Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin baş çavuşu Əfqan Zaxmayev “İki sahil”ə müsahibəsində bildirib ki, Xankəndi istiqamətində gedən döyüşlər zamanı ayaq və qol nahiyəsindən yaralanaraq iki gün ağrıkəsicidən istifadə etməklə yaralı vəziyyətdə səngərdə qalıb. Ərazilər düşməndən azad edildikdən sonra isə təxliyə maşını gələrək onu xəstəxanaya aparıb: “Sol qolumdan və sol ayağımdan yaralandım. Yaralanan zaman hiss etməmişdim. Əvvəl elə bildim daş dəydi. İntensiv döyüş gedirdi, sonra yerimi dəyişən zaman qolumu və ayağımı hərəkət etdirə bilmədim. O zaman bildim ki, yaralanmışam. Sol cinahımızda olan baş leytenant Orxan Mirzəyev məni sürüyərək olduqları səngərə saldı, qolum sınmışdı. Digər yoldaşlarla birlikdə qoluma şina qoydular, juqutla bağlayaraq qanaxmanın qarşısını aldılar. Xüsusi ağrıkəsici vurdular və iki gün yaralı vəziyyətdə o səngərdə qaldım. Sonra Füzuliyə gətirilərək əməliyyat olundum, oradan da Daxili Qoşunların hospitalına təxliyə edildim. Hazırda sağalmışam, şükürlər olsun ki, hər şey qaydasındadır.
Taleh Bağırov, “İki sahil”