16 fevral 2021 18:31
1401

Qazi: Tabutu sındırıb dedim ki, hələ sağam... - FOTO/VİDEO

44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimizin böyük bir hissəsi minaya düşərək həlak olub, bir çoxu da ağır yaralar alıb. Balakən rayonunun Şambul kəndindən olan kəşfiyyatçı snayper Pərviz Urkayev də mina zərbəsi nəticəsində sol ayağını itirən qazilərimizdən biridir.

Pərviz Urkayev “İki sahil”ə müsahibəsində bildirdi ki, minaya düşdükdən sonra onu şəhid bilərək tabuta qoyub morqa göndəriblər: “Suqovuşanı azad etdikdən sonra Ağdərə istiqamətində getməyə başladıq, 30 nəfərlik heyət idik. Sıra ilə gedərkən “sürpriz” minaya düşdük, dörd mina eyni anda partladı. O zaman mən də özümdə olmamışam, hər şeyi yuxu kimi xatırlayıram. Bir onu bildim ki, məni şəhid bilib tabuta qoydular, üzərimi də bağladılar. Bir müddət keçəndən sonra özümdə güc tapıb tabutu sındırdım, bildirdim ki, mən hələ sağam. Amma çox pis idim yenidən özümdən getdim və məni yenidən tabuta qoydular. Daha heç nə xatırlamıram. Bir də xəstəxanada ayıldım. Özümə gələndə ayağımın topuqdan aşağı hissəsi yox idi, əvvəl elə bildim kəsiblər, sonra məlum oldu ki, minaya düşərkən ayağım elə yerindəcə qopub. Şəhid olmadığımı da morqda həkim meyitləri yoxlayan zaman bilib. Nəbzimin vurduğunu bildikdə reanimasiyaya aparıblar. O, həkimə həyatımı borcluyam”. 
Taleh Bağırov, “İki sahil”