölgəsinə getdik, 27-dən isə döyüşlərə başladıq. İlk tapşırığımız Kəlbəcərdə Murovdağ silsiləsindəki “Canavar sağ” və “Canavar sol” postlarını nəzarətə götürmək idi. Bu iki postu aldıqdan sonra növbəti hədəf Ömər yüksəkliyi idi. Düşmən bizi Murov yüksəkliyindən gözləyirdi, buna görə də yuxarı komandanlıq aldadıcı təxliyə edərək qüvvələri Füzuli istiqamətinə yönləndirdi. Hazırlanmış plana əsasən hərəkət edərək Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı və Zəngilanı düşmən işğalından azad edərək Xankəndinin Çanaqçı kəndinə kimi getdik.
Paşinyanın alınmaz adlandırdığı Hadrut necə azad edildi?
Hadrut dörd bir yandan dağlarla əhatə olunan ərazidə yerləşirdi, bütün yüksəkliklərdə də postlar var idi. Yəqin buna görə idi ki, Nikol Paşinyan Hadrutu alınmaz qala adlandırırdı. Lakin xüsusi təyinatlılar və digər ordu birlikləri Hadrutu bir günə işğaldan azad etdi. Bizim əsas fəaliyyətimiz müəyyən vaxtlarda düşmən bölmələri olan ərazilərə sızma hərəkəti edərək informasiya əldə etmək idi. Hardutda da belə oldu, əvvəlcə sızma hərəkəti edərək müəyyən məlumatları, strateji obyektlərin koordinatlarını ələ keçirərək artilleriya və dronlarla vurdurduq. Sonra dövrələmə üsulu ilə ətraf yüksəkliklərdəki postları ələ keçirdik, qəsəbəyə gələn təchizat və qüvvələrin qarşısını kəsdik. Bundan sonra müdafiəsiz qalan Hadrutu azad etdik. Erməni əsgərlərinin çoxu, ümumiyyətlə, döyüş meydanından qaçmağa meyilli idi. Biz Hadruta yaxınlaşdıqca onlar da qaçırdılar, qaçmayanlar isə tərəfimizdən məhv edilirdi.
Bütün gecə piyada gedərək səhərə yaxın kəndə çatdıq
Hadrutdan sonra Tuğ qəsəbəsini də azad edərək Xankəndinə doğru getməyə başladıq. Növbəti tapşırıq Xankəndinin Çanaqçı kəndinin yüksəkliyində yerləşən postu azad etmək idi. Bütün gecə piyada gedərək səhərə yaxın kəndə çatdıq. Növbəti günə başqa tapşırıq olduğundan vaxt itirmədən elə həmin gün Çanaqçıdakı postları ələ keçirdik.
Onlara doğru getməyə başladıq, hardasa 50 metr məsafə qalmışdı ki...
Növbəti tapşırıq üçün axşama doğru komandirimiz bizi mövqelərə böldü. Təyin olunan mövqelərimizə gedərkən qarşı tərəfdən bizim formada bir qrupun gəldiyini gördük. Təlimata əsasən məxfi parolu soruşduq, Azərbaycan dilində qarşılıq verdilər, parol doğru idi. Onlara doğru getməyə başladıq, hardasa 50 metr məsafə qalmışdı ki, erməni dilində danışdıqlarını eşitdik, elə bu zaman atışma başladı. Sən demə içimizə sızmaq üçün bizim formanı geyinibmişlər, dilimizidə bilirdilər. Olduğumuz mövqelərdə atışmağa başladıq. Qrup komandirim Əmrə Hüseynli yerindəcə şəhid oldu. Mərmi baş nahiyyəsinə tuş gəlmişdi. Allah rəhmət eləsin, valideynlərinə səbir versin. Çox savadlı, bacarıqlı xüsusi təyinatlı idi. Belə xüsusi təyinatlıları yetişdirmək asan başa gəlmir, bunun üçün illər lazımdır. Amma digər yoldaşlarımız düşmənin bütün qüvvələrini məhv etdi.
İki gün yaralı halda səngərdə qaldım
O döyüşdə mən sol qolumdan və sol ayağımdan iki güllə yarası aldım. Yaralanan zaman hiss etməmişdim, əvvəl elə bildim daş dəyib. Sonra yerimi dəyişən zaman qolumu və ayağımı hərəkət etdirə bilmədim, o an bildim ki, yaralanmışam. Sol cinahımızda olan baş leytenant Orxan Mirzəyev məni sürüyərək olduqları səngərə saldı. Qolum sınmışdı, digər yoldaşlarla birlikdə şina qoydular, jqutla bağlayaraq qanaxmanın qarşısını aldılar. Xüsusi ağrıkəsici vurdular, iki gün yaralı halda o səngərdə qaldım. Sonra Füzulidə yerləşən hospitala gətirilərək əməliyyat olundum. Daha sonra Daxili Qoşunların xəstəxanasına təxliyə edildim. Hazırda sağalmışam, şükürlər olsun ki, hər şey qaydasındadır, inşallah yenidən xidmətimə davam edəcəm.
Elə olurdu ki, iki-üç gün suyumuz olmurdu, amma heç su yadımıza da düşmürdü
Müharibədə açlığa, susuzluğa dözmək olur. Biz bununla bağlı çoxlu sayda təlimlər keçmişik, aclığa dözümümüz var idi. Onsuz da bizim sursatımız 40-50 koloqramdan artıq idi. Əsasən də piyada hərəkət etdiyimiz üçün artıq çəki götürə bilmirdik. Çünki artıq çəki çevikliyə maneə yaradır. Özümüzlə qida olaraq yalnız şokolad götürürdük. Sızma hərəkətləri icra edərkən 3-5 gün şokoladla qidalanırdıq. Elə bil Allah tərəfindən bizə güc, qüvvət verilmişdi. Elə olurdu ki, iki-üç gün suyumuz olmurdu, amma heç su yadımıza da düşmürdü. Susuzluğumuzu yalnız su tapanda bilirdik.
Artıq içimdə ermənilərə qarşı zərrə qədər də mərhəmət hissi qalmamışdı
Mənim Zaqatala rayonundan olan mayor Şaxmir Qaflanov adında komandirim var idi. Çox savadlı, bilikli və güclü döyüşcü idi. “Rembo” ləqəbi ilə tanınırdı. Yardımlıdan da Tərlan adında çox yaxın dostum var idi. İkisi də şəhid oldu, Allah yerlərini cənnət etsin. Onların şəhid olmasından sonra artıq içimdə ermənilərə qarşı zərrə qədər də mərhəmət hissi qalmamışdı. Ermənilər bizimlə əsgər formasında üz-üzə gəlməkdən çəkinirdilər. Bilirdilər ki, Azərbaycan əsgəri mülkü əhaliyə atəş açmır, ona görə də mülki geyim geyinirdilər. Belə hallarla dəfələrlə qarşılşmışıq. Mülki geyimdə olsalar da əlləri silahlı idi. Onların üst başını yoxlayandan sonra məlum olurdu ki, əsgərdirlər. Əgər əli silahlıdırsa deməli ona mərhəmət etmək olmazdı. Ermənilər mərhəmət istəyirdilərsə cənab Ali Baş Komandanımız əvvəllər onlara Qarabağdan çıxmağı təklif edəndə bunu edəydilər.
Bizim qrupda Oruc Bağırov adlı snayper var idi. Çox sərrast atışlar edirdi. Bir dəfə düşmənin silah anbarını ard-arda snayperlə vurmağa başladı, o qədər atdı ki, sonunda anbar alışaraq partladı, silah-sursatla birlikdə çoxlu sayda canlı qüvvə də məhv oldu. Yəni artilleriya olmadan güllə ilə iri bir anbar zərərsizləşdirildi.
Mən cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm ki, bizlər üçün belə bir şərait yaratdı, Azərbaycan Ordusu düşmənə yerini göstərdi və torpaqlarımız işğaldan azad edildi. Bu gün hər bir azərbaycanlı üzüağ, alnı açıqdır. Biz həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımızın qisasını artıqlaması ilə aldıq. Dünya Azərbaycan əsgərinin nəyə qadir olduğunu gördü”.
Bir ailədən iki qardaş
Qeyd edək ki, Əfqan Zaxmayevin kiçik qardaşı Rəhman Zaxmayev də Vətən müharibəsində iştirak edib. Müharibəyə çağırış əsasında gedən Rəhman Füzuli, Çəbrayıl, Hadrut və Zəngilan istiqamətində gedən döyüşlərdə olub: “Müharibəyə sevinə-sevinə getdim. Azərbaycanın hər bir qarışı, hər bir ərazisi bizim üçün əzizdir. Qarabağ 30 il idi ki, düşmən işğalında idi. Fəxr edirəm ki, torpaqlarımız geri alındı və biz də iki qardaş olaraq bu xidmətdə pay sahibi olduq”.
Taleh Bağırov, “İki sahil”