12 fevral 2021 16:28
2742

Bir neçə şəhid ailəsi ziyarət olunub - FOTO/VİDEO

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov bir neçə şəhid ailəsini ziyarət edib. Onların qayğıları ilə maraqlanıblar.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq səlnaməsi yazan igidlərimizdən biri də şəhid Zaur Mədətovdur. Sentyabr ayının 27-də döyüşlərə qatılan Zaur, Füzuli, Cəbrayıl istiqamətlərində gedən əməliyyatlarda iştirak edib. Zaurun atası, Birliyin əməkdaşı Kamal Mədətov deyir ki, oğlu oktyabrın 8-i ağır döyüşlər zamanı ən ali və şərəfli zirvə olan şəhidlik zirvəsinə ucalıb. Zaur Mədətov “Vətən Uğrunda” “Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib.

1996-cı ildə Abşeron rayonunda anadan olan şəhid Rauf İbadov da Vətən müharibəsində qəhrəmanlığı ilə seçilib. Uşaqlıq illərindən vətənpərvər ruhda böyüyən Rauf sentyabrın 27-dən könüllü olaraq döyüşlərə qatılıb. Raufun atası, Birliyin əməkdaşı Məhərrəm İbadov deyir ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib. Oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Rauf İbadov “Vətən Uğrunda” “Füzuli və Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib.

Orxan Vahidoğlu, “İki sahil”